Dünən

Vətən müharibəsində həm də Heydər Əliyevin ideyaları qalib gəldi - TƏHLİL

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dövlət müstəqilliyimizin banisi, müasir Azərbaycan dövlətinin qurucusudur. Ulu Öndər öz siyasi dühası ilə xalqımızın taleyində silinməz izlər qoyub. Onun Azərbaycana rəhbərlik illəri milli intibah dövrü kimi əbədiləşib. Heydər Əliyev bütün həyatını doğma xalqına həsr edib, xalqa ləyaqətlə və sədaqətlə xidmət göstərməyi həyat amalına çevirib. O, Azərbaycanı inamla irəliyə aparıb, həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycanın inkişafı üçün böyük fədakarlıqlar göstərib.

Heydər Əliyev 1969-cu ildə rəhbərliyə başlayandan sonra Azərbaycanı sosial-iqtisadi göstəricilərinə görə sovet məkanında ən qabaqcıl respublikalardan birinə çevirdi. O dövrdə sənayenin müxtəlif sahələrinin, neft-qaz sektorunun, kənd təsərrüfatının inkişafı Ulu Öndərin adı ilə bağlıdır. Heydər Əliyev xalqla hakimiyyət arasındakı boşluqları aradan qaldırdı, milli ruhu məhv olmaq təhlükəsindən qurtardı, dövlət idarəçiliyinə yeni nəfəs verdi. O, hətta imperiya asılılığında belə, millətə vicdanlı və ləyaqətli xidmətin mümkünlüyünü sübuta yetirdi. Azərbaycanlıların yolunu hakimiyyət strukturlarına açdı. Diqqəti mədəni-mənəvi qaynaqlara yönəltməklə tarixi yaddaşı ölməyə qoymadı, Azərbaycan dili, ədəbiyyatı, tarixi və musiqisi ilə əlaqəli bağlı qalmış qatları yenidən açdı.

Ulu Öndər Heydər Əliyevin yüksək şəxsi keyfiyyətləri və peşəkarlığı SSRİ miqyasında da yüksək qiymətləndirildi. 1982-ci ildən SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Siyasi Büronun üzvü vəzifələrində çalışan Ulu Öndər bir çox önəmli sahələrə rəhbərlik edirdi. Onun başçılığı altında böyük infrastruktur layihəsi olan Baykal-Amur dəmir yolu uğurla inşa olundu. Heydər Əliyev o dövrdə də doğma Azərbaycanı unutmadı, respublikanın inkişafı ilə bağlı çoxsaylı qərarlar qəbul etdi, ədalətli mövqeyi və cəsarəti ilə seçildi. Heç bir təzyiq onu yolundan döndərə bilmədi. 1987-ci ildə sovet rəhbərliyinin Heydər Əliyevi əsassız yerə vəzifəsindən uzaqlaşdırması onun yüksək peşəkarlığına və cəsarətinə qarşı böyük ədalətsizlik idi. Ona görə də ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərindən etibarən Azərbaycan böyük fəlakətlərlə üz-üzə qalanda məhz Heydər Əliyev amili, onun möhkəm iradəsi Naxçıvan Muxtar Respublikasını Ermənistanın işğalından qorudu. Heydər Əliyevin təşəbbüsü və sədrliyi ilə keçirilən Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı elan edildi. 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransını keçirməklə gənc dövlətin siyasi sisteminin yaradılmasına böyük töhfə verdi.

Azərbaycan öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşəndə xalq təkidlə Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 15 iyun 1993-cü il tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Həmin il oktyabrın 3-də Azərbaycan xalqı öz dahi oğluna yüksək etimad göstərərək onu Azərbaycan Respublikasının Prezidenti seçdi. Ulu Öndərin xilaskarlıq missiyası qısa vaxtda vətəndaş müharibəsinin qarşısını aldı, qanunsuz silahlı birləşmələr ləğv edildi. Ermənistanın Azərbaycana hərbi təcavüzü, 1 milyondan çox insanın öz doğma yurdundan qovularaq məcburi köçkünə çevrilməsi, ölkədə hökm sürən siyasi, iqtisadi, sosial və humanitar böhran şəraitində belə, Ulu Öndər Azərbaycanın müstəqilliyinin keşiyində dayandı. O, bütün təxribatların, terrorların, dövlət çevrilişlərinin qarşısında mətanətlə durdu, xalqı etnik və dini mənsubiyyətinə görə bölmək istəyənlərin qarşısına sipər çəkdi, onları vahid ideya ətrafında birləşdirdi. Heydər Əliyevin azərbaycançılıq ideologiyası qüvvətli dövlətçilik təlimi kimi xalq arasında böyük nüfuz qazandı.

1993-2003-cü illər Azərbaycan tarixinə sabitlik və inkişaf illəri kimi daxil oldu. Bu illərdə dövlətçiliyin əsasları qoyuldu, Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesi başladı. Qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə sisteminin yaradılması, müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir. Ulu Öndərin xidmətləri sayəsində Azərbaycan iqtisadi və mədəni yüksəliş yolu tutaraq xarici sərmayələrə açıq olan və böyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevrildi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə Azərbaycanın yeni neft strategiyasının təməli qoyuldu, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk kimi şaxələndirilmiş neft boru kəmərləri sistemi yaradıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu, vətəndaş cəmiyyətinin əsasları quruldu, mətbuat üzərində senzura və ölüm hökmü ləğv olundu. Heydər Əliyev böyük təəssübkeşlik göstərərək 20 Yanvar faciəsinə, Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdi, martın 31-ni azərbaycanlıların soyqırımı günü elan etdi.

Ulu Öndər Azərbaycanın müasir inkişaf strategiyasını müəyyənləşdirdi. Bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan yeni iqtisadi model qurdu. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasət kursu müəyyənləşdirildi. Dünya birliyi və beynəlxalq təşkilatlarla qarşılıqlı səmərəli əlaqələr quruldu. Onun uğurlu xarici siyasət kursu Azərbaycana etibarlı tərəfdaşlar qazandırdı, ölkəmizin beynəlxalq nüfuzunun artmasına ciddi təsir göstərdi. Bununla da Azərbaycan müstəqilliyin ilk illərində mövcud olan beynəlxalq təcriddən çıxdı.

Ordu quruculuğuna xüsusi önəm verən Heydər Əliyev hələ sovet dövründə Bakıda Cəmşid Naxçıvanski adına hərbi liseyin açılmasına nail olmuşdu. Ulu Öndərin göstərişi ilə müstəqillik illərində də yeni ali hərbi təhsil müəssisələri açıldı, ixtisaslı hərbçi kadrların hazırlanmasına başlandı. Çünki Azərbaycanın ərazi bütövlüyünün təmin olunması Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu idi. Onun davamçıları, ölkədə yetişən gənc vətənpəvər nəsil, müstəqilliyin övladları Ulu Öndərin vəsiyyətini yerinə yetirərək şanlı zəfərə imza atdılar. Qəhrəman ordumuz Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə 44 günə son qoyaraq tarixi ədaləti döyüş meydanında bərpa etdi, “Dəmir yumruq” qalib gəldi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, şanlı bayrağımız Şuşa qalasına sancıldı. Ulu Öndər bu tarixi zəfəri görə bilməsə də, onun ideyaları, işıqlı fikirləri və gələcəyə yönəlmiş addımları müasir Azərbaycanın reallıqlarını müəyyən etdi.

MTM Analitik Qrupu

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?