Azərbaycan XİN: Aİ–Ermənistan sənədi sülh prosesi ilə birbaşa ziddiyyət təşkil edir

Növbəti 7 il müddətində Aİ ilə Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirən bu ikitərəfli sənəddə Azərbaycanı hədəf alan məsələlərə yer ayrılması qəbuledilməzdir və bu, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivlərinə mənfi təsir göstərir.
Təhlil.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa İttifaqı və Ermənistan arasında imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədinə dair şərhində bildirilib.
Qeyd edilib ki, Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda paraflanmış sülh sazişində bu iddiaların aradan qaldırılmasına dair müddəa nəzərə alındıqda, Aİ–Ermənistan sənədində həmin məsələyə toxunulması sülh prosesi ilə birbaşa ziddiyyət təşkil edir və Ermənistan tərəfinin bəyan etdiyi niyyətilə bağlı ciddi suallar yaradır.