20 dekabr

Brüsseldən gələn qərəz: Avropa Parlamenti regionda sabitliyi niyə pozur? - ŞƏRH

Cənubi Qafqazda uzun illər davam edən Ermənistan–Azərbaycan münaqişəsinin həllindən sonra region üçün real sülh imkanları yaranıb. Son aylarda atılan praktiki addımlar göstərir ki, iki ölkə əməkdaşlıq istiqamətində yeni səhifə açmağa hazırdır. Eyni zamanda bu prosesdə regionun lider dövləti kimi Azərbaycanın rolu və təşəbbüsləri xüsusi əhəmiyyət daşıyır. Ermənistan tərəfi də bu reallığı qəbul edir və yeni əməkdaşlıq mühitinə dəstək nümayiş etdirir. Lakin belə bir həssas mərhələdə müəyyən xarici qüvvələrin sülh və əməkdaşlıq prosesinə xələl gətirməyə çalışması da açıq görünür. Bu xüsusda Avropa Parlamenti yenə qərəzli və destruktiv mövqeyi ilə seçilir.

2020-ci il Vətən müharibəsindən və 2023-cü ildə Azərbaycanın suverenliyini tam bərpa etməsindən sonra sülh gündəliyi regional və beynəlxalq müzakirələrin əsas mövzularından birinə çevrilib. Azərbaycanın təşəbbüsləri və konstruktiv addımları dünya ictimaiyyəti tərəfindən geniş şəkildə təqdir olunur. Lakin son illərdə korrupsiya qalmaqalları və nüfuz böhranı ilə üzləşən Avropa Parlamenti qərəzli, faktlardan uzaq və balanssız qətnamələri ilə sülh prosesinə ciddi zərbə vurur. 18 dekabr tarixli son qətnamə də buna bariz nümunədir. Qətnamə yalnış məlumatlar, siyasi manipulyasiya və bir sıra cinayət əməllərinə siyasi çalar vermək cəhdləri üzərində qurulub.

Diqqətçəkən məqam odur ki, Avropa Parlamentinin özündə belə bu qərəzli yanaşmaya etiraz edən deputatlar az deyil. Onlardan biri deputat Tyerri Mariani çıxışında vurğulayıb ki, məhz Azərbaycan və Ermənistanın tarixi sülh sazişinə hazırlaşdığı bir vaxtda belə bir qətnamənin qəbul olunması prosesi zədələyir. Onun sözlərinə görə, son beş ildə fəal sülh danışıqları aparılıb və proses yekun mərhələyə yaxınlaşıb: “Avqustun 8-də Vaşinqtonda Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında imzalanan bəyannamə mühüm diplomatik nəticədir. Ermənistan 30 ildən sonra ilk dəfə Azərbaycandan neft tədarükü alır. Gürcüstan isə bu tranziti öz ərazisindən ödənişsiz həyata keçirməyə razılıq verib”.

Deputatın fikrincə, Bakı və İrəvanın yeni iqtisadi dəhlizin yaradılması barədə razılaşması Avrasiya məkanında nəqliyyat və ticarət əlaqələrini köklü şəkildə dəyişəcək. O, 2026-cı ildə Ermənistanda keçiriləcək seçkilər ərəfəsində sabitlik və iqtisadi dirçəliş perspektivlərinin həm ölkə, həm də region üçün müsbət imkanlar yaratdığını bildirib. Belə bir məqamda Avropa Parlamentinin Azərbaycana qarşı 14-cü qərəzli qətnaməni qəbul etməsi anlayışsızlıq və tarixi prosesə zidd addım kimi qiymətləndirilir. Mariani hesab edir ki, Avropa Parlamenti revanşizmə deyil, barış və inkişaf yolunu seçən iki liderin – Prezident İlham Əliyev və Baş nazir Paşinyanın cəsarətli səylərini dəstəkləməlidir.

Fakt odur ki, sülh danışıqlarının əsas prinsiplərindən biri qarşılıqlı etimaddır. Avropa Parlamentinin birtərəfli ittihamları və Azərbaycanın legitim addımlarını təzyiq dili ilə qiymətləndirməsi bu etimadı ciddi şəkildə zədələyir. Qətnamələr Ermənistan cəmiyyətində də yanlış gözləntilər formalaşdırır, revanşist dairələri aktivləşdirir və sülh prosesinə zərbə vurur. Nəticədə regionda uzunmüddətli sabitlik və əməkdaşlıq perspektivləri risk altına düşür. Əgər Avropa Parlamenti doğrudan da sülhə töhfə vermək istəyirsə, qərəzli və siyasiləşmiş mövqedən imtina etməli, region ölkələrinin legitim maraqlarını nəzərə almalıdır. Əks halda, qəbul etdiyi sənədlər sülhün dəstəklənməsinə deyil, prosesin ləngidilməsinə xidmət edir.

Milli Məclisin Avropa Parlamentinin 18 dekabr tarixli qətnaməsinə dair yaydığı bəyanatda da qeyd edilir ki, qətnamələrin qəbul olunması prosesi Avropa Parlamentində müəyyən maraq qrupları tərəfindən yönləndirilir. Parlament üzvlərinin əksəriyyətinin səs verdikləri sənədlərin mahiyyəti və məzmunu barədə məlumatlı olmaması Avropa parlamentarizminin düşdüyü acınacaqlı vəziyyəti nümayiş etdirir. Eyni zamanda bəyanatda vurğulanır ki, Avropa Parlamentinin müxtəlif maraq dairələrinə pullu xidmətlər göstərdiyi və qəbul etdiyi qətnamələrin bu xidmətlərin “maddi əvəzini ödədiyi” barədə illər ərzində ortaya çoxsaylı faktlar qoyulub.

Bu çərçivədə Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin rəhbəri Səməd Seyidovun fikirləri də diqqətəlayiqdir. O bildirib ki, Avropa Parlamentinin qəbul etdiyi son qətnamə əvvəlcədən hazırlanmış, müəyyən siyasi sifarişlər əsasında gündəmə gətirilmiş sənəddir. Onun sözlərinə görə, Vaşinqtonda 8 avqust tarixində əldə edilmiş tarixi razılaşma regionda sülh üçün dönüş nöqtəsi olduğu halda, Avropa Parlamenti bunu görməzlikdən gəlir və obyektiv yanaşma nümayiş etdirmir: “Avropa Parlamenti əslində Avropanın bu gün yaşadığı dərin böhranın aynasıdır”.

Avropa Parlamenti anlamalıdır ki, hazırkı Azərbaycan–Ermənistan sülh prosesi tarixi bir fürsətdir. Bu fürsətin reallaşması yalnız region ölkələrinin siyasi iradəsindən deyil, beynəlxalq aktorların məsuliyyətli davranışından da asılıdır. Qərəzli yanaşmalar davam edərsə, Avropa Parlamenti sülhə töhfə verən deyil, ona zərbə vuran qurum kimi yadda qalacaq. Dayanıqlı sülhün təmin olunması isə yalnız ədalətli, balanslı və beynəlxalq hüquqa əsaslanan yanaşma ilə mümkündür.

MTM Analitik Qrupu 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?