Nəqliyyatdan geosiyasətə: Azərbaycan və Türkiyə regionda oyunu necə dəyişir? - MƏQALƏ

CNN Türk nəşri yazır ki, Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur Dəhlizinin Azərbaycan hissəsində işlərin böyük hissəsinin başa çatdığını açıqlaması bu nəqliyyat və logistika təşəbbüsünün icrasında həlledici mərhələnin yaxınlaşdığını göstərir. Kanalın təhlilinə görə, sülh prosesi irəlilədiyi təqdirdə, yaxın illərdə Ermənistan ərazisindən keçən dəhlizin açılması mümkün ola bilər ki, bu da Cənubi Qafqazda güc balansının uzunmüddətli perspektivdə Azərbaycan və Türkiyənin xeyrinə dəyişməsinə şərait yaradar.
CNN Türk-ün vurğuladığı məqamlar göstərir ki, Zəngəzur Dəhlizi artıq sadəcə nəzəri layihə deyil, regionda yeni geosiyasi reallıq formalaşdıran konkret və geri dönməz prosesə çevrilir. Prezident İlham Əliyevin dəhlizin Azərbaycan hissəsində işlərin əsasən tamamlandığını bildirməsi Bakının bu proses üzərində real nəzarətə malik olduğunu və təşəbbüsü icra mərhələsinə tam keçirdiyini nümayiş etdirir. Bu bəyanat həm də regional və beynəlxalq aktorlara layihənin texniki və siyasi baxımdan reallaşa bilən olduğunu göstərir və Azərbaycanın danışıqlar masasındakı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirir.
Dəhlizin Azərbaycan ərazisində infrastruktur baxımından demək olar ki, hazır vəziyyətə gətirilməsi sülh prosesi ilə nəqliyyat gündəliyini bir-birinə sıx şəkildə bağlayır. CNN Türk-ün qeyd etdiyi kimi, Ermənistanla sülh prosesində irəliləyiş olarsa, yaxın illərdə Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsinin açılması real görünür. Bu isə regionda illərdir davam edən nəqliyyat blokadasının aradan qalxması ilə yanaşı, Ermənistan üçün də yeni siyasi və iqtisadi reallıqlar yaradır. İrəvan regional kommunikasiyalardan kənarda qalmağın davamlı olmadığını anlayaraq daha praqmatik mövqeyə keçməyə məcbur qala bilər. Belə bir şəraitdə Azərbaycan təkcə sülhün tərəfdarı kimi deyil, həm də sülhün şərtlərini formalaşdıran əsas aktor kimi çıxış edir.
Zəngəzur Dəhlizinin reallaşması Cənubi Qafqazda güc balansının uzunmüddətli dəyişməsinə səbəb ola biləcək əsas amillərdən biridir. CNN Türk-ün təhlilində də vurğulandığı kimi, bu dəyişiklik xüsusilə Azərbaycan və Türkiyənin xeyrinə formalaşa bilər. Azərbaycan üçün dəhliz Naxçıvanla birbaşa quru əlaqəsinin təmin olunması, tranzit ölkə statusunun möhkəmlənməsi və regional logistika mərkəzinə çevrilmək deməkdir. Bu, ölkənin iqtisadi imkanlarını genişləndirməklə yanaşı, siyasi təsir dairəsini də əhəmiyyətli dərəcədə artırır. Azərbaycan Orta Asiya ilə əlaqələrin dərinləşməsində əsas körpü rolunu oynayaraq Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın mühüm sütunlarından birinə çevrilə bilər.
Türkiyə baxımından Zəngəzur Dəhlizi strateji əhəmiyyət daşıyan Orta Dəhliz konsepsiyasının əsas həlqələrindən biri kimi çıxış edir. Bu marşrut Ankaraya Cənubi Qafqaz və Xəzər hövzəsi üzərindən birbaşa Orta Asiyaya çıxış imkanı yaradır, Türkiyənin Avrasiya miqyasında ticarət, enerji və logistika sahələrində təsir gücünü artırır. Eyni zamanda, Türkiyə–Azərbaycan strateji tərəfdaşlığı daha da dərinləşərək regionda əsas siyasi və iqtisadi güc mərkəzlərindən birinə çevrilir.
Nəticə etibarilə, Zəngəzur Dəhlizi yalnız nəqliyyat layihəsi deyil, Cənubi Qafqazın siyasi və iqtisadi arxitekturasını yenidən formalaşdıran mühüm geosiyasi alət kimi qiymətləndirilə bilər. Azərbaycan ərazisində işlərin böyük ölçüdə tamamlanması layihəni real mərhələyə keçirir, sülh prosesinin irəliləməsi isə onu regionun dəyişməz reallığına çevirə bilər. Bu halda Cənubi Qafqazda güc balansının uzunmüddətli perspektivdə Azərbaycan və Türkiyənin xeyrinə dəyişməsi ehtimalı yüksək görünür.
Hikmət Həsənov