Tramp Zelenskiyə siyasi siqnal göndərdi - ŞƏRH

ABŞ Prezidenti Donald Trampın “Ukraynada yeni prezident seçkilərinin vaxtı çatıb” bəyanatı beynəlxalq gündəmin diqqətini yenidən Kiyevdəki daxili siyasi vəziyyətə yönəldib. Ukrayna–Rusiya müharibəsinin üçüncü ilində verilən bu açıqlama həm Vaşinqtonun yeni siyasi kursunun, həm də Zelenski administrasiyasına artan təzyiqlərin göstəricisi kimi qiymətləndirilir. Trampın sözlərinə görə, “ukraynalıların seçim şansı olmalıdır” və müharibə seçkiləri təxirə salmaq üçün əsas vermir. Bu bəyanat təkcə Zelenskiyə ünvanlanmış siyasi mesaj deyil, həm də ABŞ-ın müharibənin gedişi və Ukraynadakı legitimlik məsələsinə dair mövqeyinin dəyişdiyini göstərir.
Ukrayna Konstitusiyasına əsasən, prezidentin beşillik səlahiyyət müddəti 2024-cü il mayın 21-də başa çatıb. Bu tarixdən sonra Zelenski faktiki olaraq fövqəladə vəziyyət rejiminə istinad edərək postunda qalır. Ukrayna qanunvericiliyinə görə, hərbi vəziyyət qüvvədə olduğu müddətdə seçkilərin keçirilməsi qadağandır və prezident seçkiləri yalnız hərbi vəziyyət ləğv edildikdən sonra təşkil oluna bilər. Zelenski dəfələrlə müharibə başa çatmadan seçki keçirilməsinin mümkün olmadığını bildirib və özü də müharibədən sonra postu tərk etməyə hazır olduğunu vurğulayıb. Buna baxmayaraq, səlahiyyət müddətinin başa çatmasından sonra onun legitimliyi ilə bağlı həm Ukraynada, həm də Qərb siyasi dairələrində müzakirələr güclənib.
Tramp administrasiyasının Ukrayna siyasətində əvvəlki illərlə müqayisədə bir neçə yeni xətt formalaşır. Birincisi, Vaşinqton müharibənin uzanmasını siyasi problem kimi görməyə başlayıb. ABŞ-da fiskal yük artır, Ukraynaya yardım paketləri Konqresdə ciddi debatlara səbəb olur. Trampın bəyanatı göstərir ki, ABŞ Kiyevdə danışıqlara daha açıq, siyasi baxımdan elastik rəhbərliyin formalaşmasını arzulayır. İkincisi, Zelenski administrasiyası ilə münasibətlər soyuyur. Bu kontekstdə Trampın tənqidi Zelenskiyə birbaşa xəbərdarlıq kimi qiymətləndirilir. Ukrayna rəhbərliyinin yaxın aylarda Vaşinqtona daha çox ehtiyac duyacağı nəzərə alınarsa, Zelenskinin legitimlik problemi ABŞ üçün də risk yaradır. Üçüncüsü, ABŞ getdikcə Ukraynanın daxili siyasi nizamlanmasında fəal oyunçuya çevrilir. Trampın açıqlaması Ukraynadakı siyasi elitalara impuls verir və müxalif qruplar üçün əlavə motivasiya yaradır.
Hazırda Zelenski “müharibə şəraitində prezident” kimi fəaliyyət göstərir. Hüquqi əsasları olsa da, bu vəziyyət demokratik sistemin təbii legitimlik prinsipini zədələyir. Nəticədə müharibə dönəmində qəbul edilən qərarların legitimliyi sual altına düşə, Ukraynada daxili siyasi parçalanmalar dərinləşə, Rusiya təbliğatı Zelenskinin legitimlik məsələsini informasiya kampaniyalarında geniş istifadə edə bilər. Trampın açıqlaması bu narahatlığın artıq ABŞ siyasi dairələrində də ciddi müzakirə mövzusu olduğunu göstərir.
Hərbi vəziyyət şəraitində seçkilərin keçirilməsi həm texniki, həm təhlükəsizlik, həm də siyasi baxımdan son dərəcə çətindir. Cəbhə xəttinə yaxın bir çox ərazi təhlükəli zonaya çevrilib. Ukraynanın milyonlarla vətəndaşı Avropanın müxtəlif ölkələrinə səpələnib. Bundan əlavə, səsvermənin təhlükəsizliyi və ədalətliliyi sual altına düşə, seçkilərin nəticələri Moskvanın hibrid müdaxiləsinə açıq qala bilər. Bu səbəbdən Zelenski seçkiləri müharibədən sonrakı dövrə saxlamaqda israrlıdır.
Bəyanatın geosiyasi təsirlərinə gəldikdə, Zelenskinin Trampın təzyiqini nəzərə almağa məcbur qalacağı ehtimalı artır. Vaşinqtonla münasibətlərin soyuması Kiyevin hərbi yardım paketlərinə də təsir göstərməyə bilər. Moskva isə Trampın açıqlamasını Qərbdə Zelenskiyə inamın azaldığının sübutu kimi təqdim edir. Çox güman ki, Avropa İttifaqı ölkələri də yaxın aylarda Trampın mövqeyinə yumşaq formada uyğunlaşaraq Ukraynada siyasi yenilənmənin vacibliyini vurğulamağa başlayacaqlar.
MTM Analitik Qrupu