Bu gün

Müdafiə sənayesinin inkişafı ölkəmizin qeyri-neft ixracı potensialını möhkəmləndirir - TƏHLİL

Son onillikdə Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika və silah-sursat təminatı milli müdafiə sənayesinin inkişafı ilə paralel şəkildə reallaşdırılır. Ölkəmizin bu sahədəki beynəlxalq əməkdaşlığı, mühüm müdafiə sənayesi sərgilərində müntəzəm iştirakı dünya hərb sənətinin ən son yeniliklərini mənimsəməsi, qarşılıqlı təcrübə mübadiləsini genişləndirməsi, silah-sursat və hərbi texnika alışına dair dövlətlərarası müqavilələr imzalaması baxımından mühüm platforma rolunu oynayır.

Müdafiə sənayesinin inkişafına xidmət edən kompleks tədbirlər ölkənin milli təhlükəsizlik konsepsiyasının və ümumi inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrilib. Yeni geosiyasi reallıqlar, artan regional risklər və qlobal texnoloji transformasiya fonunda Bakı milli müdafiə potensialının gücləndirilməsinə yalnız hərbi deyil, həm də sənayenin inkişafı, qeyri-neft məhsulları ixracı baxımından xüsusi əhəmiyyət verir.

Prezident İlham Əliyevin Slovakiyaya səfəri çərçivəsində müdafiə sənayesi sahəsində əməkdaşlıq perspektivlərinin müzakirəsi bu yanaşmanın növbəti praktik təzahürü oldu. Səfər zamanı aparılan müzakirələr göstərdi ki, Azərbaycan-Slovakiya münasibətləri klassik siyasi dialoq müstəvisindən çıxaraq, konkret iqtisadi və sənaye layihələri ilə zənginləşir. Slovakiya Prezidenti Peter Pelleqrininin birgə mətbuat konfransında səsləndirdiyi fikirlər isə deməyə əsas verir ki, rəsmi Bratislava Azərbaycanla münasibətlərə, sadəcə, silah satışı prizmasından yanaşmır. Slovakiya özünün inkişaf etmiş müdafiə sənayesi potensialını, xüsusilə özüyeriyən artilleriya qurğuları və avtomatik artilleriya sistemləri sahəsində formalaşmış təcrübəsini ölkəmizlə paylaşmağa hazırdır.

Bu yanaşma Azərbaycanın müdafiə sənayesi strategiyası ilə tam uzlaşır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmizin müdafiə sənayesində beynəlxalq əməkdaşlığı yalnız hərbi məqsədlərə xidmət etmir. Ölkəmiz bu sahəni sənaye inkişafının və texnoloji tərəqqinin mühüm istiqaməti kimi nəzərdən keçirir. Məqsəd dünyadakı mütərəqqi təcrübəni mənimsəmək və bu sahədə rəqabətədavamlı məhsullar istehsal etməkdir. Ölkəmizdə istehsal edilən müdafiə sənayesi məhsulları yalnız daxili tələbatın ödənməsinə deyil, həm də dünya bazarlarına keyfiyyətli silah-sursat ixracına xidmət edir.

Bu sahədə böyük təcrübəsi olan ölkələrlə birgə müəssisələrin yaradılması, birgə şirkətlərin təsisi, texnologiya transferi ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycanın bu sahədə artıq formalaşmış təcrübəsi də mövcuddur. Xüsusilə strateji müttəfiqimiz olan Türkiyə ilə müdafiə sənayesi sahəsində qurulan əməkdaşlıq praktiki nəticələrini verir. 2017-ci ildə iki ölkə arasında imzalanmış müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında saziş tərəflərin müvafiq qurumları və müəssisələri arasında birgə istehsal, tədqiqat və inkişaf, texniki xidmət və kadr hazırlığı kimi sahələri əhatə edir.

Türkiyə Milli Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən Maşın və Kimya Sənayesi Anonim Şirkətinin ölkəmizdə yaradılan “Maşın və Kimya Azerbaijan” müəssisəsinin bu günlərdə fəaliyyətə başlaması yerli istehsalın genişlənməsi, texnologiya transferi və kadr potensialının gücləndirilməsi baxımından mühüm yenilikdir. Əməkdaşlıq hazır məhsulun alınması ilə məhdudlaşmır, istehsal prosesinin birbaşa ölkə daxilində qurulmasına və bilik mübadiləsinə əsaslanır.

Bu sahədə müasir texnologiyaların mənimsənilməsi, müasir istehsal müəssisələrinini yaradılması, habelə yüksəksəviyyəli kadr bazasının formalaşdırılması Azərbaycanın perspektivdə regionda müasir hərbi-sənaye mərkəzi kimi mövqeyini təmin edə bilər. Bu cür mərkəzə çevrilmək iddiasında olan ölkəmizin qlobal təhlükəsizlik arxitekturasında rolunun da artacağı şübhəsizdir.

Slovakiya, Türkiyə, İtaliya, İsrail və digər bir sıra ölkələrlə əməkdaşlıq da eyni yanaşmaya əsaslanır. Bu ölkələrin qabaqcıl təcrübəsi əsasında istehsal olunan müdafiə sənayesi məhsulları ölkəmizin dünya silah bazarında yer almasına təminat yaradır. NATO standartlarına cavab verən müdafiə təyinatlı məhsulların Avropa, Asiya və Afrika bazarlarına çıxarılması tərəflərə yeni gəlir mənbələri qazandırır. Bu addımlar müdafiə sənayesini ölkəmizin qeyri-neft sektorunda ixrac potensialına malik əsas sahələrdən birinə çevirmək məqsədinə xidmət edir.

Müdafiə sənayesi sahəsində əməkdaşlıq müasir dünyada ölkələr arasında qarşılıqlı inam və yüksək etimad tələb edən istiqamətlərdən hesab olunur. Bu baxımdan, Azərbaycanın qeyd edilən sahədə əməkdaşlıq etdiyi ölkələrlə münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik istiqamətində inkişafı gözlənilən mühüm dividendlər sırasındadır.

Prezident İlham Əliyevin “Biz müharibə aparmaq fikrində deyilik – bu əməkdaşlığı sənaye inkişafı kimi görürük” fikri Azərbaycanın müdafiə sənayesi siyasətinin mahiyyətini dolğun şəkildə ifadə edir. Bu mövqe göstərir ki, Bakı müdafiə sənayesi təşəbbüslərini hərbi eskalasiya aləti kimi deyil, iqtisadi modernləşmə, yüksək texnologiyalara keçid və sənaye diversifikasiyasının mühüm vasitəsi kimi dəyərləndirir.

MTM Analitik Qrupu

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?