Tranzit və enerji əməkdaşlığı sülhə yol açır - TƏHLİL

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi təkcə siyasi bəyanatlar və qarşılıqlı jestlərlə məhdudlaşmır, eyni zamanda əməkdaşlıq istiqamətində atılan real və praktik addımlarla müşayiət olunur. Sülh və etimad quruculuğuna xidmət edən bu ardıcıl addımlar mühüm diplomatik əhəmiyyət daşımaqla yanaşı, ictimai rəyin də müsbət istiqamətdə formalaşmasına təsir göstərir.
İki ölkə arasında tranzit və ticarət məhdudiyyətlərinin aradan qaldırılması istiqamətində atılan ilkin addımlar sülh quruculuğu prosesini möhkəmləndirən, onu siyasi niyyət mərhələsindən real əməkdaşlıq müstəvisinə keçirən əsas amillərdən biri kimi çıxış edir. Xatırladaq ki, bu ilin oktyabr ayında Prezident İlham Əliyevin Ermənistana yük daşınması ilə bağlı məhdudiyyətlərin aradan qaldırıldığını bəyan etməsi, ardınca Qazaxıstan taxılının Azərbaycan ərazisindən bu ölkəyə çatdırılması Bakının sülhə sadiqliyini konkret addımlarla nümayiş etdirdi.
Bu qərar 8 avqust 2025-ci ildə Vaşinqtonda paraflanmış Yekun Sülh Sazişi layihəsi fonunda iki ölkə arasında qarşılıqlı etimad tədbirlərinin mühüm və praktik nümunəsi oldu. Tranzit kimi strateji sahədə maneələrin aradan qaldırılması Azərbaycanın beynəlxalq ictimaiyyətə verdiyi aydın siyasi mesajdır: rəsmi Bakı sülhü kağız üzərində deyil, praktik müstəvidə reallaşdırır və qarşı tərəfdən də eyni siyasi iradə gözləyir.
Bu prosesin davamı olaraq dekabrın 18-də SOCAR tərəfindən yerli istehsal olan neft məhsulunun ilk dəfə Ermənistana tədarükü artıq iqtisadi əməkdaşlıq mərhələsinə keçidin göstəricisi kimi dəyərləndirilə bilər. 22 vaqondan ibarət, 1220 ton həcmində “Aİ-95” markalı avtomobil benzininin Ermənistana göndərilməsi mühüm iqtisadi, ticari və siyasi məna daşıyır. Bu addım onilliklər boyu hərbi-siyasi qarşıdurma şəraitində yaşamış iki ölkə arasında yeni və sivil münasibətlər modelinin formalaşmasına doğru atılmış inamlı addımdır. Xüsusilə enerji kimi strateji sahədə əməkdaşlıq qarşılıqlı etimadın ən mühüm göstəricilərindən biri hesab olunur.
Tranzit və ticarət məhdudiyyətlərinin aradan qaldırılmasının danışıqlar prosesinə müsbət təsiri də xüsusi qeyd olunmalıdır. Son beş il ərzində aparılan danışıqlarda əsas diqqət delimitasiya və demarkasiya, eləcə də nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası məsələlərinə yönəlmişdi. İqtisadi-ticari əlaqələrin bərpası istiqamətində atılan qətiyyətli addımlar isə sülh gündəliyini daha da möhkəmləndirir və prosesi irəli aparır. Tərəflər artıq etimadsızlıq və risklərdən deyil, regional əməkdaşlıq imkanlarından danışmağa başlayırlar ki, bu da kompromis mədəniyyətinin formalaşmasına xidmət edir.
İctimai rəyin düzgün məcrada inkişafı baxımından da bu addımların əhəmiyyəti böyükdür. Tranzit yüklərinin daşınması, enerji tədarükü, hava məkanlarının mülki aviasiya üçün açılması, delimitasiya üzrə birgə komissiyanın Qəbələdə təşkili, vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri sülhün mücərrəd anlayış deyil, gündəlik həyatla birbaşa əlaqəli proses olduğunu nümayiş etdirir. Bu isə sülh quruculuğuna geniş ictimai dəstəyin formalaşması baxımından həlledici amildir.
Uzun illər anti-Azərbaycan təbliğatının təsiri altında formalaşmış Ermənistan cəmiyyəti üçün bu addımların psixoloji və siyasi təsiri xüsusilə böyükdür. Azərbaycanın müsbət jestləri fonunda erməni ictimaiyyəti sülhə qarşı çıxan daxili və xarici qüvvələrin arqumentlərinin nə qədər əsassız olduğunu daha aydın dərk etməyə başlayır. Bundan əlavə, uzunmüddətli blokada, məhdud iqtisadi imkanlar və alternativsiz enerji marşrutları Ermənistan cəmiyyətində qorxu və asılılıq psixologiyası yaratmışdı. Azərbaycandan neft məhsullarının tədarükü isə bu ölkənin Rusiya və İran enerji asılılığından çıxış üçün real və konstruktiv alternativə malik olduğunu göstərir.
İkitərəfli siyasi, iqtisadi və ticari əlaqələrin bərpası istiqamətində atılan addımlar Ermənistan daxilində praqmatik düşünən, regional əməkdaşlığı üstün tutan dairələrin mövqelərini gücləndirir, revanşist və qarşıdurma tərəfdarı olan qüvvələrin arqumentlərini isə zəiflədir.
Prezident İlham Əliyevin oktyabr ayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birgə mətbuata bəyanatında qeyd etdiyi kimi, tranzit məhdudiyyətlərinin aradan qaldırılması Azərbaycanla Ermənistan arasında sülhün artıq təkcə sənədlərdə deyil, real həyatda mövcud olduğunu göstərir. Bu yanaşma danışıqlar prosesinə müsbət təsir göstərməklə yanaşı, beynəlxalq ictimaiyyətdə də sülh prosesinin dönməzliyi barədə aydın təsəvvür formalaşdırır.
Beynəlxalq təcrübə dəfələrlə sübut edib ki, iqtisadi-ticari əlaqələrin bərpası siyasi münasibətlərə müsbət təsir göstərir. Qarşılıqlı asılılıq amili münaqişə risklərini azaldır, çünki tərəflər mümkün gərginliyin həm də iqtisadi maraqlara zərər vuracağını dərk edirlər. Azərbaycanla Ermənistan arasında ticarət və tranzit əlaqələrinin genişlənməsi də məhz bu məntiqə əsaslanır. Enerji, logistika və nəqliyyat sahələrində əməkdaşlıq yalnız iqtisadi fayda deyil, eyni zamanda təhlükəsizlik mühitinin sabitləşməsinə xidmət edir.
Son proseslər göstərir ki, Bakı regional proseslərdə təşəbbüskar rolunu qoruyur və sülh gündəliyini formalaşdıran əsas tərəf kimi çıxış edir. Ermənistana tranzit imkanlarının açılması və benzin ixracı Azərbaycanın Cənubi Qafqazda iqtisadi və siyasi üstünlüyünün, regionun enerji təhlükəsizliyində söz sahibi olmasının bariz nümunəsidir. Rəsmi Bakı bu üstünlükdən siyasi təzyiq aləti kimi deyil, əməkdaşlıq və inteqrasiya mexanizmi kimi istifadə edir.
MTM Analitik Qrupu