Çin–Yaponiya–Koreya üçbucağında gərginlik artır - ŞƏRH

Çin və Yaponiya arasında diplomatik münaqişənin dərinləşməsi regionda yeni gərginlik dalğası yaradıb. Əvvəllər bu cür ziddiyyətlər digər regional aktyorlara ciddi təsir etmirdi. Lakin hazırda Pekin və Tokio arasında yaşanan böhran Cənubi Koreya rəhbərliyinə də dolayı təsir göstərməyə başlayıb. Bunun nəticəsi olaraq, Çin, Yaponiya və Cənubi Koreya hökumətlərinin bu ay üçün planlaşdırdıqları üçtərəfli sammitin keçirilməsi ehtimalı xeyli azalıb.
Gərginlik Yaponiyanın Baş naziri Sanae Takaiçinin Tayvanla bağlı hərbi toqquşma baş verəcəyi halda Tokio tərəfindən güc tətbiqinin mümkünlüyü ilə bağlı bəyanatından sonra yaranıb. Takaiçi açıq şəkildə bildirib ki, Çin tərəfindən Tayvana qarşı hərbi əməliyyat Yaponiyanın milli təhlükəsizliyi üçün “varlıq təhlükəsi” yarada bilər və belə halda Tokio kollektiv müdafiə hüququndan istifadə edərək hərbi cavab verə bilər.
Bu açıqlama Pekin tərəfindən Yaponiyanın regionda mövqeyini sərtləşdirməsi və “Bir Çin” prinsipinə qarşı siyasi meydan oxuma kimi qiymətləndirilib. Çin hökuməti bəyan edib ki, bu şəraitdə yüksək səviyyəli üçtərəfli dialoqa zəmin yoxdur və sammitin keçirilməsi məqsədəuyğun sayılmır.
Gərginliyi azaltmaq üçün şərait yarandığı təqdirdə Seul vasitəçi rolunu oynamağa hazır olduğunu bildirib. Dayandırılan sammit ənənəvi olaraq iqtisadi əməkdaşlıq, Şərqi Asiyada təhlükəsizlik məsələləri və üç ölkə arasında inteqrasiya proseslərinin müzakirə edildiyi platforma rolunu oynayırdı. Sonuncu görüş uzun fasilədən sonra 2024-cü ilin mayında baş tutmuşdu və növbəti raundun dekabrda keçirilməsi planlaşdırılırdı.
Bununla belə, üçtərəfli sammitin region üçün həlledici əhəmiyyət daşıdığı da iddia edilə bilməz. Son görüşün nəticələri — elm, texnologiya və iqlim dəyişikliyi kimi adi sahələr üzrə ümumi bəyannamələr — sammit mexanizminin məhdud təsir imkanlarını göstərmişdi. Üç ölkənin keçmişdə inteqrasiya ilə bağlı ambisiyaları olsa da, indiki şəraitdə bu məqsədlər daha da qeyri-real görünür. 2025-ci il sammitinin potensial ləğvi isə bu inteqrasiya alətinin niyə effektiv işləmədiyinin bariz nümunəsinə çevrilir.
Sammitin dayandırılması yalnız siyasi müstəviyə təsir göstərmədi, həm də mədəni əməkdaşlıq sahəsində mənfi effekt yaratdı. Çin Yaponiya və Cənubi Koreya ilə mədəniyyət nazirlərinin toplantısını da təxirə saldı. Bu, gərginliyin yalnız təhlükəsizlik və strateji məsələlərlə məhdudlaşmadığını, insanlararası əlaqələrdən tutmuş sosial və humanitar əməkdaşlığa qədər bütün kanalları zəiflədiyini göstərir. Bu fon üç ölkə arasında etimadın əvvəlki dövrlərlə müqayisədə ciddi şəkildə azaldığını nümayiş etdirir.
Məsələnin fonunda ABŞ–Çin rəqabəti də mühüm rol oynayır. Yaponiya Tayvan məsələsində mövqeyini sərtləşdirdikcə Vaşinqtonla təhlükəsizlik əməkdaşlığı daha aydın görünür. Bu isə Pekini üçtərəfli formatı balanslaşdırılmış əməkdaşlıq mexanizmi yox, Yaponiyanın ABŞ-la yaxınlaşmasının siyasi əksi kimi qiymətləndirməyə vadar edir. Nəticədə sammitin siyasi çəkisi azalır və onun gələcəyi qeyri-müəyyənləşir.
Bu vəziyyət Cənubi Koreyanı da çətinliklərlə qarşı-qarşıya qoyur. Seul uzun illərdir Çin və Yaponiya arasında nisbi balansı qorumağa çalışsa da, indiki şəraitdə nə vasitəçilik təşəbbüsləri real qarşılıq tapır, nə də etimad mühiti dialoqu bərpa etməyə imkan verir. Beləliklə, Koreyanın həm diplomatik manevr imkanları məhdudlaşır, həm də təhlükəsizlik və iqtisadi maraqlarını optimal şəkildə qorumaq daha mürəkkəb hal alır.
Bütün bunlar göstərir ki, üçtərəfli sammitin ləğvi təkcə diplomatik gündəmin kiçik bir epizodu deyil. Hadisə Şərqi Asiyada güc balansının dəyişməsi, Tayvan məsələsinin regionun təhlükəsizlik arxitekturasına birbaşa təsiri və üç ölkə arasında strateji etimadın tarixi minimuma enməsinin simvoludur. Yaxın gələcək üçün əsas sual gərginliyin daha nə qədər dərinləşəcəyi və tərəflərin dialoqu bərpa etmək üçün hansı diplomatik addımlara hazır olacağıdır.
Hazırkı mənzərə isə göstərir ki, sammit mexanizminin yenidən aktivləşdirilməsi yalnız uzunmüddətli diplomatik səylər, siyasi mövqelərin yumşaldılması və etimadın mərhələli şəkildə bərpası ilə mümkün ola bilər.
Hikmət Həsənov