Bu gün Amnistiya aktının icrasına başlanacaq

Bu gün, dekabrın 22-də Azərbaycanda Amnistiya aktının icrasına başlanılır.
Təhlil.az xəbər verir ki, cəzaçəkmə müəssisələrində rəsmi qurumların nümayəndələrinin, vətəndaş cəmiyyətinin və media təmsilçilərinin iştirakı ilə məhkumların bir qismi azadlığa buraxılacaq.
Qeyd edək ki, amnistiya təşəbbüsü ilə Prezident İlham Əliyev çıxış edib. Dövlət başçısının bu təşəbbüsü əsasında Milli Məclis tərəfindən Amnistiya aktının elan edilməsi barədə qərar qəbul olunub.
Rəsmi proqnozlara əsasən, bu amnistiya aktı Azərbaycanın tarixində tətbiq edilən ən genişmiqyaslı amnistiya olacaq. Belə ki, sənədin ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.
Proqnozlara görə, 5 mindən çox məhkum azadlıqdan məhrumetmə cəzasından azad ediləcək, 3 mindən artıq şəxsin cəzası azaldılacaq. Eyni zamanda 7 mindən çox məhkum azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti cəzalardan, mindən çox şəxs isə cinayət məsuliyyətindən azad ediləcək.