Bu gün

Strateji tərəfdaşlıq, yoxsa seçki manevri? Paşinyanın Aİ kartı - ŞƏRH

Ermənistan hökumətinin son dövrlər ortaya atdığı ən manipulativ tezislərdən biri də Avropa İttifaqına üzvlüklə bağlıdır. Bu yaxınlarda Aİ rəsmisinin İrəvana səfəri, imzalanan razılaşmalar hökumət tərəfindən böyük uğur və Avropa inteqrasiyası kimi xalqa təqdim edilir. Amma bu yaxınlarda Avropa İttifaqına üzv dövlətlərdən biri, Çexiyanın Ermənistandakı səfiri Petr Perunçik açıqlama verərək, Baş nazirin bu böyük mifini sual altına qoyub. Səfir bildirib ki, Ermənistanla Avropa İttifaqı arasındakı münasibətlərdə Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı heç bir gündəm yoxdur. Ermənistanın Aİ-yə üzvlüyü məsələsi hazırda gündəmdə deyil; yalnız tərəfləri bir-birinə yaxınlaşdırmağın və əməkdaşlığı dərinləşdirməyin yolları müzakirə olunur.

Əslində səfir həqiqətləri dilə gətirib. İrəvan və Brüssel arasında aktiv əlaqələr və fəal əməkdaşlıq mövcuddur, lakin Aİ üzvlüyü məsələsində deyil, əməkdaşlığın dərinləşdirilməsi məsələsindədir. Bu, son dərəcə vacibdir, çünki hakimiyyət, xüsusən də seçkiqabağı dövrdə vətəndaşları inandırmağa çalışacaq ki, seçkilərdən sonrakı gün Ermənistan dərhal Avropa İttifaqının üzvü olacaq. Eyni zamanda səfirin açıqlamasından anlaşılır ki, Aİ ilə Ermənistan arasında münasibətlər son vaxtlar sürətlə inkişaf edir, lakin bu inkişaf artıq birbaşa üzvlük perspektivindən çox strateji tərəfdaşlıq və əməkdaşlıq səviyyəsində gedir. Məsələn, noyabr ayında Ermənistan və Aİ yeni bir strateji əməkdaşlıq gündəliyi (Strategic Agenda) qəbul edib ki, bu sənəd tərəfdaşlığın daha dərin, çoxşaxəli əlaqələr üzərində qurulmasını nəzərdə tutur, iqtisadi, təhlükəsizlik, vizaların liberalizasiyası, islahatlar və digər sahələri əhatə edir.

Ermənistan parlamenti 2025-ci ilin mart ayında rəsmən Aİ-yə üzvlük prosesini başlatmaq üçün qanun qəbul edib, prezident tərəfindən imzalanıb. Bu, ölkənin Avropa inteqrasiyası ilə bağlı siyasi iradənin göstəricisidir, lakin bu, hələ də namizədlik ərizəsinin verilməsi və rəsmi danışıqların başlaması mərhələsinə keçməyib. Çex səfirin dediyi kimi, bu mərhələdə gündəmdə real üzvlük danışıqları yoxdur və bu, rəsmi Brüssel səviyyəsində də təsdiqlənir. Baş nazir Nikol Paşinyan bəyan edib ki, Ermənistanın əsas məqsədi Aİ-yə üzvlükdür, lakin bu zaman Avrasiya İqtisadi İttifaqından çıxmaq kimi radikal addımların hələ ki gündəmdə olmadığını vurğulayıb. Bu, Paşinyanın balanslaşdırılmış xarici siyasət yürütmək niyyətini göstərir: Rusiya ilə əlaqələri bir qədər saxlayaraq Aİ ilə əlaqələri dərinləşdirmək siyasətidir. Rusiya ilə əlaqələri hələ də güclüdür və Moskva Aİ inteqrasiyasına qarşı narahatlıq ifadə edib. Aİ ilə münasibətlərin dərinləşməsi Rusiya ilə münasibətlərə təsir edə bilər ki, bu da Yerevan üçün strateji riskdir. Bu baxımdan Ermənistan Aİ-yə üzvlüyü prosesini çox ehtiyatla aparır.

Paşinyan üçün Aİ ilə əlaqələrin sürətli inkişaf etdirilməsi meydan oxuyan siyasi mesaj daşıyır. İyul 2025-də parlament Aİ inteqrasiyasını dəstəkləmişdi və bu addım Paşinyanın daxili auditoriyada demokratik dönüşlər və Avropa standartları ilə bağlı öz səylərini legitimləşdirmək cəhdidir. Xüsusilə yaxınlaşan seçkilər kontekstində bu mövzu Paşinyanın siyasi rekordu üçün mühüm elementə çevrilə bilər: o, Aİ ilə sıx əlaqələrin həm iqtisadi faydalar, həm də demokratiyanın gücləndirilməsi baxımından seçicilərə çatdırılacağını hesab edir. Lakin Paşinyanın siyasəti sadəcə ideoloji deyil; seçim real siyasi və iqtisadi balanslaşdırmadır. Rusiya ilə münasibətləri tamamilə qırmaq Ermənistan üçün çox cox risklidir, buna görə Paşinyan “ortada durmaq” strategiyasını seçir. Yəni, Aİ ilə əlaqələri dərinləşdirir, lakin üzvlüyü dərhal gündəmə gətirmir. Bu taktika həm daxili siyasi riskləri, həm də xarici balansı gözdən keçirmək üçün bir vasitədir.

Qısacası, Ermənistanın Aİ-yə üzvlük planı uzunmüddətli vizyon olaraq qalır, hazırda bu məsələ rəsmi danışıqlar gündəminin aktiv elementi deyil. Paşinyan bu istiqamətdə addımlarını həm Avropa inteqrasiyası arzusunu nümayiş etdirmək, həm də seçki dönəmində öz legitimliyini möhkəmləndirmək üçün istifadə edir, lakin real üzvlük perspektivi hələ uzun və kompleks proses tələb edir.

Hikmət Həsənov

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?