Saxta spirtli içkilərlə bağlı - XƏBƏRDARLIQ

Qida Təhlükəsizliyi Agentliyi qanunsuz yollarla saxta spirtli içki hazırlayan şəxslərə qarşı hüquq-mühafizə orqanları ilə birgə mütəmadi yoxlama və nəzarət tədbirləri həyata keçirdiyini açıqlayıb.
Təhlil.az xəbər verir ki, agentliyin açıqlamasına əsasən, saxta spirtli içkilərin hazırlanmasında tez-tez metil (metanol) spirtindən istifadə olunur. Bu maddə texniki və sənaye məqsədli spirt olub, qida üçün qəti şəkildə yararsızdır və az miqdarda qəbulu belə ağır zəhərlənmə, ciddi fəsadlar və ölüm riski yaradır.
Agentlik vurğulayıb ki, bu cür fəaliyyətlər vətəndaşların həyat və sağlamlığına birbaşa təhlükə törətdiyi üçün cinayət məsuliyyəti yaradır. Saxta içkilərin adətən gizli və qapalı məkanlarda hazırlandığı qeyd olunaraq, onların aşkarlanmasında ictimai nəzarətin və vətəndaşların dəstəyinin mühüm rol oynadığı bildirilib.
İstehlakçılara şübhəli hallarla rastlaşdıqda aidiyyəti dövlət qurumlarına, o cümlədən Qida Təhlükəsizliyi Agentliyinin “1003 – Çağrı Mərkəzi”nə məlumat vermək tövsiyə edilib.
Eyni zamanda qida məhsulları alarkən qablaşdırma, etiket məlumatları və müvafiq sənədlərə diqqət yetirilməsi xatırladılıb.