11 dekabr

Mədəni irsin hüquqi müdafiəsi - Bakıdakı tarixi forumun mesajları - TƏHLİL

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakıda ilk dəfə "Mədəniyyət və hüquq: müasir çağırışlar" forumu keçirilib. Tədbirdə mədəniyyət naziri Adil Kərimli, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir Fərəh Əliyeva, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, nazir müavinləri, elm xadimləri, deputatlar, eləcə də digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Forum çərçivəsində "Mədəniyyət və hüquq", "Azərbaycan Respublikası Konstitusiyası və mədəniyyət dəyərlərimiz" və "Mədəniyyətin beynəlxalq münasibətlər sistemindəki yeri" mövzuları ətrafında panel müzakirələr təşkil olunub. Tədbirdə iştirak edən ekspertlər və dövlət qurumlarının nümayəndələri Azərbaycanın mədəni irsinin qorunması və inkişafı, o cümlədən mədəniyyətin hüquqi təminatının gücləndirilməsi ilə bağlı müzakirələr aparıblar.

Bu forum mədəniyyət və hüquq sahələrini bir araya gətirən, strukturlaşdırılmış və dövlət səviyyəsində təşkil olunan ilk belə tədbirdir. Bunun özü artıq simvolik və praqmatik əhəmiyyət daşıyır. Simvolik baxımdan, mədəniyyət və hüququn paralel, qarşılıqlı əlaqədə götürülməsi cəmiyyətin, dövlətin və qanunvericiliyin mədəni dəyərlərə münasibətində yeni mərhələnin başlanğıcıdır. Bununla yanaşı, praqmatik, yəni hüquqi və sistemli yanaşma sayəsində mədəniyyətin qorunması, inkişafı və beynəlxalq miqyasda tanınması üçün konkret mexanizmlərin hazırlanmasına zəmin yaranır. Forumun ilk dəfə keçirilməsi həm cəmiyyətə, həm hökumətə, həm də mədəniyyət sahəsində fəaliyyət göstərən qurumlara mesaj verir ki, mədəniyyət təkcə yaradıcılıq, tarix, estetik dəyərlər deyil, həm də hüquq, qanunvericilik və dövlət siyasətinin ayrılmaz hissəsidir. Bu perspektivin qəbul edilməsi mədəniyyətin uzunmüddətli, sistemli inkişafı və qorunması üçün yeni imkanlar açır.

Forum çərçivəsində əsasən üç böyük panel müzakirəsi aparılıb: “Mədəniyyət və Hüquq”, “Azərbaycan Respublikası Konstitusiyası və Mədəniyyət Dəyərlərimiz”, “Mədəniyyətin beynəlxalq münasibətlər sistemindəki yeri”. Bu paneldə iştirakçılar mədəniyyət sahəsində mövcud hüquqi çərçivənin yenilənməsinin vacibliyini vurğulayıblar. Belə ki, bəzi mövcud qanunların, məsələn, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Kinematoqrafiya haqqında” və “Kitabxana işi haqqında” qanunların 1998-ci ildə qəbul edildiyi və bu gün üçün bir sıra müasir çağırışlara cavab vermədiyi qeyd olunub. Hətta forumda iştirak edən hüquq şöbəsinin nümayəndəsi bildirib ki, bu qanunlar artıq zamanın tələbləri ilə uzlaşmır. Bu kontekstdə hüquqi baza abidələr, maddi və mənəvi irs, kino, kitabxana işi, müasir media, rəqəmsal mədəniyyət və s. sahələr üçün yenidən nəzərdən keçirilməli, uyğunlaşdırılmalıdır. Eyni zamanda, mədəniyyətin hüquqi təminatının gücləndirilməsi, qanunların yenilənməsi və mədəniyyət sahəsində dövlət siyasətinin hüquq çərçivəsində qurulmasının vacibliyi vurğulanıb.

Bu panel çərçivəsində müzakirə iştirakçıları mədəni dəyərlərin dövlətin və cəmiyyətin fundamental hüquqi əsaslarının, yəni Konstitusiyanın bir hissəsi kimi qəbul edilməsinin vacibliyini vurğulayıblar. Xüsusilə qeyd edildi ki, dil, milli kimlik, tarixi irs, mədəniyyət abidələri və dəyərləri yalnız estetik yox, həm də hüquqi və milli identikliyimizin dayağıdır. Respublikadakı qanunvericilik sistemi bu dəyərləri qorumaq, saxlamaq və inkişaf etdirmək üçün uyğun mexanizmlərlə təmin edilməlidir. Bununla yanaşı, mədəni dəyərlərin qorunması üçün yalnız dövlət qurumlarının yox, cəmiyyətin bütün üzvlərinin, yəni ictimaiyyətin, mədəniyyət xadimlərinin, alimlərin aktiv iştirakının vacibliyi vurğulanıb. Üçüncü paneldə mədəniyyətin beynəlxalq arenada rolu, mədəni diplomatiya, ölkənin mədəni dəyərlərinin dünya ictimaiyyətinə təqdimatı və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib. Burada əsas vurğu milli mədəniyyətimizin qorunması ilə yanaşı, onu dünyaya düzgün və hüquqi əsaslarla təqdim etməyin vacibliyi üzərində olub. Bu, həm ölkənin beynəlxalq imicinə, həm də mədəni irsin multikultural dünyada tanıdılmasına xidmət edir.

Bu forumun keçirilməsi bir neçə baxımdan uzunmüddətli və strukturlaşdırılmış təsirə malik ola bilər. İlk növbədə, hüquqi baza ilə mədəniyyət sahəsinin əlaqələndirilməsi mədəni irsin qorunması və davamlı inkişafı üçün şəffaf və ardıcıl sistemin yaradılmasına yol açır. Bu, abidələrin, kino, kitabxana işi və digər mədəni institusiyaların cari reallıqlara uyğunlaşdırılmış qanunlarla qorunmasını təmin edəcək. Eyni zamanda, mədəni dəyərlərin dövlət siyasətinin mərkəzinə daşınması milli identikliyimizin qorunması, dil və tariximizin, mədəni irsimizin davamlılığının təminatı deməkdir. Bu, gələcək nəsillər üçün mədəni “xəzinə”nin qorunmasına zəmanət verir. Bununla yanaşı, mədəni diplomatiya və beynəlxalq əməkdaşlıq çərçivəsində forum mədəniyyətimizi dünyada tanıtmaq, digər ölkələrlə mədəni mübadilə imkanlarını genişləndirmək üçün hüquqi və institusional zəmin yaradır. Bu da Azərbaycanın beynəlxalq mədəni nüfuzunun artmasına kömək edə bilər. Belə forumların təşkili yalnız rəsmi qurumlar üçün deyil mədəniyyət, elm, hüquq, cəmiyyət nümayəndələri üçün dialoqun, fikir mübadiləsinin, ortaq strategiyaların formalaşmasının platformasıdır. Bu, mədəniyyət sahəsində inklüziv, şəffaf və cəmiyyət əsaslı siyasətin inkişafına gətirib çıxara bilər.

Son olaraq, “Mədəniyyət və hüquq: müasir çağırışlar” forumunun Bakıda ilk dəfə keçirilməsi həm simvolik, həm praqmatik olaraq mühüm bir hadisədir. Bu, mədəniyyət və hüquq sahəsində yeni, sistemli yanaşmanın başlanğıcıdır. Forumda müzakirə olunmuş mövzular mədəniyyətin qanunvericiliklə təminatı, konstitusion və milli dəyərlərin qorunması, mədəniyyətin beynəlxalq münasibətlər kontekstində rolu Azərbaycanın mədəni irsinin qorunması, inkişafı və dünyaya tanıdılması baxımından vacib addımların atılmasına zəmin yaradır.

Əgər qanunvericilik modernləşdirilərsə, mədəniyyət sahəsində institusional islahatlar olarsa və cəmiyyətin geniş iştirakı təmin edilərsə, bu forum uzunmüddətli perspektivdə Azərbaycan mədəniyyətinin hüquqi təminatının güclənməsi, mədəni irsin qorunması və zənginləşməsi, milli və beynəlxalq səviyyədə mədəniyyətimizin layiqli şəkildə təmsil olunması üçün yeni bir mərhələ rolunu oynaya bilər.

Hikmət Həsənov

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?