Paris qərar verir, İrəvan icra edir: Ermənistanın Qərb hərbi orbitinə sürüşməsi - ŞƏRH

Ermənistan hökuməti KTMT ilə münasibətləri dondurub hərbi reformalardan danışdığı bir dövrdə əsas qərarlar getdikcə ölkə xaricində - bu dəfə Parisdə qəbul edilir. Məhz orada Ermənistan rəhbərliyini Qərb hərbi orbitinə çəkmək üçün növbəti addım atılıb. Söhbət Fransada müdafiə məsələləri üzrə Ermənistan-Fransa strateji məsləhətləşmələrinin keçirilməsindən və nəticədə 2026-cı il üçün hərbi əməkdaşlıq proqramının imzalanmasından gedir. Tərəflər əməkdaşlığın nəticələrini yekunlaşdıraraq, onu “strateji əhəmiyyətli” hesab edərək daha da dərinləşdirməyi nəzərdə tutublar. 2026-cı il üçün Silahlı Qüvvələrin planlaşdırma və təlimdən texniki modernləşdirilməsinə qədər onlarla fəaliyyətin daxil olduğu bir plan imzalanıb.
Ermənistanın KTMT ilə münasibətləri faktiki olaraq dondurması və paralel şəkildə Qərblə, xüsusən də Fransa ilə hərbi əməkdaşlığı dərinləşdirməsi Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların açıq göstəricisidir. Parisdə Ermənistan-Fransa strateji məsləhətləşmələrinin keçirilməsi və 2026-cı il üçün hərbi əməkdaşlıq proqramının imzalanması sıradan texniki sənəd deyil, regionda güc balansına təsir edə biləcək siyasi-hərbi mesajdır.
Bu proses ilk növbədə Fransanın Qafqaz regionuna “hərbi silah alverçisi” və təsir aktoru kimi daxil olmaq cəhdini xatırladır. Son illər Parisin Ermənistanla münasibətlərində emosional-siyasi motivlərin, xüsusən də erməni diasporunun təsirinin güclənməsi fonunda Fransa özünü təkcə diplomatik tərəfdaş deyil, həm də təhlükəsizlik sahəsində əsas oyunçu kimi təqdim etməyə çalışır. Silahlı Qüvvələrin planlaşdırılması, təlimi və texniki modernləşdirilməsi kimi sahələri əhatə edən genişmiqyaslı proqram faktiki olaraq Ermənistan ordusunun Qərb standartlarına uyğunlaşdırılmasına xidmət edir. Bu isə Fransanın silah satışı, hərbi texnologiyalar və təlim mexanizmləri vasitəsilə bölgədə uzunmüddətli mövcudluq qurmaq niyyətini göstərir.
Digər tərəfdən, bu əməkdaşlıq Rusiyanın Cənubi Qafqazdakı ənənəvi təsirinə açıq çağırışdır. Ermənistan onilliklər boyu təhlükəsizliyini Moskva ilə müttəfiqlik üzərində qurmuşdu. KTMT çərçivəsində öhdəliklər, Rusiya hərbi bazası və silah təchizatı bu sistemin əsas sütunları idi. Lakin 2020-ci ildən sonra və xüsusən də Ukrayna müharibəsi fonunda Rusiya regionda əvvəlki çəkisini itirməyə başlayıb. Ermənistan rəhbərliyi isə bu boşluğu Qərblə, konkret desək, Fransa ilə doldurmağa çalışır. Parisin təşəbbüsü də məhz bu zəiflikdən istifadə edərək Rusiyanı sıxışdırmaq cəhdi kimi dəyərləndirilə bilər.
Bununla belə, Fransanın bölgəyə daxil olması Ermənistan üçün risklər də yaradır. Qərb hərbi orbitinə sürətli inteqrasiya real təhlükəsizlik zəmanəti vermir, əksinə, ölkəni böyük güclər arasında rəqabət meydanına çevirə bilər. Fransa nə KTMT, nə də NATO çərçivəsində Ermənistana kollektiv müdafiə öhdəliyi təqdim etmir. Əvəzində, silah satışı və məsləhətçi formatlı əməkdaşlıq vasitəsilə siyasi təsirini artırır. Bu isə Ermənistanın təhlükəsizlik strategiyasını daha çox asılı və balanssız vəziyyətə sala bilər.
Nəticə etibarilə, Parisdə qəbul edilən qərarlar təkcə Ermənistan-Fransa münasibətlərinin “strateji əhəmiyyəti” ilə məhdudlaşmır. Bu addımlar Fransanın Cənubi Qafqazda hərbi-siyasi mövqe qazanmaq, Rusiyanın zəifləyən təsirini əvəzləmək və regionu Qərb təhlükəsizlik arxitekturasına yaxınlaşdırmaq cəhdinin tərkib hissəsidir. Ermənistan üçün isə bu yol suveren qərarvermənin ölkə xaricinə daşınması, təhlükəsizlik siyasətinin isə yeni və qeyri-müəyyən asılılıqlara açılması deməkdir.
Hikmət Həsənov