Dünən

Dini məkanın siyasiləşməsi: Paşinyan-kilsə qarşıdurmasında yeni mərhələ - ŞƏRH

Nikol Paşinyanın kilsələrin qarşısında Ermənistan bayrağının qaldırılması və liturgiyalardan əvvəl dövlət himninin səsləndirilməsi barədə təklifi ilk baxışdan sadə, simvolik bir jest təsiri bağışlasa da, əslində hazırda davam edən Paşinyan-kilsə qarşıdurmasının dərin siyasi və institusional kontekstində xüsusi məna kəsb edir. Bu təşəbbüs təkcə protokol məsələsi deyil, dövlətin kilsə üzərində təsir imkanlarını genişləndirmək cəhdi kimi görünür və Ermənistanın dövlət-kilsə modelində mümkün struktur dəyişikliklərinin rəmzinə çevrilir.

Paşinyan bildirib ki, bir çox ölkələrdə oxşar praktika mövcuddur və o, bayraq və himnin kilsə məkanına gətirilməsini “dünyəvi və mənəvi sferaların əlaqəsi” kimi dəyərləndirir. Bununla o, müasir erməni dövlətçiliyinin simvollarını kilsə rituallarına daxil etməklə, milli kimliyin dünyəvi komponentini gücləndirmək və kilsəni də bu dövlətçilik konsepsiyasının bir parçası kimi təqdim etmək istəyir. Lakin bu təklif təkcə milli birlik çağırışı deyil, həm də kilsənin gələcək statusunu yenidən müəyyənləşdirmək səylərinin bir hissəsidir.

Son aylarda Paşinyan hökuməti ilə Ermənistan Apostol Kilsəsi arasında ciddi gərginlik yaşanır. Baş nazir kilsənin idarəetmə mexanizmlərinə ciddi dəyişikliklər təklif edib, katolikosun seçilmə qaydasının yenilənməsi, kilsənin statusunun dövlət tərəfindən tənzimlənməsi kimi fikirlər səsləndirib. Katolikosun istefaya çağırılması, bəzi ruhanilərin həbsi və kilsə rəhbərliyinin bu addımlara kəskin reaksiyası qarşıdurmanı daha da dərinləşdirib. Belə bir şəraitdə kilsələrin girişinə dövlət bayrağının asılması və liturgiyalardan əvvəl himnin səsləndirilməsi ideyası sanki zərif simvolik element kimi təqdim olunsa da, əslində kilsənin dünyəvi dövlət sisteminə daha sıx bağlanması, onun avtonom ruhani məkan kimi mövqeyinin zəiflədilməsi istiqamətində atılan daha bir addımdır.

Bu cür təşəbbüsün arxasında bir neçə motiv görünür. Paşinyan həm milli vahidlik diskursunu gücləndirmək, həm də kilsənin təsirini balanslaşdıraraq cəmiyyətdə yeni dövlətçilik identikliyi formalaşdırmaq istəyir. Onun baxışında müasir Ermənistan dövləti təkcə tarixi və dini kimlik üzərində yox, eyni zamanda, vətəndaşlıq və dövlət rəmzləri üzərində formalaşmalıdır. Bayraq və himnin kilsə rituallarına daxil edilməsi bu ideyanın rəmzi ifadəsidir. Uzun illər kilsənin erməni cəmiyyətinə təsiri, revanşist qüvvələri bəsləməsi artıq bu addımın labüdlüyünü ortaya çıxarıb. Çünki kilsənin güclü olması sülh prosesinə ciddi zərbə vurmaqla yanaşı, revanşist qüvvələrə ciddi dəstək də deməkdir. Kilsənin dövlət nəzarəti altına alınması isə bu variantı çıxdaş edir.

Beləliklə, Paşinyanın bayraq və himn təklifi sadəcə rəmzi addım deyil. Bu, Ermənistanın gələcək identikliyi, dövlətin kilsə ilə münasibətlərinin yeni çərçivəsi və Paşinyanın hakimiyyət strategiyası üçün əhəmiyyətli bir siyasi mesajdır. Bu təşəbbüs Paşinyan-kilsə qarşıdurmasının növbəti mərhələsini formalaşdırır.

Hikmət Həsənov

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?