11 dekabr

Vaşinqton Azərbaycanla əməkdaşlıq istiqamətində baryerləri aradan qaldırır - TƏHLİL

Son illərdə Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıq aparıcı beynəlxalq aktorların bölgəyə yanaşmasını ciddi şəkildə dəyişib. Xüsusilə ABŞ ilə Azərbaycan arasında müşahidə olunan yüksək dinamika iki ölkə münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Hazırkı mərhələ diplomatik təmasların intensivləşməsi ilə yanaşı, dövlət başçıları səviyyəsində formalaşan səmimi siyasi dialoqla xarakterizə olunur.

ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi ilə bağlı təşəkkür məktubunda səsləndirdiyi fikirlər və Prezident İlham Əliyevin cavab məktubundakı səmimi ifadələr iki lider arasında qarşılıqlı etimadın formalaşdığını aydın nümayiş etdirir. Trampın regionda sülh prosesinə dəstək verdiyini yenidən bəyan etməsi Vaşinqtonun Bakının sülh, təhlükəsizlik və əməkdaşlıq istiqamətindəki səylərini yüksək qiymətləndirdiyini göstərir. Bu siyasi etimad ikitərəfli əlaqələrin dayanıqlı şəkildə inkişafına əlavə impuls yaradır.

Xatırladaq ki, avqust ayında Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderləri arasında keçirilmiş üçtərəfli və ikitərəfli görüşlər münasibətlərin intensivliyini daha da gücləndirib. Bu görüşlər, xüsusən də “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında” Anlaşma Memorandumunun imzalanması ikitərəfli əməkdaşlığın institusional əsasda inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Formalaşan qarşılıqlı etimad fonunda ABŞ Administrasiyasının son aylarda atdığı siyasi-hüquqi addımlar münasibətlərin inkişafına mane olan baryerlərin aradan qaldırılmasına yönəlib. ABŞ Prezidentinin bu ilin avqustunda “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sənəd imzalaması bunun bariz nümunəsidir. Rəsmi Bakı tərəfindən yüksək qiymətləndirilən bu qərar Vaşinqtonun yeni geosiyasi reallıqları nəzərə aldığını və Azərbaycanla strateji tərəfdaşlığı dərinləşdirmək niyyətində olduğunu nümayiş etdirir.

Bu günlərdə Konqresə təqdim olunan H.R.6534 saylı qanun layihəsi də ABŞ-ın Azərbaycana münasibətdə konstruktiv mövqe tutduğunu göstərən önəmli addımdır. Luna Anna Paulinanın təşəbbüsü ilə təqdim edilən sənəd Azərbaycana yardımlara mane olan məhdudiyyətlərin ləğvini nəzərdə tutur və artıq Xarici İşlər Komitəsinə göndərilib. Bu, Konqresin Azərbaycana qarşı ənənəvi qərəzli yanaşmadan uzaqlaşmaq istəyinin mühüm siyasi göstəricisidir.

H.R.6534 layihəsinin təqdim edilməsi təkcə texniki qanunvericilik təşəbbüsü deyil, ABŞ-ın Cənubi Qafqazda formalaşan təhlükəsizlik arxitekturasında Azərbaycanı əsas tərəfdaş kimi qəbul etməsinin təsdiqidir. Azərbaycanın sülh təşəbbüsləri, Orta Dəhlizdə oynadığı mühüm rol, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Vaşinqtonun regional strategiyasına birbaşa təsir edən amillərdir. Buna görə də ABŞ Azərbaycanı bölgədə sülh və sabitliyin təminatçısı kimi qiymətləndirir.

Azərbaycanla bağlı konstruktiv yanaşmanın arxasında Vaşinqtonun geosiyasi rəqabət fonunda müttəfiqlər şəbəkəsini genişləndirmək istəyi də dayanır. Ermənistanla aparılan danışıqlarda Azərbaycanın konstruktiv mövqeyi, sərhədlərin delimitasiyası sahəsində irəliləyişlər, Zəngəzur dəhlizi və digər logistika xətlərinin açılması istiqamətində atılan addımlar ABŞ tərəfindən yüksək qiymətləndirilir. ABŞ rəsmiləri dəfələrlə bildiriblər ki, Azərbaycan bölgədə uzunmüddətli sabitlik üçün real addımlar atan tərəfdir.

İkitərəfli münasibətlərdə hüquqi və siyasi maneələrin aradan qaldırılması gələcəkdə yeni əməkdaşlıq paketlərinin formalaşmasına şərait yaradacaq. Bu, xüsusilə müdafiə sahəsində təlim proqramları, sərhəd təhlükəsizliyi, suverenliyin qorunması, regional enerji və nəqliyyat layihələrinin dəstəklənməsi kimi vacib istiqamətləri əhatə edə bilər.

Azərbaycan–ABŞ tərəfdaşlığının yeni mərhələsi müdafiə və təhlükəsizlik sahələrində də müsbət təsirini göstərir. NATO çərçivəsində əməkdaşlığın genişləndirilməsi, regional risklərin azaldılması və beynəlxalq təhlükəsizlik təşəbbüslərində aktiv iştirak iki ölkə arasında dialoqun əsas komponentləri kimi gündəmdədir. Vaşinqton Administrasiyası Azərbaycanın bu sahədəki rolunu yüksək qiymətləndirir və tərəfdaşlığın daha sistemli inkişafına maraq göstərir.

MTM Analitik Qrupu 

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?