Moskva fonunda Bakı mesajı: Paşinyanın regional sülh strategiyası - ŞƏRH

Nikol Paşinyanın dekabrın 21-də Sankt-Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirakı Ermənistan-Rusiya münasibətlərinin hazırkı mərhələsində təkcə diplomatik yox, həm də dərin siyasi və geosiyasi məna daşıyan hadisə kimi qiymətləndirilə bilər. Bu səfər zahirən iqtisadi inteqrasiya platforması çərçivəsində baş tutsa da, əslində Paşinyanın Moskva ilə münasibətlərdə formalaşdırdığı yeni siyasi xəttin açıq təzahürüdür. Ermənistan rəhbərliyi bu addımla Rusiyaya münasibətləri tam qoparmaq niyyətində olmadığını nümayiş etdirir, lakin eyni zamanda uzun illər mövcud olmuş “strateji müttəfiqlik” anlayışının artıq keçmişdə qaldığını da dolayısı ilə təsdiqləyir. Paşinyan üçün bu səfər balansın qorunması deyil, balansın yenidən tərifi deməkdir və çalışılır ki, bu balans artıq Ermənistanın suveren maraqları üzərində qurulsun.
2020-ci il müharibəsindən sonra Ermənistan cəmiyyətində Rusiyaya münasibət kəskin şəkildə dəyişməyə başlayıb. Bu dəyişiklik 2023-cü ildə Qarabağ məsələsinin birdəfəlik həlli ilə daha da dərinləşib. Paşinyan hökuməti açıq şəkildə KTMT-ni fəaliyyətsizlikdə ittiham edib, Rusiyanın təhlükəsizlik zəmanətlərinin real böhran anında işləmədiyini vurğulayıb və bununla da Ermənistan cəmiyyətində illərlə formalaşdırılmış təhlükəsizlik miflərini dağıdıb. Paralel olaraq İrəvan Avropa İttifaqı, ABŞ və digər Qərb aktorları ilə siyasi dialoqu genişləndirib, müşahidə missiyalarına razılıq verib və təhlükəsizlik arxitekturasını diversifikasiya etməyə cəhd göstərib. Bu fon kontekstində Paşinyanın Sankt-Peterburqa səfəri Rusiyaya açıq mesajdır: Ermənistan Moskva ilə əlaqələri kəsmir, lakin bu əlaqələri artıq asılılıq müstəvisində yox, qarşılıqlı maraqlar və praqmatik hesablamalar çərçivəsində qurmaq istəyir.
Ali Avrasiya İqtisadi Şurasının iclasında Paşinyanın Azərbaycana təşəkkür etməsi isə bu səfərin siyasi məzmununu daha da dərinləşdirən və simvolik çəkiyə malik addım kimi diqqət çəkir. Bu təşəkkür ilk növbədə beynəlxalq ictimaiyyətə ünvanlanmış mesajdır. Paşinyan bununla Ermənistanın regionda yaranmış yeni reallıqları qəbul etdiyini, münaqişə ritorikasından uzaqlaşmağa çalışdığını və sülh gündəmini prioritet hesab etdiyini nümayiş etdirmək niyyətindədir. O, Ermənistanı keçmişin münaqişəçi obrazından çıxarıb regional əməkdaşlığa və kommunikasiyaların açılmasına maraqlı tərəf kimi təqdim etməyə çalışır. Bu yanaşma xüsusilə Qərb üçün mühüm əhəmiyyət daşıyır, çünki İrəvan özünü konstruktiv, rasional və proqnozlaşdırıla bilən tərəfdaş kimi mövqeləndirməyə cəhd edir.
Paşinyanın Azərbaycana təşəkkürü eyni zamanda Rusiyaya yönəlmiş çox incə, lakin kifayət qədər aydın siyasi mesajdır. Bu mesajın mahiyyəti ondan ibarətdir ki, Ermənistan regional problemlərin həllində artıq Moskvanın vasitəçiliyini yeganə mexanizm kimi qəbul etmir. Azərbaycanla birbaşa dialoqun mümkünlüyünü və müəyyən nəticələr verdiyini göstərməklə Paşinyan Rusiyanın Cənubi Qafqazdakı ənənəvi “vasitəçi və nəzarətçi” rolunun zəiflədiyini faktiki olaraq dilə gətirir. Bu, Kreml üçün açıq tənqid formasında olmasa da, siyasi baxımdan ciddi siqnaldır və regionda formalaşan yeni güc balansını əks etdirir.
Bununla yanaşı, Paşinyan bu addımı ilə Ermənistanın gələcək təhlükəsizliyinin və inkişafının yalnız bir mərkəzdən asılı ola bilməyəcəyini də vurğulamış olur. O, Rusiyaya göstərir ki, Ermənistan alternativ diplomatik kanallar qurmağa, regional aktorlarla birbaşa əlaqələri gücləndirməyə və öz manevr imkanlarını genişləndirməyə çalışır. Bu, eyni zamanda Paşinyanın daxili auditoriyaya ünvanladığı mesajdır: hökumət ölkəni əvvəlki kimi birtərəfli geosiyasi asılılıqda saxlamaq niyyətində deyil və daha müstəqil qərarvermə xətti formalaşdırır.
Ümumilikdə Paşinyanın Sankt-Peterburq səfəri və iclas zamanı səsləndirdiyi mesajlar Ermənistanın xarici siyasətində baş verən strateji transformasiyanı aydın şəkildə ortaya qoyur. Bu siyasət nə Rusiyadan tam imtina, nə də keçmişdəki kor-koranə müttəfiqlik modelinin davamıdır. Ermənistan Moskva ilə münasibətləri saxlayır, lakin bu münasibətləri əsasən iqtisadi və situativ əməkdaşlıq müstəvisinə keçirir, təhlükəsizlik və geosiyasi seçimlərdə isə daha çox müstəqillik və çeviklik əldə etməyə çalışır. Azərbaycana təşəkkür isə Paşinyanın regional sülhə yönəlmiş, praqmatik və yeni reallıqları qəbul edən siyasi kursunun simvolik ifadəsi olmaqla yanaşı, Rusiyaya Cənubi Qafqazda dəyişən oyun qaydaları barədə verilən açıq və düşünülmüş siyasi mesaj kimi dəyərləndirilə bilər.
Hikmət Həsənov