Aİ-nin Ermənistan sənədi niyə tənqid olunur? - RƏY

İrəvanla Brüssel arasında qəbul edilmiş “Avropa İttifaqı ilə Ermənistan arasında tərəfdaşlıq üçün Strateji Gündəm” Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə və onun ideoloji əsaslarına tam ziddir.
Bu fikirləri təhlil.az saytına açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri, siyasi analitik Tofiq Zülfüqarov bildirib.
Onun sözlərinə görə, sənəddə Ermənistan və Azərbaycanla bağlı yanaşmalarda açıq disbalans müşahidə olunur.
O qeyd edib ki, Avropa və Avropa İttifaqı strukturları uzun illərdir müəyyən xristian həmrəyliyi elementini təşviq edir və bu amil həm Ermənistandakı radikal dairələr, həm də Avropa İttifaqındakı millətçi qüvvələr tərəfindən siyasi alət kimi istifadə olunur.
Ekspert vurğulayıb ki, bu cür milli və ya konfessional ideologiya Aİ-nin siyasi elitasında kifayət qədər geniş yayılıb və bu mövzu dəfələrlə gündəmə gətirilib.
Sabiq nazirin fikrincə, sənəddə münaqişədən zərər çəkmiş şəxslərə dəstək məsələsində də seçici yanaşma açıq şəkildə hiss olunur
“Belə ki, qaçqınlar və məcburi köçkünlər məsələsində selektiv yanaşma sərgilənir, guya “Dağlıq Qarabağ” adlandırılan ərazinin erməni əhalisi ön plana çıxarılır, digər zərərçəkmiş qruplar isə diqqətdən kənarda qalır. Bununla yanaşı, Azərbaycanla Ermənistan arasında mövcud olmuş münaqişəni Azərbaycanın daxilində – azərbaycanlı çoxluqla erməni azlıq arasında baş vermiş daxili münaqişə kimi təqdim etməyə cəhdlər göstərilir”.
T. Zülfüqarov bildirib ki, bu yanaşma artıq çoxdan aktuallığını itirib və reallığa uyğun deyil: “Hətta Ermənistan tərəfi də dəfələrlə bu münaqişədə birbaşa iştirak etdiyini etiraf edib və sözügedən tezis köhnəlmiş yanaşma kimi artıq gündəmdən çıxıb. Yaxın vaxtlarda ATƏT-in Minsk qrupu ləğv olunub. Halbuki həmin qurumun mandatına görə guya “Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi” ilə məşğul olması nəzərdə tutulurdu. Bu baxımdan sözügedən mövzu artıq uzun müddətdir aktual deyil. Bundan başqa, Azərbaycan bu məsələdə öz mövqeyini dəfələrlə açıq şəkildə ifadə edib. Ona görə də, Avropa İttifaqının bu kontekstdə tutduğu mövqe həm özünün bəyan etdiyi prinsiplərlə, həm də praktiki fəaliyyəti ilə ziddiyyət təşkil edir”.
Rasim Babayev