BMT-də islahatlar gündəmdə: mövcud mexanizmlər niyə işləmir? - TƏHLİL

Birləşmiş Millətlər Təşkilatında (BMT) islahatlar mövzusu son onilliklərdə beynəlxalq gündəmin ən aktual və ən çox müzakirə edilən məsələlərindən birinə çevrilib. 1945-ci ildə yaradılan və İkinci Dünya Müharibəsindən sonrakı siyasi reallıqlara uyğun formalaşdırılan bu qurumun XXI əsrdə tamamilə fərqli geosiyasi, iqtisadi və texnoloji mühitdə fəaliyyət göstərməsi onun effektivliyi ilə bağlı haqlı suallar doğurur.
Müasir dövrdə regional münaqişələrin artması, böyük güclər arasında rəqabətin dərinləşməsi, beynəlxalq hüququn selektiv tətbiqi və çoxtərəflilik mexanizmlərinin zəifləməsi fonunda BMT-nin qərar qəbuletmə mexanizmlərinin çevik olmaması təşkilata inamı azaldan əsas amillərdən biri kimi qiymətləndirilir. Bu səbəbdən BMT-də islahatların aparılması təşəbbüsləri təkcə siyasi-diplomatik müzakirə predmeti deyil, qlobal idarəetmənin gələcəyi ilə birbaşa bağlı strateji məsələdir.
Bu günlərdə BMT Təhlükəsizlik Şurasında “Beynəlxalq sülh və təhlükəsizliyin qorunması” gündəliyi çərçivəsində keçirilən “Sülh naminə liderlik” mövzusunda açıq debatlar bu müzakirələri yenidən gündəmə gətirib. Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev çıxışı zamanı ölkəmizin mövqeyini ifadə edərək vurğulayıb ki, təşkilatın Nizamnaməsinin və beynəlxalq hüququn yanlış şərhlərinin qarşısının alınması üçün daha çox səylər göstərilməli, beynəlxalq öhdəliklər onların qəbul edildiyi mahiyyət və məzmunda icra olunmalıdır. Diplomat dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətin, eləcə də daxili işlərə qarışmama prinsipinin beynəlxalq sülh və təhlükəsizliyin qorunması, eyni zamanda inkişafın təşviqi üçün əsas şərtlərdən biri olduğunu bildirib. O, həmçinin qeyd edib ki, bütün dövlətlər, xüsusilə inkişaf etməkdə olan ölkələr qlobal qərarların qəbulunda bərabər iştirak imkanına malik olmalıdır. Bu baxımdan Təhlükəsizlik Şurasının daha təmsilçi və səmərəli fəaliyyət göstərməsi üçün Azərbaycanın təşkilatda islahatları dəstəklədiyi bir daha vurğulanıb.
Qeyd etmək yerinə düşər ki, hələ 2003-cü ildə Baş nazir qismində BMT Baş Assambleyasının sessiyasında çıxış edən Prezident İlham Əliyev yeni beynəlxalq münasibətlər sistemi fonunda BMT-də islahatlara ehtiyacın yarandığını diqqətə çatdırıb. Dövlət başçısı sonrakı illərdə də BMT-nin qərar qəbuletmə mexanizmlərinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının vacibliyini dəfələrlə vurğulayıb. Prezident İlham Əliyev, həmçinin Qoşulmama Hərəkatının BMT Təhlükəsizlik Şurasında rotasiya qaydasında daimi üzvlüyünə imkan yaradılmasının zəruri olduğunu bildirib.
Müasir beynəlxalq münasibətlərdə artan gərginlik və davam edən münaqişələr bu çağırışların nə qədər əsaslı olduğunu nümayiş etdirir. Rusiya–Ukrayna müharibəsinə, Yaxın Şərqdəki gərginliklərə effektiv müdaxilə edə bilməyən BMT-nin aciz vəziyyətə düşməsi, təşkilatın münaqişələrin qarşısının alınması və ya həlli üçün real mexanizmlər tətbiq edə bilməməsi üzv dövlətlərdə haqlı narazılıqlar yaradır. Bu kontekstdə ən çox tənqid olunan məsələlərdən biri Təhlükəsizlik Şurasının strukturu və veto mexanizmidir. Hazırkı beş daimi üzvün – ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniyanın veto hüququnun saxlanılması müasir beynəlxalq güc balansını əks etdirmədiyi üçün geniş tənqid olunur. Bu vəziyyət beynəlxalq təhlükəsizlik arxitekturasının getdikcə daha həssas hala gəlməsinə və dövlətlərin milli maraqlarını təmin etmək üçün alternativ platformalara üz tutmasına səbəb olur.
BMT-nin hazırkı Baş katibi Antonio Quterreş də dəfələrlə bəyan edib ki, Təhlükəsizlik Şurası “1945-ci ilin deyil, müasir dünyanın reallıqlarını əks etdirməli”, onun idarəetmə mexanizmi daha inklüziv və regional balansı təmin edən formaya salınmalıdır. Quterreş xüsusilə Afrikanın, Latın Amerikasının və İslam dünyasının Təhlükəsizlik Şurasında daimi təmsilçiliyinin olmamasını təşkilatın legitimliyi baxımından ciddi problem kimi dəyərləndirib.
Bu mövqeni açıq şəkildə ifadə edən liderlərdən biri də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. “Dünya beşdən böyükdür” tezisinin müəllifi olan Türkiyə lideri müxtəlif beynəlxalq platformalarda, o cümlədən BMT Baş Assambleyasının tribunasından çıxış edərək veto hüququnun az sayda dövlətin əlində cəmlənməsinin ədalətsiz qərarlara və humanitar fəlakətlərə yol açdığını vurğulayıb. Onun fikrincə, Suriyadan Qəzzaya, Ukraynadan Afrikanın müxtəlif bölgələrinə qədər uzanan böhranlarda BMT-nin effektiv reaksiya verə bilməməsinin əsas səbəbi Təhlükəsizlik Şurasındakı struktur böhranıdır.
BMT-də mümkün islahatlar yalnız Təhlükəsizlik Şurasında veto hüququ ilə məhdudlaşmır. Baş Assambleyanın rolunun gücləndirilməsi, onun qərarlarının sırf tövsiyə xarakterindən çıxarılaraq daha təsirli mexanizmlərlə təmin edilməsi əsas müzakirə mövzuları sırasındadır. Digər mühüm istiqamət isə BMT-nin sülhməramlı əməliyyatlarının effektivliyinin artırılmasıdır. Eyni zamanda Afrika və Latın Amerikası ölkələrinin, eləcə də Hindistan, Pakistan, Braziliya və Türkiyə kimi qlobal miqyasda artan siyasi və iqtisadi çəkiyə malik dövlətlərin Təhlükəsizlik Şurasında daimi təmsilçiliyi məsələsi də son illərin ən aktual mövzularındandır.
Ümumilikdə, BMT-də islahatlar məsələsi yalnız təşkilati-institusional dəyişiklik deyil, qlobal güc bölgüsünün yenidən tanınması problemidir. Müxtəlif dövlət və liderlərin mövqeləri göstərir ki, islahatlara ehtiyac olduğu barədə ümumi konsensus mövcuddur. Lakin bu islahatların hansı model üzrə və hansı çərçivədə həyata keçirilməsi məsələsində ciddi fikir ayrılıqları qalmaqdadır. Bu ziddiyyətlər aradan qaldırılmadıqca, BMT-nin effektivliyi və beynəlxalq proseslərdə aparıcı rolu sual altında qalacaq, islahat mövzusu isə real nəticələrdən daha çox müzakirə predmetinə çevriləcək.
MTM Analitik Qrupu