09 dekabr

Azərbaycan-Slovakiya münasibətlərində yeni dövr: İlk rəsmi səfərin geosiyasi əhəmiyyəti - ŞƏRH

Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri iki ölkə münasibətlərində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Bu səfər Azərbaycanın Avropa İttifaqına üzv olan Mərkəzi Avropa dövlətləri ilə əlaqələrinin dərinləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. İlham Əliyevin Slovakiyaya ilk dəfə rəsmi səfər etməsi, əslində, Azərbaycan-Slovakiya münasibətlərinin artıq protokol səviyyəsindən çıxaraq strateji əməkdaşlıq müstəvisinə keçdiyini göstərir. Bratislavada keçirilən görüşlərdə həm dövlət başçıları, həm də nümayəndə heyətlərinin vurğuladığı məqamlar bu istiqamətin aydın təsdiqidir.

Azərbaycanın Slovakiya üçün strateji tərəfdaşa çevrilməsinin arxasında bir neçə vacib geoiqtisadi və geosiyasi amil dayanır. İlk növbədə, Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik ölkəsi olaraq regionun aparıcı siyasi və iqtisadi aktorudur. Son 20 ildə formalaşdırılan dayanıqlı iqtisadi model, enerji layihələri və qlobal əhəmiyyətli infrastruktur proqramları Azərbaycanın Avrasiyada mühüm tranzit mərkəzinə çevrilməsinə imkan verib. Bu mövqe Slovakiya kimi Avropa ölkələri üçün həm etibarlı enerji tərəfdaşı, həm də Şərqlə Qərb arasında alternativ logistik körpü deməkdir.

Zəngin enerji resurslarına malik olan Azərbaycan Slovakiyanın enerji təhlükəsizliyinə töhfə verə biləcək nadir ölkələrdəndir. Avropa bazarlarında enerji təchizatının diversifikasiyası getdikcə daha kritik məsələyə çevrilərkən, Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi layihələr Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini artırır. Slovakiya bu mənbələrə çıxış imkanlarını genişləndirməkdə maraqlıdır və İlham Əliyevin səfəri kontekstində müzakirə edilən enerji əməkdaşlığı bunun reallaşması üçün praktiki addımların atılmasına şərait yaradır. Prezidentlər səviyyəsində aparılan danışıqlarda Azərbaycan qazının Slovakiya istiqamətinə çatdırılması məsələsi xüsusi yer tutur, bu da Bratislavanın enerji siyasətində Bakıya olan marağı daha da artırır.

Bundan başqa, Azərbaycanın geostrateji mövqeyi Slovakiya üçün təkcə enerji sahəsində deyil, həm də logistika və nəqliyyat marşrutlarının şaxələndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan üzərindən keçən Orta Dəhliz Çindən Avropaya ən qısa quru və dəniz marşrutlarından biri olaraq Slovakiya kimi ixrac yönümlü, sənaye gücünə malik ölkələr üçün real alternativdir. Bakı bu dəhlizin inkişafına böyük sərmayələr yönəldir və Slovakiya ilə əməkdaşlıq bu xəttin Avropa hissəsində daha güclü inteqrasiya olunmasına şərait yarada bilər. Bu isə həm yükdaşımaların həcmini artırar, həm də Avropanın tədarük zəncirlərinin risklərini azaldar.

Slovakiyanın Azərbaycanla tərəfdaşlığı yalnız enerji və logistika ilə məhdudlaşdırmır. İkitərəfli müzakirələrdə ticarət, sənaye, müdafiə, yüksək texnologiyalar, təhsil və humanitar sahələrə dair geniş əməkdaşlıq perspektivləri ortaya qoyulub. Slovakiya prezidenti açıq şəkildə bildirib ki, Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsi ölkəsi üçün prioritet hesab edilir. Hər iki dövlət başçısının vurğuladığı kimi, ticarət dövriyyəsinin həcmi hazırda potensialdan xeyli aşağıdır və bu sahədə böyük imkanlar mövcuddur. Bu mənada səfər iki ölkə arasında iqtisadi fəallığı artırmaq, biznes dairələrini yaxınlaşdırmaq və hər iki iqtisadiyyat üçün qarşılıqlı faydalı layihələrə təkan vermək məqsədi daşıyır.

İlham Əliyevin səfərinin daha geniş strateji mənası ondan ibarətdir ki, Azərbaycan Avropa ilə münasibətlərini balanslı şəkildə inkişaf etdirməyə davam edir və Mərkəzi Avropa regionu ilə əməkdaşlıq xətti getdikcə daha da güclənir. Slovakiya ilə formalaşan yaxın münasibət həm Azərbaycan üçün yeni Avropa bazarlarına açılan qapı rolunu oynayır, həm də regional geosiyasi tarazlıqda Bakının rolunu artırır. Bununla yanaşı, Slovakiya da Azərbaycanla əməkdaşlıq sayəsində Cənubi Qafqaz regionunda mövqelərini gücləndirir, enerji və logistik təhlükəsizliyini möhkəmləndirir və iqtisadi diversifikasiyasına yeni impuls verir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri iki ölkə münasibətlərini yeni strateji müstəviyə çıxaran mühüm siyasi hadisədir. Bu səfər təkcə diplomatik təmasların intensivləşməsi deyil, həm də iqtisadi, enerji, müdafiə və logistik sahələrdə uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığın əsaslarının möhkəmləndirilməsi deməkdir. Azərbaycan və Slovakiya arasında formalaşan bu yeni əməkdaşlıq modeli həm regionda, həm də Avropa miqyasında geoiqtisadi proseslərə təsir göstərə biləcək potensiala malikdir.

Hikmət Həsənov

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?