ABŞ “1 milyon dollara vətəndaşlıq” proqramı üçün rəsmi sayt istifadəyə verdi

ABŞ Administrasiyası 1 milyon dollar yatırım qarşılığında sürətli rezidentlik təklif edən yeni proqram üçün rəsmi saytını istifadəyə buraxıb. Saytda göstərilir ki, Daxili Təhlükəsizlik Nazirliyinin xidmət haqqı 15 min dollardır və müraciət təsdiqləndikdən sonra namizədlərə “Trump Golden Card” (Trampın Qızıl Kartı) vasitəsilə rekord müddətdə yaşayış icazəsi verilir.
Təhlil.az xəbər verir ki, proqram çərçivəsində toplanan ödənişlər “hədiyyə” kimi təsnif edilir. Müraciət prosesinin bir neçə həftə çəkdiyi, 15 min dollarlıq rüsumun isə imtina olduğu halda geri qaytarılmadığı qeyd olunur. Hökumət həmçinin bildirir ki, “Qızıl kart” digər vizalar kimi istənilən vaxt ləğv oluna bilər.
Donald Tramp proqramı “ABŞ vətəndaşlığına birbaşa yol” kimi xarakterizə edib.