BDYPİ: Təhlillər piyada intizamsızlığının ağır nəticələrə səbəb olduğunu göstərir

Yola saldığımız həftə piyadavurma hadisələri ilə yadda qaldı. Bütün hallarda sutkanın qaranlıq vaxtı yaşayış məntəqələrində qeydə alınan bu hadisələrin təhlili bir daha deməyə əsas verir ki, hələ də piyadaların yol hərəkəti qaydalarına əhəmiyyət verməməsi, yolu istənilən yerdən keçmək vərdişi, bir sözlə, ən sadə təhlükəsizlik qaydalarına biganə yanaşması yollarda yaşanan faciələrin başlıca səbəblərindən biridir.
Təhlil.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsindən (BDYPİ) məlumat verilib.
“Hər bir hərəkət iştirakçısı bilməlidir: Yol birgə istifadə məkanıdır və burada qaydalar hər kəsə şamil edilir. Özünü ümumi davranış normalarından kənarda zənn edən istənilən hərəkət iştirakçısı yanılır və o, potensial faciə qurbanıdır. Piyadaların üzərinə düşən ən sadə, lakin həyat əhəmiyyətli vəzifə isə yolu müəyyən olunmuş keçidlərdən, işıqforun tələblərinə riayət edərək və diqqətli keçməkdir. Bu sadə prinsiplərə əməl etməyən hər piyada istər bilərəkdən, istərsə də ehtiyatsızlıq səbəbilə öz həyatını riskə atmaqla yanaşı, digər hərəkət iştirakçılarının da taleyini dəyişə bilər. Hörmətli piyadalarımız, unutmayın ki, qaydaları pozaraq atdığınız addım,uçuruma atılan addım ola bilər”, - deyə məlumatda bildirilir.