Dünən

Slovakiya Azərbaycan qazına çıxış əldə etməyə hazırlaşır - TƏHLİL

Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri ilk növbədə ölkələrimiz arasındakı münasibətlərin inkişafının göstəricisidir. Bu həm də Cənubi Qafqazla Mərkəzi Avropa arasında formalaşan yeni siyasi və iqtisadi körpünün daha da möhkəmləndirilməsi deməkdir və bu körpünü Azərbaycan qurur.

Hələ 2023-cü ilin sentyabrında Slovakiya parlamentinin sədri Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gəlmişdi, ondan bi il sonra – 2024-cü ilin mayında isə Slovakiyanın baş naziri Robert Fitsonun Bakıya rəsmi səfəri reallaşdı. Bu səfərlər ölkələrimiz arasında siyasi əlaqələri möhkəmlətməklə yanaşı, əməkdaşlıq üçün yeni imkanlar açdı, iqtisadi sahədə əlaqələrin dərinləşdirilməsi zərurəti yaratdı.

Fitso ilə keçirdiyi mətbuat konfransında Prezident İlham Əliyev bəyan etmişdi ki, energetika sektorundakı əməkdaşlıq iki ölkə arasında xüsusi diqqət çəkən sahədir. “Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ümidvaram ki, 9-cu ölkə Slovakiya olacaq” deyən dövlət başçısı 2023-cü ildə “Həmrəylik Halqası” adlanan sənədin imzalandığını, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanların yaradıldığını bildirmişdi. Hazırda Avropanın enerji xəritəsində baş verən dəyişikliklər Slovakiyanın da siyasətini yenidən tərtib etməsinə səbəb olub.

Bu ölkə bir müddət əvvəl Rusiya qazından yüksək asılılıq fonunda diversifikasiya siyasətinə başlayıb. Cənub Qaz Dəhlizinin genişləndirilməsi və Azərbaycan qazının Avropaya tədarükünün artırılması Bratislava üçün böyük əhəmiyyət kəsb edir. Artıq Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşı statusunu möhkəmləndirib, əlavə həcmlərin ötürülməsi üçün TAP və TANAP xətlərinin genişləndirilməsi prosesini aparır. Slovakiyanın bu prosesdə iştirakı, xüsusilə də alternativ enerji idxalçılarından biri kimi yeni müqavilələrin müzakirəsi tərəflər arasında enerji təhlükəsizliyi əlaqələrinin daha strateji səviyyəyə keçdiyini göstərir.

Bratislava ilə Bakı arasında iqtisadi əlaqələr hələ böyük potensiala malik deyil. Prezident İlham Əliyevin bu səfəri nəqliyyat və logistika sahəsində də müzakirələrin aparılmasına yol açacaq. Belə ki, Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizin əsas ölkəsidir, Slovakiya isə Mərkəzi Avropanın tranzit qovşaqlarından biridir. Bu konfiqurasiya iki ölkə arasında logistika sahəsində əməkdaşlığı strateji səviyyəyə yüksəldir. Slovakiya avtomobil istehsalı və sənaye robot texnologiyaları sahəsində Avropanın aparıcı mərkəzlərindən biridir.

Azərbaycanın sənaye zonaları və texnoparkları Slovakiya kapitalı üçün yeni investisiya meydanları yaradır. Digər tərəfdən Slovakiya Avropa bazarına çıxış imkanları baxımından əhəmiyyətlidir və Azərbaycan məhsullarının Avropa İttifaqı bazarlarına çıxarılması üçün alternativ giriş nöqtəsi hesab edilir. Bu baxımdan mövcud geosiyasi reallıqlar fonunda bu səfər həm enerji təhlükəsizliyi, həm nəqliyyat logistikası, həm də Avropa ilə iqtisadi inteqrasiyanın dərinləşməsi baxımından xüsusi strateji çəkiyə malikdir.

Azərbaycan və Slovakiya 2024-cü ildə strateji tərəfdaşlıq yolunu seçib. Fitsonun Bakıya səfəri çərçivəsində Azərbaycanla Slovakiya arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamənin imzalanması siyasi dialoqun daha da dərinləşməsinə xidmət edir. Öz növbəsində Slovakiya da Avropa İttifaqının və NATO-nun aktiv üzvü kimi Cənubi Qafqazda sülh və sabitlik məsələlərinə marağını artırıb.

Azərbaycan isə özünün çoxvektorlu xarici siyasət kursu çərçivəsində Mərkəzi Avropa ölkələri ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Azərbaycan Prezidentinin bu səfəri isə ölkələrimiz arasındakı ikitərəfli siyasi dialoqunun institusionallaşdırılması, Bakı-Bratislava xəttində yüksək səviyyəli məsləhətləşmələrin genişləndirilməsi, regional təhlükəsizlik məsələlərinə dair koordinasiyanın gücləndirilməsi baxımından ciddi nəticələr doğurur. Nəzərə almalıyıq ki, Slovakiya Ermənistan-Azərbaycan münasibətlərində post-müharibə dövrünün reallıqlarını qəbul edən, regionda sülh müqaviləsinin imzalanmasını dəstəkləyən Avropa İttifaqı ölkələrindən biridir.

Bu səbəbdən dialoq yalnız ikitərəfli çərçivədə deyil, həm də Avropa İttifaqı-Azərbaycan münasibətlərinə də əlavə siyasi dinamika qatır. Beləliklə, Prezident İlham Əliyevin Bratislavaya səfəri Azərbaycan-Slovakiya münasibətlərində yeni səhifə açır və Cənubi Qafqazda yeni geosiyasi düzən formalaşdığı bir vaxtda Bratislava-Bakı xəttində əlaqələrin möhkəmləndirilməsi həm regional sabitlik, həm də Avropanın təhlükəsizliyi üçün əhəmiyyətlidir.

MTM Analitik Qrupu 

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?