Bu gün

Cənubi Qafqazda sülhə zərbə: Aİ sənədi reallıqları təhrif edir - MƏQALƏ

Ermənistanla Azərbaycan arasında bu ilin avqust ayında Vaşinqtonda əldə edilmiş razılaşmalar normallaşma prosesinin əhəmiyyətli dərəcədə irəliləməsinə, kommunikasiyaların bərpası istiqamətində praktik addımların atılmasına, qarşılıqlı etimadın gücləndirilməsinə mühüm zəmin yaratsa da, prosesə xələl gətirməyə çalışan siyasi dairələrin mövcudluğu haqlı narahatlıqlar doğurur.

Avropa İttifaqı ilə Ermənistan arasında bir neçə gün əvvəl imzalanmış “Avropa İttifaqı–Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəm” adlı sənəddə yer alan müddəaların regionda sülh və etimad quruculuğu prosesinə zidd olması xüsusilə diqqət çəkir. Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı dekabrın 9-da yaydığı bəyanat həmin sənədin qərəzli mahiyyətini və yeni geosiyasi reallıqları təhrif etdiyini bir daha təsdiqləyir.

Cənubi Qafqaz hazırda dünyanın ən həssas bölgələrindən biridir və sülh quruculuğuna uyğun gəlməyən addımlar Ermənistan–Azərbaycan arasında formalaşmaqda olan qarşılıqlı etimad mühitinə mənfi təsir göstərir. Vaşinqtonda Yekun Sülh Sazişi layihəsinin hər iki ölkə tərəfindən paraflanması fonunda müzakirə gündəliyində yer almayan, hüquqi və siyasi əsası olmayan müddəaların Aİ–Ermənistan sənədində yer alması tamamilə yolverilməzdir.

Son aylarda bölgədə yeni geosiyasi reallıq formalaşıb, rəsmi şəxslərin və vətəndaş cəmiyyəti təmsilçilərinin qarşılıqlı səfərləri təşkil olunub, iqtisadi əlaqələrin bərpası və nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı müzakirələr konkret mərhələyə keçib. Qarşılıqlı etimadın formalaşması asan olmasa da, prosesin irəliləməsi üçün zəruri əsaslar mövcuddur. Belə bir şəraitdə beynəlxalq aktorların addımları balanslı, obyektiv və qərəzsiz olmalı, regional sabitliyə xidmət etməlidir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, əsassız kənar müdaxilələr, birtərəfli qərarlar və yeni geosiyasi reallıqlara zidd təşəbbüslər dialoq ruhunu zədələyə və bölgədə əlavə gərginlik yarada bilər.

“Avropa İttifaqı–Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəm” sənədində Ermənistanın təhlükəsizlik sektoruna maliyyə və texniki yardımın göstərilməsi, ikitərəfli hərbi-siyasi əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur ki, bu da Cənubi Qafqazın geosiyasi rəqabət meydanına çevrilməsi riskini artırır. Bundan əlavə, rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edən “Qarabağ ermənilərinin geriyə qayıdışı” kimi əsassız və hüquqi-siyasi əsasdan məhrum müddəanın sənəddə yer alması revanşizmin təşviqi və Azərbaycana qarşı əsassız ittihamların davam etdirilməsi deməkdir.

Vaşinqtonda paraflanmış Yekun Sülh Sazişi layihəsində tərəflərin beynəlxalq platformalarda qarşılıqlı iddialara son qoyması xüsusi qeyd olunub. Bu baxımdan, Aİ–Ermənistan sənədində “Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri” ifadəsinin işlədilməsi və həmin şəxslərin “qaçqın” kimi təqdim edilməsi Azərbaycan–Ermənistan danışıqlarının ruhuna ziddir. Qarabağ erməniləri reinteqrasiya prosesini qəbul etmədikləri üçün bölgəni könüllü şəkildə tərk ediblər. Onların “qaçqın” kimi təqdim olunması gələcək siyasi manipulyasiyalara zəmin yaradır və dayanıqlı sülhün əldə olunması perspektivini zədələyir. Son iki ildə müzakirə gündəmindən çıxmış bu spekulyativ mövzunun yenidən “aktuallaşdırılması” isə ölkəmizə uğursuz siyasi təzyiq cəhdi kimi qiymətləndirilə bilər.

Narahatlıq doğuran digər məqam sənəddə Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına istinad olunmasıdır. Bu yanaşma Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız iddiaların siyasi müstəvidə dəstəklənməsi təsiri yaradır. Halbuki, tərəflər arasında bütün hüquqi iddiaların aradan qaldırılması Vaşinqton razılaşmasının birbaşa tərkib hissəsidir.

Sənəddə iki ölkə arasında kommunikasiyaların bərpası təqdir edilsə də, 2025-ci il avqustun 8-də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) açılmasına dair əldə edilmiş razılaşmadan bəhs edilmir. Bunun əvəzinə Ermənistan baş nazirinin heç bir real perspektivi olmayan “Sülh Kəsişməsi” layihəsinə istinad edilir. Ermənistanda TRIPP-in reallaşdırılması istiqamətində praktiki addımlar atıldığı bir vaxtda Aİ sənədində bu layihənin yok, “xəyali” bir alternativin qeyd edilməsi ciddi suallar yaradır. Aşkar görünür ki, Aİ bu sənəd vasitəsilə yalnız regional sülhə deyil, ABŞ Prezidenti Donald Tramp administrasiyasının vasitəçiliyi ilə əldə olunmuş razılaşmalara da zidd mövqe sərgiləyir.

Sənəddə Aİ-nin Ermənistandakı “müşahidə missiyası” adı altında fəaliyyət göstərən EUMA kontingentinin genişləndirilməsi ilə bağlı müddəanın yer alması da sülh və sabitlik üçün birbaşa təhdid hesab olunur. Vaşinqton sülh sənədinin 7-ci maddəsində açıq şəkildə göstərilir ki, tərəflər sərhəddə üçüncü qüvvələrin yerləşdirilməsinə yol verməməlidirlər. Bu baxımdan, EUMA missiyasının fəaliyyətinin genişləndirilməsi bölgədə etimad mühitinə xələl gətirir və Ermənistanın militarist siyasətdən əl çəkmədiyini göstərir.

Nəhayət, sənəddə Azərbaycanda müharibə cinayətlərinə görə məhkəməsi keçirilən erməni əsilli şəxslərin “hərbi əsir” kimi təqdim edilməsi də rəsmi Bakının haqlı etirazına səbəb olub. Bu şəxslər konkret cinayət əməllərinə görə mühakimə olunurlar və məhkəmə materialları, şahid ifadələri bunu tam şəkildə təsdiqləyir. Onların “azadlığa buraxılması”nın sənəddə ayrıca prioritet kimi göstərilməsi faktların təhrifidir və Ermənistanın sülh prosesinə sadiqliyinə dair ciddi şübhələr yaradır.

Nəticə etibarilə, “Avropa İttifaqı–Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəm” sənədi təşkilatın bölgədə sülhə real töhfə vermək əvəzinə, daha çox siyasi təsir rıçaqları əldə etməyə çalışdığını göstərir. Aİ öz ikili standartlarını davam etdirərək, bir tərəfdən Vaşinqton razılaşmalarını alqışladığını bəyan edir, digər tərəfdən həmin razılaşmaların ruhuna zidd addımlar atmaqla prosesə zərbə vurur. Bu isə Aİ-nin Cənubi Qafqazda uzunmüddətli sülh və təhlükəsizliyə “töhfə vermək” barədə iddialarının səmimiliyini ciddi şəkildə şübhə altına alır.

MTM Analitik Qrupu 

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?