Azərbaycan–Ermənistan arasında yanacaq idxalı ilə bağlı danışıqlar aparılır

Azərbaycanla Ermənistan arasında yanacaq sahəsində mümkün əməkdaşlıq gündəmdədir.
Təhlil.az xəbər verir ki, Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan bildirib ki, Azərbaycandan Ermənistana yanacaq idxalı ilə bağlı müzakirələr aparılıb və bu istiqamətdə əməkdaşlıq üçün imkanlar mövcuddur.
Onun sözlərinə görə, məsələ Qəbələdə keçirilən görüş zamanı Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə müzakirə edilib.
Qriqoryan qeyd edib ki, yanacağın həcmi, qiymət mexanizmi və ixrac–idxal prosesində iştirak edəcək şirkətlərə dair detalları tərəflərin özəl sektoru müəyyən edəcək. O vurğulayıb ki, mümkün razılaşmalar bazar prinsipləri əsasında formalaşacaq. Eyni zamanda, tərəflərin digər məhsullar üzrə də ticarət imkanlarını nəzərdən keçirdiyi bildirilib.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də bu məlumatı təsdiqləyərək qeyd edib ki, delimitasiya prosesi ilə paralel olaraq Azərbaycan və Ermənistan arasında müxtəlif ticarət sahələri, o cümlədən yanacaq ixracı ilə bağlı məsələlər müzakirə olunur.