Bu gün

Aleksandr Rar: "Avropa Azərbaycana real addımlar atmalıdır" - RƏY

Avropa İttifaqı və Almaniya bu gün Azərbaycan, Qazaxıstan, Özbəkistan kimi keçmiş sovet respublikaları olmuş, hazırda isə müstəqil dövlətlər olan ölkələri Rusiyanın təsir dairəsindən çıxarmaq istiqamətində səylərini gücləndirir.

Bu fikirləri təhlil.az saytına açıqlamasında Almaniya Federal Hökumətinin sabiq müşaviri, Almaniya Avrasiya Cəmiyyətinin sədri, tarixçi və politoloq Aleksandr Rar bildirib.

Onun sözlərinə görə, bu cəhdlərin nə dərəcədə ciddi olduğunu yalnız real addımlar atıldıqdan sonra qiymətləndirmək mümkün olacaq. Xüsusilə Avropanın, eləcə də Almaniyanın Azərbaycana real investisiyalar yatırması bu baxımdan əsas göstərici ola bilər:

“Bu, Avropa və Almaniya şirkətlərinin Azərbaycandakı təmsilçiliyinin artması, Bakı ilə iqtisadi və mədəni əlaqələrin gücləndirilməsi ilə özünü göstərə bilər. Turizm məsələsi də çox vacibdir. Avropa Bakı ilə ümumi turizmi inkişaf etdirdikdə, Azərbaycan vətəndaşları Avropa İttifaqı ölkələrinə vizasız səfər edə bildikdə, eləcə də Azərbaycanda turizm elə səviyyəyə çatdıqda ki, buraya daha çox alman turist gəlsin, bu prosesin real nəticələrini görəcəyik”.

Aleksandr Rar Avropa İttifaqı ilə Azərbaycan arasında assosiasiya sazişinin real şəkildə işləməsinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun fikrincə, hazırkı mərhələdə Avropa İttifaqı və Almaniyanın Azərbaycanla tam və ardıcıl yaxınlaşmasından danışmaq hələ tezdir:

“Mənim müşahidələrimə görə, bu proses ziqzaqvari şəkildə gedir”.

Politoloq Avropa İttifaqının əsas strateji səhvlərindən birinin təkcə Rusiya ilə deyil, eyni zamanda Çinlə də qarşıdurmaya girməsi və ticarət müharibəsi aparması olduğunu bildirib. O, Aİ–Türkiyə münasibətlərinə də toxunaraq qeyd edib:

“Hamıya məlumdur ki, Avropa İttifaqının Türkiyə ilə münasibətləri də asan deyil. Doğrudur, bu gün Almaniyada Ankaranın Avropa İttifaqına üzv olmasını açıq şəkildə dəstəkləyən səslər var. Lakin Türkiyə geosiyasi səbəblərə görə və artıq buna 10–20 il əvvəlki qədər ehtiyac duymadığı üçün bu məsələyə o qədər də maraq göstərmir”.

Sabiq müşavir Brüsselin Türkiyə və Azərbaycanla yanaşı, Mərkəzi Asiya regionu ilə də yaxınlaşmaq cəhdlərinin müşahidə olunduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, ABŞ da bu regionda fəallığını artırmağa çalışır:

“Unutmaq olmaz ki, Azərbaycan və Cənubi Qafqaz beynəlxalq tranzit və nəqliyyat yolları, eləcə də dəhlizlər baxımından mühüm birləşdirici halqadır”.

Aleksandr Rar qeyd edib ki, Avropa İttifaqının dəyişməz siyasi mövqeyi mövcuddur və Brüssel bu mövqedən geri çəkilmir. Söhbət demokratiya və liberal dəyərlərin təşviqindən gedir:

“Bu, Avropa İttifaqı üçün ən vacib məsələdir. Lakin Brüssel öz ritorikasını dəyişib ayrı-ayrı dövlətlərin milli və iqtisadi maraqlarını anlamağa başladıqda, tərəfdaşlarına daim guya demokratiyaya ‘çatmadıqlarını’ deməkdən və onları öyrətmək cəhdlərindən imtina etdikdə, onda həqiqətən çox şey dəyişə bilər”.

Onun fikrincə, Avropa İttifaqı Azərbaycanla münasibətlərdə daha çevik və praqmatik mövqe sərgiləməlidir:

“Mən çox istərdim ki, Avropada, xüsusilə Almaniyada daha çox Azərbaycan məhsulları olsun. Real iqtisadi əlaqələr işə düşəndə, Azərbaycan biznesi Avropada və Almaniyada yetərincə təmsil olunanda, eyni zamanda Avropa şirkətləri sizin regionda özlərini rahat hiss edib Azərbaycanda biznes qurmağa başlayanda bu münasibətlər tamamilə yeni mərhələyə keçə bilər”, – deyə Aleksandr Rar əlavə edib.

Rasim Babayev 

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?