“Qərbi Azərbaycan” mövzusu niyə narahatlıq yaradır? - TƏHLİL

Ermənistanın baş naziri Nikol Paşinyanın Almaniyaya səfəri çərçivəsində jurnalistlərə verdiyi son müsahibə Cənubi Qafqazda formalaşmış yeni siyasi reallıqlar fonunda bir sıra haqlı suallar doğurur. Xüsusilə “Qarabağ” və “Qərbi Azərbaycan” mövzularının eyni müstəvidə təqdim edilməsi, üstəlik bu məsələlər üzrə rəsmi Bakı ilə birgə “yol xəritəsinin hazırlanması” təklifinin irəli sürülməsi danışıqlar prosesinin mahiyyəti ilə uzlaşmayan və qərəzli yanaşma kimi qiymətləndirilməlidir.
Bu cür iddialar 2025-ci il 8 avqust tarixində Vaşinqtonda paraflanmış Yekun Sülh Sazişinin ruhuna və prinsiplərinə açıq şəkildə ziddir. Sözügedən sənəd Qarabağ məsələsinin tam qapandığını, tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdığını və münasibətlərin bundan sonra qarşılıqlı hörmət və suverenlik prinsipləri əsasında inkişaf edəcəyini təsbit edir. Belə olan halda, artıq bağlanmış “Qarabağ ermənilərinin geri qayıdışı” mövzusunun yenidən gündəmə gətirilməsi rəsmi Bakının qarşısına faktiki olaraq yeni şərtlər qoymaq cəhdi kimi dəyərləndirilə bilər.
Nikol Paşinyanın açıqlamalarında narahatlıq doğuran əsas məqamlardan biri Qarabağ probleminin guya tam başa çatmadığı barədə yanlış təsəvvür yaratmaq cəhdidir. Halbuki son iki il ərzində Azərbaycanla Ermənistan arasında sülh və normallaşma istiqamətində real və ölçülə bilən addımlar atılıb. Vaşinqton razılaşmalarından sonra tərəflər arasında etimad quruculuğu tədbirləri həyata keçirilib, rəsmi və qeyri-rəsmi təmaslar intensivləşib, dialoq üçün daha konstruktiv mühit formalaşıb. Azərbaycan ərazisindən Ermənistana yük daşınmasına razılıq verilməsi, hava məkanlarının mülki uçuşlar üçün açılması bu prosesin konkret nümunələridir.
Məhz belə bir şəraitdə, daxildəki revanşist qüvvələrin təzyiqini bəhanə edərək “Qarabağ ermənilərinin geri dönüşü” kimi artıq aktuallığını itirmiş mövzunun “Qərbi azərbaycanlıların geri qayıdışı” məsələsi ilə əlaqələndirilməsi sülhə xidmət etmir, əksinə, bölgədə gərginlik risklərini artırır.
Ermənistan baş nazirinin “Qərbi Azərbaycan” anlayışını qəbul etməməsi və bu mövzunu ərazi iddiası kimi təqdim etməsi rəsmi Bakının mövqeyinin bilərəkdən təhrif edilməsidir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı heç bir halda Ermənistanın ərazi bütövlüyünə qarşı yönəlməyib. Rəsmi İrəvandan fərqli olaraq, Azərbaycan bu məsələni heç vaxt ərazi iddiası kontekstində təqdim etməyib.
Digər tərəfdən, Qarabağ erməniləri 2023-cü ildə Azərbaycanın reinteqrasiya planını qəbul etməyərək könüllü şəkildə Ermənistan ərazisinə köçüblər. Halbuki XX əsrin 80-ci illərinin sonlarında 250 mindən çox azərbaycanlı Ermənistan ərazisindən zorakılıqla qovulub, deportasiya və etnik təmizləməyə məruz qalıb. Bu iki hadisə arasında hüquqi və mənəvi baxımdan ciddi fərq mövcuddur.
Bu mövzunun gündəmdə saxlanılması yalnız insan hüquqları və humanitar problemlərin həlli müstəvisində dəyərləndirilməlidir. Söhbət tarixi ədalətin bərpasından və beynəlxalq hüquqla təsbit olunmuş fundamental hüquqların təminindən gedir. BMT-nin İnsan Hüquqları üzrə Ümumi Bəyannaməsində, Avropa İnsan Hüquqları Konvensiyasında və digər beynəlxalq sənədlərdə hər bir şəxsin doğma torpağında yaşamaq və ora qayıtmaq hüququ açıq şəkildə tanınır. Bu baxımdan, azərbaycanlıların Ermənistan ərazisindəki ata-baba yurdlarına qayıdış hüququnun inkar edilməsi insan hüquqlarının açıq şəkildə pozulması kimi qiymətləndirilməlidir.
Bölgədə uzunmüddətli və dayanıqlı sülh yalnız siyasi bəyanatlarla deyil, insanların pozulmuş hüquqlarının real şəkildə bərpası ilə mümkündür. Qərbi azərbaycanlıların qayıdış hüququnun tanınmaması iki xalq arasında etimadın formalaşmasına mane olan əsas amillərdən biri olaraq qalır. Bu məsələnin ədalətli həlli isə gələcək nəsillər üçün daha təhlükəsiz və sabit regionun qurulmasına real töhfə verə bilər.
Rəsmi İrəvan “Qərbi Azərbaycana qayıdış” mövzusunu “ərazi iddiası” kimi təqdim etməklə növbəti dəfə ənənəvi qarayaxma kampaniyasına əl atır. Bu yanaşma Ermənistanın real faktlar qarşısında arqumentlərinin tükəndiyini göstərir. Çünki XX əsrin sonlarında Ermənistanda azərbaycanlılara qarşı həyata keçirilmiş deportasiya və etnik təmizləmə siyasətinə dair təkzibedilməz sübutlar mövcuddur. Foto və videomateriallar, şahid ifadələri və arxiv sənədləri bu prosesin məqsədyönlü və sistemli xarakter daşıdığını təsdiqləyir.
Bu gün Ermənistan cəmiyyətində türk xalqlarına qarşı kök salmış nifrət ritorikasının mövcudluğu, “Böyük Ermənistan” ideyasının hələ də siyasi diskursda yaşaması, eləcə də Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer alması sülh prosesinə ciddi zərbə vurur. Qərbi azərbaycanlıların qayıdışına imkan verilməməsi isə iki xalq arasında etimad mühitinin formalaşmasına əsas maneələrdən biri olaraq qalır. Halbuki dayanıqlı sülh keçmişdə baş vermiş ədalətsizliklərin aradan qaldırılmasını və insan hüquqlarının bərpasını tələb edir.
Qərbi azərbaycanlıların geri qayıdışı məsələsi eyni zamanda etnik təmizləməyə məruz qalmış insanların tarixi və mənəvi haqqının tanınması deməkdir. Məhz bu reallıq hüquqi və siyasi əsaslara söykənən “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nın hazırlanmasını zəruri edib. Bu məsələ dövlət səviyyəsində milli ideya xarakteri daşıyan, uzunmüddətli strateji hədəf kimi müəyyənləşdirilib. Azərbaycanın bu istiqamətdə atdığı ardıcıl addımlar və irəli sürdüyü təşəbbüslər beynəlxalq hüquqa əsaslanan, sabitlik və davamlı sülhə yönəlmiş siyasətin tərkib hissəsidir.
Rəsmi Bakı həmçinin vurğulayır ki, Ermənistan ərazisində dağıdılmış məscidlərin və digər tarixi-mədəni abidələrin bərpası barışıq və qarşılıqlı etimad mühitinin formalaşmasına xidmət edə bilər. Bu prosesdə YUNESKO və İSESKO kimi beynəlxalq təşkilatların iştirakı vacib hesab olunur. Ermənistan bu qurumların monitorinq missiyalarına şərait yaratmalı, azərbaycanlılara məxsus mədəni irsin qorunması və bərpası istiqamətində real və praktik addımlar atmalıdır.
MTM Analitik Qrupu