Bu gün

Azərbaycan-ABŞ enerji əməkdaşlığı yeni mərhələyə yüksəlir - MƏQALƏ

Birmənalı həqiqətdir ki, enerji faktoru dünya iqtisadiyyatının inkişafında daim həlledici rol oynayan əsas amillərdən biri olub və bu gün də həmin rolunu qoruyur. Tarixin bütün mərhələlərində iqtisadi tərəqqi enerji mənbələrinin mövcudluğu, onların səmərəli istifadəsi və əlçatanlığı ilə sıx bağlı olub. Sənaye inqilabından müasir rəqəmsal iqtisadiyyata qədər bütün inkişaf mərhələlərində enerji istehsalın, nəqliyyatın, texnologiyanın və sosial rifahın əsas dayağı kimi çıxış edib. 

Enerji istehsalı və istehlakı iqtisadi artım tempinə birbaşa təsir göstərir. Sənaye, kənd təsərrüfatı, nəqliyyat və xidmət sektorlarının fəaliyyəti dayanıqlı enerji təminatı olmadan mümkün deyil. Qloballaşma prosesləri isə enerji faktorunun əhəmiyyətini daha da artırıb. Bu gün enerji dünya iqtisadiyyatının inkişafında strateji və çoxşaxəli rol oynayaraq dayanıqlı tərəqqinin əsas sütunlarından biri kimi çıxış edir. Bu mənada enerji hasilatçısı olan ölkələr həm özlərinin, həm də qlobal iqtisadiyyatın inkişafında mühüm rol oynayırlar və Azərbaycan da bu ölkələr sırasında yer alır.

Enerji resurslarından səmərəli istifadə əsasında özünəməxsus inkişaf modeli formalaşdırmış Azərbaycan bu müstəvidə bir çox ölkələrlə, o cümlədən Qərb dünyası ilə genişmiqyaslı əməkdaşlıq əlaqələri qurmağa nail olub. Ölkəmizin enerji sahəsində etibarlı tərəfdaş kimi tanınması Azərbaycanla əməkdaşlığın davamlı şəkildə genişlənməsinə zəmin yaradır. Bu məqam energetika naziri Pərviz Şahbazovun Amerika Birləşmiş Ştatlarına son səfəri fonunda bir daha aydın görünür.

Qeyd edilməlidir ki, Vaşinqtonda energetika naziri Pərviz Şahbazov ABŞ-nin energetika naziri Kris Rayt, ticarət nazirinin köməkçisi və Xarici Ticarət Xidmətinin baş direktoru Devid L. Foqel, eləcə də Ağ Evin Milli Enerji Üstünlüyü Şurasının icraçı direktoru Jarrod Agen ilə görüşlər keçirib. Energetika Nazirliyinin məlumatına əsasən, bu görüşlərdə iki ölkə arasında enerji əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Görüşlər zamanı ABŞ-ın uzun illərdir Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş kimi çıxış etməsi, regionda və Avropada enerji təhlükəsizliyinə xidmət edən iri infrastruktur layihələrinin reallaşmasına verdiyi davamlı dəstək məmnunluqla qeyd edilib. Prezident İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında avqustun 8-də Vaşinqtonda keçirilmiş görüşün enerji əməkdaşlığını yeni mərhələyə yüksəldən strateji əhəmiyyətindən bəhs olunub. Bu kontekstdə Azərbaycanla ABŞ arasında hazırlanan Strateji Tərəfdaşlıq Xartiyasının, habelə TRIPP marşrutunun enerji sahəsində yeni ikitərəfli və regional əməkdaşlığa təkan verdiyi vurğulanıb.

Enerji sahəsində sərmayələrin artırılması və regional bağlantılar üzrə infrastrukturun genişləndirilməsi prioritetlərinə uyğun olaraq neft-qaz sektoru, elektrik enerjisinin ixracı və tranzit marşrutları, TRIPP və digər interkonnektor layihələri üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Eyni zamanda “Azəri–Çıraq–Günəşli” yataqlarının işlənməsi layihəsində iştirak edən “ExxonMobil” şirkəti ilə əməkdaşlığın genişləndirilməsi, eləcə də “SOCAR Trading”in Hyustonda çoxşaxəli fəaliyyəti müzakirə edilib. ABŞ şirkətləri ilə texnologiyalar, data mərkəzləri də daxil olmaqla müxtəlif istiqamətlər üzrə mümkün tərəfdaşlıqlar, enerji sahəsində mütəmadi dialoq mexanizminin yaradılması və əməkdaşlığın əhatəli yol xəritəsinin hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

Bütün bunlar onu göstərir ki, qarşıdakı dövrdə Azərbaycanla ABŞ arasında enerji sahəsində əməkdaşlıq daha da dərinləşdiriləcək. Bu əməkdaşlıq təkcə neft sektorunu deyil, təbii qaz və yaşıl enerji sahələrini də əhatə edəcək. ABŞ-ın da iştirak edəcəyi Zəngəzur dəhlizi fəaliyyətə başladıqdan sonra enerji və nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar açılacaq.

Bu kontekstdə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Polşanın “TVP World” telekanalına verdiyi müsahibədə Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər xüsusi diqqət çəkir. Onun sözlərinə görə, bu dəhliz bir neçə strateji məqsədə eyni anda nail olmağa imkan verəcək: Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşdirilməsi, uzun fasilədən sonra Ermənistan və Azərbaycanın birbaşa əlaqəsinin təmin edilməsi, eləcə də Asiya ilə Avropa arasında alternativ nəqliyyat marşrutunun formalaşdırılması. Elçin Əmirbəyov vurğulayıb ki, Bakı və İrəvan ABŞ-ın vasitəçiliyi ilə bu sülhün hər iki tərəf üçün iqtisadi faydalar gətirməsi barədə razılığa gəlib.

Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə enerji resurslarının da bu marşrut üzrə ixracı gözlənilir. Bu fonda Azərbaycanla ABŞ-ın daxil olduğu Qərb dünyası arasında enerji əməkdaşlığının daha da dərinləşəcəyi proqnozlaşdırılır. Son illərdə beynəlxalq enerji bazarlarında baş verən dəyişikliklər, Avropanın enerji mənbələrini şaxələndirmək zərurəti və alternativ enerjinin inkişafı Azərbaycan–ABŞ enerji münasibətlərini yeni mərhələyə çıxarıb.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu ABŞ tərəfindən yüksək qiymətləndirilir. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsi Avropanın Rusiyadan enerji asılılığının azaldılması və mənbələrin şaxələndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. ABŞ bu layihəni regional sabitliyin möhkəmləndirilməsinə xidmət edən mühüm təşəbbüs kimi dəstəkləyir.

Müasir dövrdə enerji əməkdaşlığının dərinləşməsində bərpa olunan enerji sahəsi xüsusi yer tutur. Qlobal iqlim dəyişiklikləri və yaşıl enerji keçidi fonunda ABŞ və Azərbaycan arasında alternativ enerji mənbələrinin inkişafı üzrə əməkdaşlıq genişlənir. Enerji sahəsində tərəfdaşlıq eyni zamanda regional geosiyasətə də təsir göstərir və iki ölkə tərəfindən enerji təhlükəsizliyi prizmasından strateji əhəmiyyət kəsb edir.

Bununla yanaşı, enerji əməkdaşlığı Azərbaycanla ABŞ arasında iqtisadi əlaqələrin genişlənməsinə də ciddi töhfə verir. ABŞ investisiyaları, texnologiyaları və idarəetmə təcrübəsi Azərbaycanın enerji sektorunun modernləşdirilməsində mühüm rol oynayır. Bütün bunlar bir daha təsdiq edir ki, neft və qaz layihələrindən bərpa olunan enerjiyə qədər uzanan Azərbaycan–ABŞ əməkdaşlığı regional və qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir. Qarşıdakı dövrdə yaşıl enerji, texnoloji innovasiyalar və davamlı inkişaf sahələrində əməkdaşlığın genişlənməsi bu münasibətlərin strateji əhəmiyyətini daha da artıracaq.

MTM Analitik Qrupu 

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?