Bu gün

Prezidentin Əbu-Dabiyə səfəri: Azərbaycan-BƏƏ münasibətlərində yeni dövr - ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkədə səfərdədir. Dekabrın 17-də Əbu-Dabidə Prezident İlham Əliyevlə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasında görüş keçirilib. Görüşdən sonra Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçıları “Gələcəyin oyunları 2025” adlı illik qlobal idman turnirinin açılış mərasimində iştirak ediblər.

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri və ölkə rəhbəri ilə keçirilən görüş iki dövlət arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini bir daha təsdiqləyir. Son illərdə Azərbaycan və BƏƏ arasında iqtisadi əməkdaşlıq dinamik şəkildə genişlənib, enerji, maliyyə, turizm, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində qarşılıqlı faydaya əsaslanan layihələr həyata keçirilib. Xüsusilə enerji və neft-qaz sektorunda əməkdaşlıq, eləcə də BƏƏ investorlarının Azərbaycanın iqtisadiyyatına yatırımları tərəflər arasında mövcud etimadın və uzunmüddətli tərəfdaşlığın göstəricisidir.

Səfər çərçivəsində “Gələcəyin oyunları 2025” adlı qlobal idman turnirinin açılış mərasimində iştirak isə Azərbaycan–BƏƏ münasibətlərinin yalnız iqtisadi və siyasi deyil, eyni zamanda mədəni və sosial aspektlərini də ön plana çıxarır. Bu addım Azərbaycanın beynəlxalq idman və diplomatiya platformalarında mövqeyinin gücləndiyini nümayiş etdirir. İdman sahəsində əməkdaşlıq iki ölkə arasında mədəni əlaqələrin və gənclər siyasətinin inkişafına, həmçinin beynəlxalq ictimaiyyətlə qarşılıqlı əlaqələrin genişlənməsinə əlavə imkanlar yaradır.

Azərbaycanın ərəb dünyasında təsir imkanlarının artması və strateji tərəfdaşlarının sayının çoxalması ölkənin balanslı, çevik və praqmatik xarici siyasət kursunun məntiqi nəticəsidir. Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri göstərir ki, Azərbaycan ərəb ölkələri ilə münasibətləri təkcə enerji və iqtisadi sahələrlə məhdudlaşdırmır, eyni zamanda mədəniyyət, idman, təhsil və humanitar əməkdaşlıq istiqamətlərində də ardıcıl şəkildə inkişaf etdirir.

Bu cür səfərlər Azərbaycanın regional əməkdaşlıq şəbəkəsini genişləndirməsinə, ərəb dünyasında siyasi və iqtisadi nüfuzunu artırmasına, beynəlxalq arenada strateji tərəfdaşlıqlarını dərinləşdirməsinə xidmət edir. Bütün bunlar Azərbaycanın xarici siyasətinin iqtisadi, sosial, mədəni və diplomatik istiqamətlər üzrə davamlı inkişaf etdiyini, ölkənin beynəlxalq münasibətlər sistemində daha fəal və səmərəli rol oynadığını açıq şəkildə göstərir.

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri Azərbaycan–BƏƏ münasibətlərində yeni mərhələnin əsasını qoymaqla yanaşı, Azərbaycanın regionda və qlobal miqyasda mövqeyinin möhkəmlənməsinə xidmət edir. Bu proses iqtisadi və siyasi diversifikasiya, mədəniyyətlərarası dialoq, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və strateji tərəfdaşlıqların dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycan–BƏƏ münasibətləri vasitəsilə ölkəmiz ərəb dünyasında diplomatik və iqtisadi əlaqələrini daha da gücləndirərək regionda sabitlik və əməkdaşlığın təşviqinə töhfə verir və beynəlxalq siyasətdə balanslı yanaşmasını daha geniş müstəvidə tətbiq edir.

Hikmət Həsənov 

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?