Sülhə aparan yol Ankaradan keçir, dayanacaq Bakıdır - ŞƏRH

Türkiyənin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasında rolu Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda strateji xarakter alır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 16-cı Səfirlər Konfransında səsləndirdiyi fikirlər Ankaranın bu prosesdə tutduğu prinsipial və ardıcıl mövqeni bir daha təsdiqləyir.
Türkiyə Prezidenti vurğulayıb ki, uzun illər sülhə həsrət qalan Cənubi Qafqaz bu gün tarixi mərhələdən keçir və Azərbaycanla Ermənistan sülh müqaviləsinin imzalanmasına heç vaxt olmadığı qədər yaxındırlar. Bu proses fonunda Türkiyənin Azərbaycanla sıx dialoq və koordinasiya şəraitində Ermənistanla normallaşma addımlarını irəlilətməsi regional gündəmin əsas istiqamətlərindən birinə çevrilib.
Ankaranın prinsipial mövqeyi ondan ibarətdir ki, Türkiyə Ermənistanla münasibətləri Azərbaycanın maraqlarından kənar və Bakı ilə razılaşdırılmadan inkişaf etdirmir. Daha dəqiq desək, Ankara–İrəvan münasibətlərinin tam normallaşması və ikitərəfli diplomatik əlaqələrin qurulması yalnız Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasından sonra mümkün hesab olunur. Bu səbəbdən Türkiyənin Ermənistanla apardığı diplomatik fəaliyyət və normallaşma istiqamətində atılan addımlar Bakı ilə məsləhətləşmələrə və qarşılıqlı etimada əsaslanır.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyə region ölkələrinin iştirakı ilə yeni əməkdaşlıq və inteqrasiya təşəbbüsləri irəli sürsələr də, Ermənistan uzun müddət destruktiv mövqeyi səbəbindən bu proseslərdən kənarda qalıb. Halbuki Azərbaycan, Türkiyə və Gürcüstanın birgə həyata keçirdiyi qlobal enerji, nəqliyyat və logistika layihələri regionun iqtisadi xəritəsini köklü şəkildə dəyişib və Ermənistanın özünütəcrid siyasətinin iflasa uğradığını açıq şəkildə ortaya qoyub. Son 30 ildə işğalçılıq siyasətinə əsaslanan yanaşma Ermənistanı regionun əsas layihələrindən kənarda saxlayıb.
2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında imzalanmış razılaşmalar Türkiyənin normallaşma proseslərində rolunu və imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Sözügedən sənədlər Bakı ilə İrəvan arasında postmünaqişə dövrünün əsas siyasi-hüquqi çərçivəsini müəyyən etməklə yanaşı, regional əməkdaşlıq üçün də yeni imkanlar yaradıb. Vaşinqton razılaşmaları Cənubi Qafqazda müharibə mərhələsinin faktiki olaraq başa çatdığını və regionun əməkdaşlıq və inteqrasiya mərhələsinə keçdiyini nümayiş etdirib. Bu sənədlər eyni zamanda Türkiyə–Ermənistan münasibətlərinin normallaşmasına da müsbət təsir göstərərək Ankaranın daha açıq və praqmatik mövqe tutmasına siyasi zəmin yaradıb.
Türkiyə–Ermənistan münasibətlərində yumşalma əlamətləri 2022-ci ilin oktyabrında Praqada Prezident Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan ilk görüşdən sonra müşahidə olunmağa başlayıb. Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra Ermənistanın humanitar yardım göndərməsi, 35 ildən sonra sərhədin humanitar məqsədlərlə açılması, Ermənistan xarici işlər nazirinin fəlakət bölgəsinə səfəri münasibətlərə müəyyən dinamika qazandırıb. 2023-cü ilin iyununda Paşinyanın Ərdoğanın andiçmə mərasiminə qatılması, eləcə də 2025-ci ilin iyununda Ankaraya rəsmi səfəri ikitərəfli münasibətlərdə real irəliləyişlərə zəmin yaradıb. 2025-ci ilin martında Alican–Marqara sərhəd-keçid məntəqəsinin Suriyaya humanitar yardım üçün müvəqqəti açılması isə prosesin artıq konkret mexanizmlər üzərindən davam etdiyini göstərib.
Qeyd edilənlər onu deməyə əsas verir ki, Türkiyə regionda əsas siyasi və diplomatik mərkəzlərdən biri olaraq qalır və Cənubi Qafqazda normallaşma proseslərinə fəal dəstək verir. Ankaranın bu dəstəyi yalnız diplomatik təşəbbüslərlə məhdudlaşmır; Türkiyə eyni zamanda iqtisadi və nəqliyyat sahəsində “yumşaq güc” imkanlarından istifadə edərək prosesi sürətləndirməyə çalışır. Bu kontekstdə Zəngəzur Dəhlizi – TRIPP layihəsi region üçün strateji dönüş nöqtəsi kimi qiymətləndirilir.
Zəngəzur Dəhlizi Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə yanaşı, Ermənistan və Türkiyə üçün də yeni nəqliyyat və logistika imkanları yaradır. Layihənin reallaşması fonunda Ermənistan Türkiyə üzərindən Avropa bazarlarına çıxış əldə edə bilər. Uzun illər regionun əsas nəqliyyat və enerji layihələrindən kənarda qalan Ermənistan bu dəhlizi ölkəni dalan vəziyyətindən çıxara biləcək real alternativ kimi qəbul etməyə başlayıb. Türkiyə üzərindən Avropaya birbaşa çıxış Ermənistanın ixrac imkanlarını genişləndirəcək, daşımaların vaxtını və maya dəyərini azaldacaq, ölkənin regional iqtisadi sistemə inteqrasiyasını sürətləndirəcək.
Vaşinqtonda əldə edilmiş razılaşmalar Ermənistanın regional əməkdaşlıq təşəbbüslərindən kənarda qalmasının artıq mümkün olmadığını açıq şəkildə göstərir. Türkiyənin tranzit və logistik mərkəz kimi çıxış etməsi Ankaranın regional təsir imkanlarını daha da gücləndirir. Bu reallıq İrəvan üçün Bakı və Ankara ilə münasibətlərin paralel şəkildə normallaşdırılmasının təkcə siyasi deyil, iqtisadi baxımdan da alternativsiz olduğunu ortaya qoyur.
Nəticə etibarilə, Türkiyənin Azərbaycanla koordinasiyalı siyasəti Cənubi Qafqazda sülh, əməkdaşlıq və təhlükəsizlik mühitinin formalaşmasına real zəmin yaradır. Ermənistan gec də olsa anlayır ki, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması onun üçün yalnız iqtisadi dividendlər deyil, eyni zamanda uzunmüddətli sabitlik və regional inteqrasiya baxımından alternativsiz seçimdir.
MTM Analitik Qrupu