20 dekabr

Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığın yol xəritəsi - TƏHLİL

Müasir beynəlxalq münasibətlər sistemində strateji tərəfdaşlıq münasibətləri təkcə ikitərəfli əlaqələrin inkişafı deyil, həm də geniş regional və qlobal proseslərin idarə olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu kontekstdə Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun onlayn formatda və tam tərkibdə keçirdiyi ilk iclas xüsusilə diqqət çəkir.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin avqustunda ABŞ-yə səfəri zamanı Vaşinqtonda imzalanan əsas sənədlərdən biri “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu” olub. Bu Memoranduma əsasən, növbəti altı ay ərzində enerji, ticarət, regional bağlantılar, rəqəmsal infrastruktur, süni intellekt, müdafiə, təhlükəsizlik, terrorla mübarizə və digər sahələri əhatə edən Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması nəzərdə tutulur.

Bu razılaşma Azərbaycan və ABŞ-nin ikitərəfli əməkdaşlıq münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq niyyətini nümayiş etdirir. Xartiyanın hazırlanması istiqamətində atılan addımlar iki ölkə arasında əlaqələrin yeni mərhələyə keçdiyini təsdiqləməklə yanaşı, ABŞ-də Cənubi Qafqazın geosiyasi və iqtisadi gələcəyinə dair daha sistemli konseptual baxışın formalaşdığını göstərir.

Strateji İşçi Qrupunun ilk iclası dəyişən beynəlxalq münasibətlər sistemində tərəflərin bir-birinə verdiyi dəyərin təzahürüdür. Bu, eyni zamanda ABŞ-nin Cənubi Qafqaz siyasətində Azərbaycanın aparıcı roluna xüsusi önəm verdiyini göstərir. Azərbaycan regional sülh və əməkdaşlıq təşəbbüsləri irəli sürən, sabitlik yaradan, müstəqil qərarlar qəbul edən və beynəlxalq öhdəliklərinə sadiq tərəfdaş kimi çıxış edir. ABŞ isə bölgədə sülh və sabitliyi Azərbaycanın maraqlarını nəzərə almadan mümkün hesab etmir. Prezident Donald Tramp Administrasiyasının bu istiqamətdəki yanaşması əvvəlki administrasiyanın səhvlərini təkrarlamamağa çalışdığını da nümayiş etdirir.

Avqustun 8-də ABŞ Prezidentinin yaxından iştirakı ilə Azərbaycan və Ermənistan arasında Yekun Sülh Sazişinin paraflanması və Zəngəzur dəhlizi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinə dair razılaşma Bakı–Vaşinqton münasibətlərində əhəmiyyətli irəliləyişə səbəb olub. ABŞ üçün bu layihə yalnız regional nəqliyyat xətti deyil; Vaşinqton uzun müddətdir Avrasiya məkanında təhlükəsiz, açıq və şaxələndirilmiş nəqliyyat-kommunikasiya xətlərinin formalaşdırılmasını dəstəkləyir.

Zəngəzur dəhlizinin açılması ABŞ üçün bir neçə istiqamətdə strateji əhəmiyyət daşıyır. Layihə regionda iqtisadi inteqrasiyanı gücləndirəcək, ticarət dövriyyəsini artıracaq və çoxşaxəli əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Vaşinqton hesab edir ki, iqtisadi bağlılıqlar gücləndikcə siyasi qarşıdurma və təhlükəsizlik riskləri azalır. Bu səbəbdən Zəngəzur dəhlizi Cənubi Qafqazda uzunmüddətli sabitliyi möhkəmləndirən mühüm etimad və təhlükəsizlik aləti kimi qiymətləndirilir. Layihə postmünaqişə dövründə normallaşma və etimad quruculuğunun əsas elementlərindən birinə çevrilib.

İkinci mühüm aspekt ABŞ-nin enerji və ticarət marşrutlarının şaxələndirilməsinə verdiyi strateji önəmdir. Zəngəzur dəhlizi Orta Asiyanın resurs və məhsullarının daha qısa və təhlükəsiz yollarla Qərb bazarlarına çıxışını təmin edə bilər və bununla Vaşinqtonun regiondakı iqtisadi maraqlarına xidmət edər. Bu marşrutun Azərbaycanın təşəbbüsü və maraqları əsasında reallaşması isə ABŞ üçün etibarlı tərəfdaşla işləməyə imkan yaradır.

Enerji sahəsində əməkdaşlıq Azərbaycan–ABŞ münasibətlərinin tarixi təməlini təşkil etsə də, bu gün bu əməkdaşlığın məzmunu dəyişməkdədir. Azərbaycan təkcə karbohidrogen ixracatçısı deyil, həm də yaşıl enerji istehsalçısı kimi Avropanın enerji təhlükəsizliyinə töhfə verir. ABŞ-nin enerji keçidi və qlobal iqlim gündəliyi çərçivəsində bu sahədə əməkdaşlığın dərinləşdirilməsi iki ölkə arasında maraqların üst-üstə düşdüyünü göstərir.

Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq isə ikitərəfli münasibətlərin ən həssas, lakin eyni zamanda ən vacib istiqamətlərindəndir. Azərbaycan beynəlxalq sülhməramlı missiyalarda aktiv iştirak edir və terrorizmə qarşı mübarizədə prinsipial mövqe sərgiləyir. Bu sahədə ABŞ ilə əməkdaşlıq regional risklərin azaldılması, sərhəd təhlükəsizliyinin gücləndirilməsi və qlobal təhdidlərə qarşı birgə mexanizmlərin qurulması baxımından böyük əhəmiyyət kəsb edir.

Süni intellekt və rəqəmsal infrastruktur sahəsində əməkdaşlıq tərəfdaşlığın gələcəyə yönəlmiş ən mühüm istiqamətlərindən biridir. Qlobal texnoloji rəqabətin artdığı bir vaxtda süni intellekt iqtisadiyyatla yanaşı, təhlükəsizlik və idarəetmə sahələrində də əsas alətə çevrilir. ABŞ bu sahədə dünyanın aparıcı güclərindən biri olaraq texnoloji bilik və innovasiya təcrübəsini bölüşmək imkanına malikdir. Azərbaycan isə rəqəmsal transformasiya, dövlət xidmətlərinin elektronlaşdırılması və data idarəçiliyi sahəsində intensiv inkişaf mərhələsindədir. ABŞ təcrübəsinin tətbiqi süni intellektin sənaye, müdafiə, logistika və təhlükəsizlik sektorlarında istifadəsini genişləndirə bilər.

Strateji Tərəfdaşlıq Xartiyasının mətninin müzakirələrin intensivləşməsi göstərir ki, tərəflər bu sənədi formal diplomatik addım kimi deyil, konkret nəticələr doğuracaq strateji yol xəritəsi kimi qiymətləndirirlər. Xartiyanın hazırlanması və təsdiqi iki ölkə arasındakı münasibətləri yeni səviyyəyə yüksəldə və həm regional sabitliyə, həm də qlobal əməkdaşlığa mühüm töhfələr verə bilər.

MTM Analitik Qrupu 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?