11 dekabr

Heydər Əliyev Fondu Azərbaycan–Mərkəzi Asiya humanitar əməkdaşlığını gücləndirir - TƏHLİL

Qədim tarixi, mədəni və etnik bağlara malik olan Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında qarşıqılı əlaqələrin müxtəlif istiqamətlər üzrə indiki dinamik inkişafı tamamilə təbii xarakterə malikdir. Ortaq türk mənəvi mirası, dini və mədəni yaxınlıq xalqlarımızın əslində, əsrlər boyu qarşılıqlı əməkdaşlıq etməsinə zəmin yaradıb. Ötən əsrin son dekadasından etibarən isə bu əlaqələr yeni məzmun alaraq daha sistemli, məqsədyönlü və institusional şəkildə inkişaf etməyə başlayıb. Xüsusilə humanitar sahə bu əməkdaşlığın əsas təməl sütunlarından biri olaraq xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır.

Qeyd edildiyi kimi Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələrin inkişafında ortaq mədəni köklər xüsusi rol oynayır, onları mənəvi müstəvidə birləşdirən, bütövləşdirən başlıca amillər sırasında yer alır. Siyasi-iqtisadi müstəvidə də sərgilənən vahid mövqe bu bütövlüyün özüllərini daha da möhkəmləndirir. Humanitar müstəvidə atılan addımlar isə münasibətlərin daha da dərinləşməsinə müstəsna töhfələr verir. Sözügedən kontekstdə xüsusi diqqət çəkən məqamlardan biri Heydər Əliyev Fondunun Mərkəzi Asiyada da fəaliyyətinin genişlənməsidir.

Bəllidir ki, Fondu beynəlxalq arenada fərqləndirən əsas xüsusiyyətlərdən biri humanitar diplomatiyadır. Fond müxtəlif ölkələrdə məktəblərin, uşaq bağçalarının, səhiyyə ocaqlarının tikintisinə dəstək göstərir, zəlzələdən və digər təbii fəlakətlərdən zərər çəkmiş regionlara humanitar yardımlar göndərir. Bu təşəbbüslər həm də Azərbaycanın humanist dəyərlərə sadiqliyini və beynəlxalq həmrəylik ruhunu nümayiş etdirir. Təbii ki, qardaş Mərkəzi Asiya ölkələri də diqqətdən kənarda qala bilməz. Bu mənada Heydər Əliyev Fondu ilə Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu arasında anlaşma memorandumunun imzalanması böyük məna və önəmə malikdir.

Memorandumu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva imzalayıblar. Bununla bağlı verilən məlumatda qeyd olunur ki, uzunmüddətli və səmərəli əməkdaşlığın təməlini qoyan sənəd, eyni zamanda, müxtəlif sahələrdə gələcək birgə layihələrin həyata keçirilməsinə yönəlib. Sənədlə təsbit olunmuş hədəflər tərəflərin gələcəkdə birgə səmərəli fəaliyyətinə imkan yaradacaq. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayevanın görüşü zamanı sosial və təhsil sahələrində əməkdaşlıq, eyni zamanda, mədəniyyət və incəsənət üzrə layihələrin əhəmiyyəti vurğulanıb. Görüşdə Heydər Əliyev Fondunun və IDEA İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin iqlim dəyişiklikləri üzrə mesajı dünyaya yaymaq məqsədilə bir sıra ölkələrdə uğurla sərgiləndiyi diqqətə çatdırılıb. Hazırda sərginin Türkmənistanda da nümayiş olunması məsələsi üzərində əməkdaşlıq edildiyi bildirilib. Qeyd olunub ki, bu beynəlxalq layihə mədəni mübadilə və ətraf mühitin qorunması mövzusuna diqqət çəkmək üçün vacib bir platforma olacaq.

O da qeyd olunmalıdır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanın Türkmənbaşı şəhərində Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışında, “Avaza” Milli Turizm Zonasında “Müasir cəmiyyətdə qadınların rolu: Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın inkişafı” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib. Sonuncu tədbirdə çıxışı zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təmsil etdiyi Fondun fəaliyyəti, o cümlədən beynəlxalq layihələri barədə məlumat verib: “Fond bir sıra ölkələrdə, eləcə də Çin, Gürcüstan, Misir, Rusiya, Rumıniya, Vyetnam və Niderlandda məktəblərin tikintisi və yenidən qurulması layihələri həyata keçirib. Pakistanda qızlar məktəbi və məktəb infrastrukturunun yenidən qurulması, eləcə də Keniya və Ruandada informasiya texnologiyaları avadanlığının təchizatı üzrə proqramlar icra edilib”. O, həmçinin Burkina-Faso, Mali, Niger və Hondurasdakı layihələrlə qızların təhsilinə və inkişafına dəstək göstərildiyini vurğulayıb. Leyla Əliyeva Heydər Əliyev Fondunun fəaliyyətinin elm, təhsil, səhiyyə, mədəniyyət və ekologiya kimi vacib sahələri əhatə etdiyini, ötən dövr ərzində bu istiqamətlərdə yerli və beynəlxalq layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.

Bununla yanaşı, tədbir çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva ilə görüşüb. Görüş zamanı Azərbaycanla Özbəkistan arasında qarşılıqlı münasibətlər, o cümlədən Heydər Əliyev Fondu ilə Özbəkistanın “Zamin” Beynəlxalq İctimai Fondunun birgə əməkdaşlığının iki dövlətin yüksəksəviyyəli əlaqələrinə verdiyi töhfə vurğulanıb. Onu da xatırlatmaq lazım gəlir ki, Heydər Əliyev Fondu Mərkəzi Asiyada təhsil, mədəniyyət və digər sahələrdə də mühüm layihələr həyata keçirir. Eyni zamanda Fond türk dünyasının ortaq mədəni irsinin araşdırılması və qorunması məqsədilə elmi-mədəni layihələri dəstəkləyir, müxtəlif sərgi və festival proqramlarının təşkilinə yardım göstərir. Bu təşəbbüslər türk xalqlarının ortaq dəyərlərinin gələcək nəsillərə çatdırılmasına müsbət təsir göstərməklə yanaşı, Heydər Əliyev Fondunun Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında humanitar əlaqələrin dinmaik inkişafına mühüm töhfələr verməsinin konkret təzahürləri qismində çıxış edir.

Bütün bunlar Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında mədəni, humanitar və ictimai inteqrasiyanın dərinləşməsinə, ümumtürk mədəni məkanının möhkəmlənməsinə şərait yaradır, eyni zamanda Azərbaycanın türk dünyası ilə bağlı strateji baxışını əks etdirir. Təhsil, mədəniyyət, sosial dəstək və humanitar diplomatiya istiqamətlərində reallaşdırılan proqramlar daha dayanıqlı əməkdaşlığın əsasını qoyur. Bu fəaliyyət xalqlarımız arasında qarşılıqlı etimadı artırır, humanitar inteqrasiyanın yeni mərhələsinə yol açır və Azərbaycanla Mərkəzi Asiya ölkələrinin qardaşlıq münasibətlərini daha da möhkəmləndirir.

MTM Analitik Qrupu 

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?