Azərbaycan iqtisadiyyatında rəqəmsal transformasiya daha dinamik xarakter almağa başlayır - TƏHLİL

Son illərdə rəqəmsal iqtisadiyyat dünya miqyasında ən aparıcı və perspektivli fəaliyyət sahəsinə çevrilib. Rəqəmsallaşma hər bir ölkənin qlobal iqtisadi və informasiya məkanına girişini təmin etməklə yanaşı, gələcək üçün yeni innovativ imkanlar açır. O da faktdır ki, müasir rəqəmsal iqtisadiyyat bütün iqtisadi sektorların davamlı transformasiyasıdır, o, sadə dillə deyilsə, informasiya resurslarını və bilikləri kompüter platformasına köçürür. Burada nəzərə alınması vacib nüanslardan biri də odur ki, son onilliklərdə informasiya texnologiyalarının cəmiyyətin müxtəlif sahələrinə aktiv şəkildə nüfuz etməsi tendensiyası müşahidə olunur. Müasir sənaye dünyası inamla prinsipcə yeni informasiya texnologiyalarına, iqtisadi və sosial reallığa doğru irəliləyir. Bu dəyişikliklər qlobal informasiya texnologiyalarına və intellektual strukturlara təsir göstərir, nəticədə ənənəvi biznes təşkilatı sistemlərinin transformasiyası baş verir.
Effektiv sahibkarlıq fəaliyyəti üçün də innovativ sosial-iqtisadi strategiyalar və taktiki məqsədlər sistemi inkişaf etdirilməlidir. Eyni zamanda, texnoloji paradiqma dəyişir, idarəetmə modelləri və sosial normalar inkişaf edir. Müasir çağırışlara daim effektiv cavab verən Azərbaycan bu prosesdən kənara qala bilməz və qeyd edilən istiqamətdə müvafiq addımlar atılır. Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” bunun daha bir təzahürüdür. Sənəddə qeyd edildiyi kimi strategiyanın əsas hədəfləri ölkədə sahibkarlıq sahəsində rəqəmsal infrastrukturun genişləndirilməsi və transformasiyanın sürətləndirilməsi, iqtisadiyyatın rəqabətliliyinin yaxşılaşdırılması, innovasiya əsaslı inkişafın təşviqi, rəqəmsal bacarıqların gücləndirilməsi, eləcə də rəqəmsal iqtisadi fəaliyyətlərin dayanıqlılığının artırılmasıdır.
O da qeyd edilməlidir ki, Azərbaycanda rəqəmsal iqtisadiyyatın formalaşması dövlət strategiyaları, normativ-hüquqi baza, infrastruktur layihələri, startap ekosistemi, elektron xidmətlər və insan kapitalının gücləndirilməsi istiqamətində kompleks islahatlara əsaslanır. Texnologiyaların sürətli inkişafı, internetin geniş yayılması və innovativ həllərin tətbiqi nəticəsində iqtisadi fəaliyyətin böyük hissəsi artıq ölkəmizdə də rəqəmsal platformalara daşınır. Yeni strategiya bu prosesi daha dinamik hala gətirəcək. Ümumiyyətlə, strategiya informasiya texnologiyalarının və Dördüncü Sənaye İnqilabının əsas texnologiyalarının sürətli inkişafı şəraitində rəqəmsal iqtisadiyyat ekosisteminin formalaşdırılması, onun dayanıqlılığının təmin edilməsi və bütün iqtisadi sahələrdə rəqəmsal transformasiyanın geniş tətbiqi prinsiplərinə əsaslanır.
Strategiyanın icrası nəticəsində Azərbaycan çox iddialı hədəflərə çatmağı planlaşdırır. Məsələn, rəqəmsal transformasiya proqramlarında iştirak edən müəssisələrin sayı strategiya çərçivəsində gələn il 50, 2029-cu ildə isə 300 olacaq. Yeni startapların sayı, rəqəmsal bazarlara çıxış əldə etmiş KOB-ların payı gələn il müvafiq olaraq 30 və 20, 2029-cu ildə isə 250 və 200 təşkil edəcək. Rəqəmsal transformasiyadan keçmiş müəssisələrdə EBITDA (faiz, vergilər, amortizasiya və amortizasiyadan əvvəl mənfəət) artımı gələn 7 milyon manat, 2029-cu ildə 58 milyon manat olacaq. Təlim keçmiş vətəndaşların sayı, ümumi məşğulluqda yüksəkixtisaslı İKT mütəxəssislərinin payı, GenAİ-dən istifadə halları vasitəsilə yaradılan iqtisadi təsir sferasında da dinamik artım gözlənilir.
Strategiyanın məqsədləri iqtisadiyyatın sahələrində rəqəmsal transformasiyanı sürətləndirməklə dayanıqlı iqtisadi artımı dəstəkləmək, iqtisadiyyatın rəqəmsallaşması prosesində əmək bazarının texnoloji tələblərinə uyğun kadr potensialını formalaşdırmaq, iqtisadiyyatın sahələrində səmərəliliyə əsaslanan data yönümlü idarəetməni inkişaf etdirməkdir. Prioritet istiqamətlər olaraq, iqtisadiyyatın rəqəmsal infrastrukturla təmini və müəssisələrin transformasiyası, startapların inkişafı və maliyyələşmə mexanizmlərinin gücləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və qlobal bazarlara inteqrasiya, rəqəmsal innovasiya ekosisteminin inkişafı və şəbəkələşmə, rəqəmsal bacarıqların əmək bazarının tələblərinə uyğunluğunun artırılması, təhsil, karyera və rəqəmsal savadlılıq imkanlarının genişləndirilməsi, strategiyanın effektiv icrasının təmini üçün monitorinq mexanizminin gücləndirilməsi, iqtisadi fəaliyyət sahələri üzrə data əsaslı qərarvermə potensialının artırılması, idarəetmədə rəqəmsal infrastruktur və texnoloji modellərin tətbiqi müəyyən olunub.
Rəqəmsal iqtisadiyyatın inkişafının əsas istiqamətlərindən biri ölkədə informasiya-kommunikasiya texnologiyaları sektorunun modernləşdirilməsidir. Azərbaycanda bu istiqamətdə görülən işlər ölkə iqtisadiyyatında rəqəmsal transformasiyanın daha dinamik xarakter almasına münbit zəmin yaradır. Son illərdə genişzolaqlı internetin əhatə dairəsinin artırılması, fiber-optik şəbəkələrin genişləndirilməsi və mobil rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi nəticəsində rəqəmsal mühit ölkəmizdə daha əlçatan səviyyəyə yüksəlib. Dövlət idarəçiliyində rəqəmsallaşma sahəsində mühüm addımlardan biri “Elektron hökumət” portalının təkmilləşdirilməsi və xidmətlərin vahid platformadan təqdim edilməsidir. Azərbaycanda rəqəmsal iqtisadiyyatın formalaşmasında innovasiya və startap ekosisteminin rolu xüsusilə diqqətəlayiqdir. Müxtəlif texnoparkların fəaliyyəti ölkədə yeni texnoloji həllərin yaradılmasını təşviq edir. Startap layihələrinə qrantlar, investisiyalar və inkubasiya xidmətləri təqdim edilməklə yerli sahibkarlığın rəqəmsal istiqamətlərdə inkişafına dəstək verilir. Bu növ təşəbbüslər gənclərin texnologiya sahəsində öz potensialını reallaşdırmasına, yeni məşğulluq imkanlarının yaranmasına və rəqabətqabiliyyətli məhsulların istehsalına şərait yaradır. Elektron ticarətin genişləndirilməsi rəqəmsal iqtisadiyyatın mühüm tərkib hissəsidir. Ödəniş sistemlərinin rəqəmsallaşması, bank xidmətlərində tətbiq olunan innovativ texnologiyalar, eləcə də fintech platformalarının yaranması istehlakçıların rəqəmsal ekosistemə daxil olmasını asanlaşdırır. Mobil bankçılıq, onlayn kreditləşmə və rəqəmsal pulqabı kimi xidmətlər geniş istifadə edilən iqtisadi vasitələrə çevrilib.
Rəqəmsal iqtisadiyyatın inkişafı həm də kiber təhlükəsizlik sistemlərinin gücləndirilməsini tələb edir. Azərbaycan hökuməti bu sahədə də bir sıra mühüm addımlar atıb, dövlət qurumları və strateji əhəmiyyətli infrastrukturlar üçün təhlükəsizlik standartları müəyyən edilib. Kiber maarifləndirmə proqramları vasitəsilə həm dövlət sektorunun, həm də özəl sektorun rəqəmsal təhlükəsizliyi artırılıb.
Ümumiyyətlə, proseslər göstərir ki, Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı sistemli və ardıcıl islahatların nəticəsi olaraq formalaşan müasir tendensiyadır. İnfrastrukturun təkmilləşdirilməsi, innovasiya mühitinin yaradılması, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və insan kapitalının gücləndirilməsi ölkənin texnoloji tərəqqisini sürətləndirir. Rəqəmsal iqtisadiyyatın genişlənməsi Azərbaycanın qlobal iqtisadi sistemdə daha rəqabətli mövqe tutmasına, sosial rifahın yüksəlməsinə və iqtisadiyyatın dayanıqlı inkişafına mühüm töhfə verir. “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” isə bu prosesi daha dinamik hala gətirəcək.
MTM Analitik Qrupu