Qlobal enerji nizamında Azərbaycan yüksəlişi - TƏHLİL

Son illər ərzində dünyanın enerji xəritəsində köklü dəyişikliklər baş verib və bu proses hələ də davam edir. Dəyişikliyin ən aşkar təzahürü Qərbin Rusiyanın nəhəng enerji resurslarından imtina etməsi, ABŞ-nin aparıcı karbohidrogen istehlakçısından ən böyük istehsalçıya və mühüm ixracatçıya çevrilməsidir. Avropa və Çin isə bu resursların əsas istehlakçısı qismində çıxış edir. Obrazlı deyilsə, sanki coğrafi qütblər tərsinə çevrilib. Buna baxmayaraq, mövcud çətin şəraitdə belə, qarşılıqlı faydalı enerji əməkdaşlığı həm ayrı-ayrı ölkələr, həm regionlar, həm də qlobal miqyasda iqtisadi inkişaf və enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əsas, hətta yeganə yol olaraq qalır.
Qlobal enerji təhlükəsizliyinin təmin edilməsi, ilk növbədə, istehlakçılara lazımi miqdarda və keyfiyyətdə iqtisadi cəhətdən məqbul qiymətlərlə etibarlı, fasiləsiz enerji təchizatı deməkdir. Əslində, bu, bütün bəşəriyyət üçün ciddi bir çağırışdır. Bundan əlavə, nəzərə alınmalıdır ki, enerji məkanının yeni xəritəsini formalaşdıran bütün amillər planetar qeyri-sabitliyə səbəb olan qlobal amillərlə sıx bağlıdır. Məzh belə şəraitdə etibarlı enerji təminatçıları ilə işbiriliyinin qurulması ölkələr, birliklər üçün ümdə əhəmiyyət kəsb edir. Bu mənada dünyanın müxtəlif ölkələrində, xüsusən də Qərbdə diqqətin Azərbaycan üzərində də xüsusi fokuslanması təsadüfi xarakter daşımır.
Proseslərin inkişaf axarı göstərir ki, müasir Avropada enerji təhlükəsizliyinin təmin olunmasını Azərbaycanla işbirliyi hesabına təmin etmək istəyən ölkələrın sayı heç də az deyil. Bu hal Prezident İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfəri kontekstində bir daha özünü qabarıq şəkildə büruzə verdi. Qeyd edilməlidir ki, Azərbaycanla Slovakiya arasında artıq energetika üzrə konkret layihələr icra edilir. Məsələ ilə bağlı Prezident İlham Əliyev qeyd edib: “Keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilmişdir və Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edə bilər. Onu da bildirməliyəm ki, bizim zəngin qaz yataqlarımız bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edək. Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb. Biz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır. Hazırda bizim ümumi qaz ixracımız 25 milyard kubmetr səviyyəsindədir, bunun da yarısı Avropa ölkələrinə nəql edilir. Bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur”.
Slovakiya da öz növbəsində Azərbaycandan daha çox miqdarda enerji məhsuallarının idxalında maraqlıdır. Bunu sözügedən ölkənin Prezidenti Peter Pelleqrini də təsdiq edir. Onun sözlərində görə, Azərbaycan Slovakiyada aparıcı rol oynaya bilər: “Söhbət bizim enerji təchizatının şaxələndirilməsindən gedir. Biz, əlbəttə, bilməliyik ki, uzunmüddətli perspektivdə Azərbaycan bizim üçün strateji tərəfdaş ola bilər. Bizim heyətlər danışıqları davam etdirəcəklər ki, bu, Slovakiya üçün də məqbul bir anlaşma olsun və biz də Azərbaycanın resurslarından istifadə edə bilək”.
Ümumiyyətlə, neft sektoru ilə yanaşı, Azərbaycanın Avropanın enerji təminatında rolunun daha da artmasına səbəb olan əsas faktor ölkənin qaz ehtiyatlarının səmərəli istismarı və Avropaya nəqli reallaşdıran Cənub Qaz Dəhlizi layihəsidir. Bu gün Cənub Qaz Dəhlizi Avropanın enerji təchizatının şaxələndirilməsində mühüm rol oynayır. Azərbaycanın Avropaya qaz tədarükü təkcə enerji təhlükəsizliyi kontekstində deyil, həm də Avropanın yaşıl keçid strategiyası ilə paralel dəyərləndirilir. Avropa ölkələri bərpaolunan enerji mənbələrinə keçidi sürətləndirsələr də, bu proses mərhələli şəkildə baş verir və keçid dövründə təbii qaza olan tələbat hələ də yüksək qalır. Azərbaycan qazı karbon emissiyalarının azaldılmasına imkan verən daha təmiz yanacaq kimi Avropanın enerji sistemində mühüm yer tutur. Üstəlik, Azərbaycan özü də bərpaolunan enerji potensialını artırmaqla Avropa ilə yeni enerji əməkdaşlığı istiqamətlərini inkişaf etdirir.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş kimi çıxış etməsinin əsas səbəblərindən biri də ölkənin dünya enerji bazarlarında etibarlı və sabit tərəfdaş imicinə malik olmasıdır. Ölkəmizin enerji infrastrukturu müasir tələblərə uyğun şəkildə yenilənib və uzun illərdir fasiləsiz fəaliyyət göstərir. Eyni zamanda, rəsmi Bakı enerji siyasətini kommersiya maraqları ilə məhdudlaşdırmır, onu strateji xarici siyasət alətinə çevirərək regional əməkdaşlıq və sabitliyi gücləndirir. Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı əsasında formalaşan enerji nəqli marşrutları Avropa üçün yeni enerji körpüləri yaratmaqla yanaşı, regionun siyasi və iqtisadi inteqrasiyasına da töhfə verir. Tezliklə buraya Zəngəzur dəhlizi də daxil olacaq.
Hazırda Avropa ölkələri Azərbaycanla enerji əməkdaşlığını uzunmüddətli və strateji tərəfdaşlıq kimi qiymətləndirir. Xüsusilə Rusiyadan enerji asılılığının azaldılması prioriteti fonunda Azərbaycan qazının həcmini artırmaq prioritetdir. Qeyd edildiyi kimi enerji sahəsində əməkdaşlıq yalnız qaz və neft nəqli ilə məhdudlaşmır. Elektrik enerjisinin ötürülməsi, yaşıl enerji istehsalı və enerji səmərəliliyi sahələrində də yeni layihələr həyata keçirilir. Azərbaycanın Gürcüstan və Rumıniya ilə birlikdə reallaşdırdığı Qara dəniz sualtı kabel layihəsi Avropanın enerji təchizatını diversifikasiya etməyə yönəlmiş ən mühüm təşəbbüslərdən biridir. Bu layihə gələcəkdə Xəzər bölgəsindən Avropaya yaşıl enerji ötürülməsini təmin etməklə enerji əməkdaşlığını yeni mərhələyə yüksəldəcək.
Bütün bu proseslər fonunda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində həm istehsalçı, həm tranzit, həm də strateji tərəfdaş kimi çoxşaxəli rol oynayır. Mərkəzi Asiyanın enerji resurslarının Azərbaycan üzərindən Avropaya nəqli istiqamətində atılan addımlar bu mənada müstəsna əhəmiyyətə malikdir. Ümumiyyətlə, Azərbaycanın atdığı addımlar Avropanın etibarlı enerji təminatına çıxışına yol açmaqla yanaşı, qitənin enerji gələcəyinin formalaşmasında ölkəmizin mühüm pay sahibi olmasını şərtləndirir.
MTM Analitik Qrupu