Bu gün

Fridrix Mertsin reytinqi kəskin düşüb: Almaniyada etimad böhranı dərinləşir - ŞƏRH

Almaniya hökuməti yeni böhranla üz-üzədir. Hakimiyyətdə olduğu yeddi ay ərzində Fridrix Merts hökuməti antirekord qırıb: Almanların 70%-i onun fəaliyyətindən narazıdır. Bu, INSA ölçmələri tarixində istənilən kansler və onun kabineti üçün ən pis göstəricidir. Merts may ayında hakimiyyətə gələndə seçicilərin yalnız 46%-i narazı idi. İndi onun fəaliyyətini bəyənənlərin 21%-i qalıb. Yeddi ay ərzində hökumət dəstəyinin təxminən üçdə ikisini itirib. Mertsin özü 68% mənfi reytinq alıb. Bu uğursuzluq, şübhəsiz ki, Almaniya hakimiyyəti üçün sürpriz olmayacaq: Onlar uzun müddətdir ki, reytinq problemləri ilə üzləşirlər. Narazılığın əsas səbəbləri hökumətin səmərəsizliyi və sosial-iqtisadi problemlərlə əlaqələndirilir. Mertsin reytinqinin kəskin düşməsi ölkədə siyasi balansı dəyişə biləcək bir dinamika yaradıb.

Almaniya iqtisadiyyatında son aylarda müşahidə olunan durğunluq, inflyasiya təzyiqləri və əhalinin real gəlirlərinin azalması hökumətə qarşı etimadın əsas azalma səbəblərindəndir. Artan yaşayış xərcləri və sosial rifah sistemindəki yüklənmə vətəndaşların geniş hissəsində narazılıq yaradıb. Hökumətin iqtisadi siyasətinin nəticələrinin zəif görünməsi, xüsusilə də gözlənilən sosial sabitlik və rifah artımının təmin olunmaması Mertsin populyarlığına mənfi təsir göstərir. Merts hökumətinin tənqid olunan əsas cəhətlərindən biri idarəçilikdəki səmərəsizlik görüntüsüdür. Koalisiya daxilində fikir ayrılıqları, bəzi əsas islahatlar üzərində uzanan mübahisələr və qərarvermə prosesinin ləngiməsi ictimaiyyətin gözündə hökumətin qeyri-stabil və qərarsız imicini gücləndirib. Bu da kanslerin liderlik təsirini zəiflədərək cəmiyyətin ümumi narazılığını dərinləşdirir. Miqrasiya və inteqrasiya məsələləri Almaniyada onsuz da həssas mövzudur. Mertsin bu sahədəki sərt ritorikasına baxmayaraq, əhalinin böyük hissəsi hökumətin siyasətini qeyri-kafi hesab edir. İqtisadi çətinliklərlə birlikdə miqrasiya mövzusu daha geniş sosial narazılıqların simvoluna çevrilib və bu da hökumətə yönələn tənqidlərin artmasına səbəb olur.

Mertsin reytinqindəki sürətli eniş yalnız şəxsi populyarlıq itkisi deyil, həm də ictimai-siyasi mühitdə dəyişən balansın göstəricisidir. Artan narazılıq radikal və populist siyasi qüvvələrin güclənməsi üçün münbit şərait yaradır. Əgər hökumət sosial-iqtisadi problemləri qısa müddətdə yüngülləşdirə bilməsə, ölkədə siyasi qütbləşmənin artması və demokratik institutlara etimadın zəifləməsi ehtimalı yüksələcək. Almaniya hazırda ciddi siyasi və sosial dönüş dövründən keçir. Fridrix Mertsin reytinqlərinin kəskin düşməsi hökumətin fəaliyyətinə yönəlik ümumi məyusluğun təzahürüdür. Qarşıdakı aylarda hökumətin iqtisadi, sosial və idarəçilik sahəsində atacağı addımlar, həmçinin ictimaiyyətlə kommunikasiyanın gücləndirilməsi Mertsin siyasi mövqeyinin gələcəyini müəyyən edəcək. Əks halda, narazılıq daha da dərinləşə və Almaniya siyasi mənzərəsində daha radikal dəyişikliklərə səbəb ola bilər.

Hikmət Həsənov

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?