Cavanşir Axundov: “İran rəhbərliyi Azərbaycanla normal münasibətlərin vacibliyini anlayır” - AÇIQLAMA

İran rəhbərliyi Azərbaycanla normal, dostluq münasibətlərinin qurulmasının vacibliyini anlayır.
Bunu təhlil.az saytına siyasi analitik, iranşünas, Azərbaycanın İrandakı keçmiş səfiri Cavanşir Axundov açıqlamasında deyib.
Hazırda İranın həm daxili, həm xarici siyasət, həm maliyyə və iqtisadiyyat, həm də ekoloji sahədə sistemli böhran yaşadığını qeyd edən ekspert xatırladıb ki, məhz belə bir şəraitdə İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri baş tutub:
“Bu səfər çox yaxşı, lazım olan və aktual bir addımdır. Çünki İranın başında islahatçı siyasətçi – Prezident Pezeşkian dayanır. O, ölkənin inkişafını daha konstruktiv və islahat yönümlü məcraya yönəltmək üçün ciddi səylər göstərir. Onun xarici işlər naziri Abbas Əraqçi isə çox ağıllı və təcrübəli diplomatdır”.
Sabiq səfir bildirib ki, İran XİN rəhbərinin Bakıya səfərindən bir neçə gün əvvəl məhkəmə qərarı ilə keçmiş deputat Əbülfəz Zöhravəndin ictimai çıxışları qadağan edilib.
“Onun barəsində 2 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. Zöhravənd dəfələrlə Azərbaycana, Zəngəzur dəhlizi layihəsinə qarşı çıxışlar edib, Pezeşkianın bu istiqamətdə apardığı siyasəti tənqid edib. Buna görə də hökumət ona qarşı məhkəməyə müraciət edib”.
O vurğulayıb ki, İran rəhbərliyi Azərbaycanla normal münasibətlərin qurulmasının onlar üçün həm regional, həm də daxili siyasi baxımdan nə qədər əhəmiyyətli olduğunu anlayır.
"Bu, xüsusilə də İranda azərbaycanlıların ciddi demoqrafik rolunu nəzərə alanda daha da aktual görünür. Abbas Əraqçi mətbuat konfransında qeyd etdi ki, bizim ortaq cəhətlərimiz çoxdur, eləcə də ortaq problemlərimiz mövcuddur. Azərbaycan və İran Şimal–Cənub dəhlizi daxil olmaqla bir çox layihələri birgə həyata keçirir. Eyni zamanda müəyyən fikir ayrılıqları var və biz bu məsələləri dostluq və qarşılıqlı anlaşma atmosferində həll edəcəyik,” – deyə Axundov əlavə edib.
Rasim Babayev