“Aİ-Ermənistan sənədindəki müddəalar reallığı əks etdirmir və sülhə ziddir” - AÇIQLAMA

Ermənistan və Avropa İttifaqı arasında imzalanmış “Avropa İttifaqı–Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədi həm Vaşinqtonda 8 avqust tarixində Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaların ruhuna, həm də Azərbaycan–Aİ münasibətlərinin inkişaf xəttinə ziddir.
Bunu təhlil.az saytına açıqlamasında Azərbaycanın Moldovadakı və Gürcüstandakı keçmiş səfiri, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru, hüquq elmləri doktoru Namiq Əliyev deyib.
Professor qeyd edib ki, son dövrlər Ermənistanın siyasi kursunu dəyişdiyi açıq şəkildə görünür:
“Əgər dünən biz Ermənistanı Rusiyanın forpostu kimi görürdüksə, bu gün o, Avropa İttifaqının və ümumilikdə kollektiv Qərbin siyasi arxitekturasına inteqrasiya olunmağa çalışır. Lakin əsas sual budur: Ermənistanın dövlətçilik mahiyyəti dəyişibmi? Tarixən xarici siyasi mərkəzlərdən asılı olan bu ölkə müstəqil beynəlxalq subyektə çevrilə bilərmi?”
Namiq Əliyevin sözlərinə görə, Ermənistanın dövlətçilik modelində fundamental dəyişiklik baş verməyib və bu, Aİ ilə imzalanan sənədin məzmununda da öz əksini tapır:
“Strateji Gündəliyin prioritetləri Ermənistanın subyektlikdən məhrum olduğunu bir daha göstərir. Bu prioritetlər nə Vaşinqtonda əldə olunmuş razılaşmalara, nə də Azərbaycan–Aİ münasibətlərinin müsbət inkişaf xəttinə uyğun gəlir. Bu səbəbdən sənəd bizdə təəccüb doğurdu”.
Ekspert həmçinin vurğulayıb ki, sənəddə proseslərin təhrif edilmiş şəkildə təqdim olunması da ciddi narahatlıq yaradır:
“Azərbaycan Xarici İşlər Nazirliyinin sərt reaksiyası da məhz buna görədir. Sənəddə reallığı tam təhrif edən müddəalar yer alıb. Görünür, bu yanlış qiymətləndirmələr Ermənistan tərəfindən təqdim edilib. Halbuki rəsmi İrəvanın son dövrdəki ritorikası daha çox sülh prosesinə uyğun istiqamətdə idi”.
Professor xüsusilə Qarabağ ermənilərinin bölgəni tərk etməsi ilə bağlı qeydlərin həqiqəti əks etdirmədiyini diqqətə çatdırıb:
“Sənəddə guya ermənilərin Azərbaycan Ordusunun hərbi əməliyyatları nəticəsində bölgəni tərk etdiyi iddia olunur ki, bu, tamamilə yanlış məlumatdır. Bölgəyə səfər edən bütün beynəlxalq missiyalar təsdiqləyiblər ki, əhali ərazini könüllü şəkildə, separatçı rəhbərlərinin direktivi ilə tərk edib. Heç bir məcburiyyət olmayıb”.
Rasim Babayev