Müdafiə sənayesində gözlənilməz tərəfdaşlıq - TƏHLİL

Dünya təcrübəsi bir daha göstərir ki, müdafiə sənayesinin qarşılıqlı inkişafı ölkələrə çoxsaylı mühüm üstünlüklər qazandırır. Texnologiya və bilik mübadiləsi daha müasir və innovativ hərbi sistemlərin yaradılmasına imkan verir. Ölkələr bir-birinin təcrübəsindən faydalanaraq həm istehsal prosesini, həm də elmi-tədqiqat fəaliyyətlərini daha sürətli inkişaf etdirirlər. Bu əməkdaşlıq eyni zamanda istehsal xərclərinin azalmasına səbəb olur, çünki birgə layihələrdə məsuliyyət və maliyyə yükü bölüşdürülür və məhsulların hazırlanması daha sərfəli olur. Qarşılıqlı inkişaf yerli sənayenin güclənməsinə də xidmət edir. Birgə istehsal xəttləri və müəssisələrin yaradılması yerli infrastrukturun genişlənməsinə, kadrların peşəkarlığının artırılmasına və mühəndislik potensialının yüksəldilməsinə gətirib çıxarır. Bunun nəticəsində yeni iş yerləri yaranır, iqtisadi aktivlik artır və ölkənin texnoloji inkişafı sürətlənir.
Bu baxımdan Azərbaycanın müdafiə sənayesi sahəsində uğurlu təcrübəyə malik ölkələrlə qarşılıqlı əməkdaşlığını dinamik şəkildə inkişaf etdirməsi həm dövrün tələblərindən, həm də ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolundan irəli gəlir. Bu istiqamətdə Azərbaycanın əlaqələrinin dərinləşdiyi ölkələrdən biri də Slovakiyadır. Slovakiyadan olan həmkarı Peter Pelleqrini ilə birgə mətbuata bəyanatla çıxışı zamanı Prezident İlham Əliyev bu mövzuya toxunaraq bildirib: “Biz bu sahədə əməkdaşlığı sənayenin inkişafı nöqteyi-nəzərindən görürük. Biz müharibə aparmaq fikrində deyilik. Yəni, bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də bu, texnoloji inkişafın bir qolu olaraq bizə böyük faydalar verəcəkdir. Biz bu istiqamətdə konkret layihələr üzərində çalışırıq.”
Slovakiya da Azərbaycanla müdafiə sənayesi üzrə əməkdaşlığın inkişafında maraqlıdır. Prezident Peter Pelleqrini vurğulayıb ki, müdafiə sənayesi onlar üçün çox vacib sahədir: “Biz bu sahəni artıq inkişaf etdiririk. Biz sadəcə olaraq Azərbaycana silah satmaq niyyətində deyilik. Bildiyiniz kimi, bu sahə Slovakiyada çox inkişaf edib. Biz özüyeriyən artilleriya qurğuları, sursat və digər məhsullar sahəsində böyük təcrübəyə malikik. Biz Azərbaycanla texnologiya ötürülməsi, Azərbaycanın maliyyəsindən istifadə olunması və birgə istehsalın təşkili üzərində işləyə və birgə istehsal etdiyimiz məhsulları üçüncü ölkələrə sata bilərik.”
Azərbaycan və Slovakiya arasında sürətlə inkişaf edən siyasi və iqtisadi münasibətlər müdafiə sənayesi sahəsində də yeni əməkdaşlıq imkanları yaradıb. Qlobal təhlükəsizlik çağırışlarının artdığı bir dövrdə iki ölkənin müdafiə sənayesi üzrə potensiallarının birləşdirilməsi həm regional sabitlik, həm də beynəlxalq əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Bu tərəfdaşlıq yalnız hərbi texnikanın birgə istehsalını deyil, həm də təlim, araşdırma, innovasiya və yüksək texnologiyaların birgə inkişafını əhatə edən geniş strateji platforma kimi qiymətləndirilir. Azərbaycan və Slovakiya müxtəlif geosiyasi məkanlarda yerləşsələr də, təhlükəsizlik mühitinə təsir edən oxşar çağırışlarla üzləşirlər. Azərbaycan Cənubi Qafqaz regionunun mühüm enerji və nəqliyyat mərkəzi olaraq sabitliyin qorunmasını prioritet hesab edir. Slovakiya isə NATO və Avropa İttifaqının üzvü kimi Avropanın təhlükəsizlik arxitekturasında mühüm rol oynayır. Bu baxımdan iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlıq həm regional təhlükəsizliyə, həm də Avropa–Qafqaz istiqamətində strateji tərəfdaşlığın gücləndirilməsinə ciddi töhfə verə bilər.
Azərbaycan Ordusunun arsenalında Slovakiyada istehsal edilən müəyyən silah və sursatların yer alması da bu əməkdaşlığın praktiki tərəfini sübut edir. Son hərbi paradda nümayiş etdirilən L-45 DITA 155 mm çaplı özüyeriyən haubitsalar bunun əyani nümunəsidir. TATRA T815 8x8 platformasında quraşdırılmış və ən son modernləşdirilmiş versiyası Azərbaycana təhvil verilmiş bu haubitsalar əvvəlki modellərlə müqayisədə daha yüksək atəş gücünə və manevr qabiliyyətinə malikdir. Sözügedən sistemlərin idarə olunması üçün cəmi iki heyət üzvü — komandir və sürücü kifayətdir. Özüyeriyən bu texnika yüksək dəqiqliyə və müasir bort idarəetmə sisteminə sahibdir.
Burada xüsusi vurğulanmalıdır ki, müdafiə sənayesi sahəsində Azərbaycan və Slovakiyanın potensialı bir-birini tamamlayır. Azərbaycan son illər hərbi texnologiyaların yerli istehsalı, PUA sistemlərinin inkişafı, zirehli texnika və mühəndis avadanlıqları üzrə əhəmiyyətli irəliləyiş əldə edib. Slovakiya isə zirehli maşınlar, artilleriya sistemləri, minaatanlar, hərbi elektronika və sensor texnologiyaları sahəsində ixtisaslaşmış istehsalçı kimi tanınır. Bu üstünlüklərin birləşdirilməsi yeni hərbi məhsulların yaradılması, mövcud texnikanın modernləşdirilməsi və beynəlxalq standartlara uyğun sistemlərin hazırlanması üçün geniş imkanlar açır.
Müdafiə sənayesi üzrə birgə layihələr yalnız daxili bazarların təmin edilməsi ilə məhdudlaşmır, həm də ixrac potensialını artırır. Azərbaycanın sənaye infrastrukturunda həyata keçirilən modernizasiya layihələri Slovakiya üçün yeni bazarların açılması deməkdir və bu ölkənin məhsullarının Avropa İttifaqından kənar regionlara çıxışını asanlaşdırır. Bu, Slovakiya istehsalçıları üçün həm iqtisadi, həm də strateji üstünlüklər yaradır.
Azərbaycan–Slovakiya müdafiə sənayesi əməkdaşlığı həm texniki-iqtisadi, həm də siyasi məna daşıyır. Bu əməkdaşlıq iki ölkə arasında siyasi dialoqu daha da gücləndirir, Avropa ilə Cənubi Qafqaz arasında yeni strateji körpü formalaşdırır və çoxşaxəli əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Eyni zamanda, iki ölkənin beynəlxalq təhlükəsizlik təşəbbüslərində birgə iştirakı daha inteqrasiya olunmuş təhlükəsizlik mühitinin formalaşmasına töhfə verir. Bütün bunlara əsasən, qarşıdakı dövrdə müdafiə sənayesi sahəsində ölkələrimizin daha böyük nailiyyətlərə imza atması gözlənilir.
MTM Analitik Qrupu