08 dekabr

Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə edir - TƏHLİL

Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra regionda formalaşdırdığı yeni reallıqlar Ermənistan üçün də yeni imkanlar pəncərəsi açır. Ölkəmizin Ermənistanla bağlı tranzit embarqosunu aradan qaldırmasından sonra Rusiyadan və Qazaxıstandan gələn taxılın Azərbaycan üzərindən Ermənistana çatdırılması bu reallığın konkret nümunələrindən biridir. Sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin açılması isə Ermənistan üçün daha böyük iqtisadi dividendlər vəd edir. Hətta proseslərin inkişaf dinamikası göstərir ki, perspektivdə Ermənistanın enerji təhlükəsizliyinin təmin edilməsində də Azərbaycan həlledici rol oynaya bilər.

Xatırlatmaq lazımdır ki, Azərbaycanla Ermənistan arasında uzun illər davam edən münaqişə ticarət əlaqələrinin, o cümlədən strateji məhsulların alış-verişinin tamamilə məhdudlaşdırılmasına səbəb olmuşdu. 2020-ci il Vətən müharibəsindən və 2023-cü ildə Azərbaycanın suverenliyinin tam bərpa edilməsindən sonra regionda yeni siyasi reallıq yaranıb. Bu fonunda iqtisadi kommunikasiyaların bərpası və ticarət xəttlərinin açılması xüsusi diqqət mərkəzinə gəlib. Bu kontekstdə ən çox müzakirə olunan məsələlərdən biri gələcəkdə Azərbaycandan Ermənistana təbii qaz, neft və neft məhsullarının ixracının mümkünlüyüdür.

Mövzu həm geosiyasi təhlükəsizlik, həm iqtisadi rasionallıq, həm də hüquqi əsaslar baxımından çoxşaxəlidir. Artıq bu istiqamətdə müəyyən müzakirələrin aparıldığı bildirilir. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Dohada keçirilən beynəlxalq forumda səsləndirdiyi fikirlər də buna işarədir. Onun sözlərinə görə, Bakı və İrəvan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazda legitimliyi və beynəlxalq hüququn üstünlüyünü təmin edib. Prezidentin köməkçisi əlavə edib ki, tərəflər müxtəlif kanallar vasitəsilə müntəzəm təmasdadırlar və əldə edilmiş razılaşmaların tam icrası üzərində fəal işləyirlər.

Bununla yanaşı, məlum olub ki, Bakı və İrəvan arasında neft və neft məhsullarının Azərbaycandan Ermənistana ixracı məsələsi də müzakirə predmeti olub. Hikmət Hacıyev qeyd edib ki, Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın yaxın günlərdə Qəbələyə səfəri zamanı sözügedən məsələ də diqqət mərkəzində olub:

“Bir müddət əvvəl Ermənistan baş nazirinin müavini Azərbaycanın Qəbələ rayonuna səfər etdi. Bu, misilsiz hadisə idi. Səfər zamanı sərhədlərin delimitasiyası ilə yanaşı, iki ölkə arasında qarşılıqlı ticarət məsələləri, o cümlədən neft və neft məhsullarının Azərbaycandan Ermənistana ixracı da müzakirə edildi.”

Tədbirdə çıxış edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə ölkəsinin TRİPP marşrutunun – yəni Zəngəzur dəhlizinin açılmasının yeni imkanlar yaradacağını bildirib. Hikmət Hacıyev də qeyd edib ki, Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat mənzərəsini əsaslı şəkildə dəyişəcək. İlkin mərhələdə dəhlizin illik ötürücülük qabiliyyəti 15 milyon ton yük təşkil edəcək və burada avtomobil, dəmir yolu ilə yanaşı, təbii qaz kəməri və elektrik xətlərinin də keçirilməsi planlaşdırılır. Bu kontekstdə perspektivdə Ermənistanın Azərbaycandan təbii qaz və hətta elektrik enerjisi idxal etməsi real görünür.

Hazırda Ermənistan qaz təchizatında əsasən Rusiyadan, qismən isə İrandan asılıdır. Bu asılılıq ölkənin enerji təhlükəsizliyini risk altına qoyur və məhdud marşrutlara bağlılıq geosiyasi dəyişikliklər qarşısında həssaslıq yaradır. Azərbaycan qazının Ermənistana potensial ixracı isə bu ölkəyə daha qısa və alternativ təchizat xətti təmin edə bilər. Elektrik enerjisi sahəsində də vəziyyət Ermənistan üçün ürəkaçan deyil. SSRİ dövründən qalmış elektrik xətləri sıradan çıxdığına görə Azərbaycanla enerji mübadiləsi tam dayanıb. Azərbaycan isə son illər enerji istehsal güclərini artıraraq təkcə daxili tələbatı deyil, həm də ixrac imkanlarını genişləndirir.

Ermənistan üçün Azərbaycan istiqamətindən idxal daha sərfəlidir, çünki əlavə tranzit ölkələrdən asılılıq və yüksək logistika xərcləri aradan qalxır. Ermənistan da yaxşı dərk edir ki, regiondakı enerji layihələrinin mərkəzində məhz Azərbaycan dayanır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Cənub Qaz Dəhlizi kimi layihələr Cənubi Qafqazın enerji xəritəsini köklü şəkildə dəyişdirib.

Bu kontekstdə Azərbaycanla enerji əməkdaşlığı Ermənistan üçün həm iqtisadi, həm də strateji baxımdan tamamilə yeni perspektivlər açır. Lakin təbii ki, məsələnin siyasi ölçüsü də var: Azərbaycandan Ermənistana enerji, o cümlədən neft və neft məhsullarının ixracı adi ticarət aktından daha çox strateji xarakter daşıyır. Ermənistanın məhdud idxal marşrutlarına malik olması, yüksək logistika xərcləri və geosiyasi risklərin mövcudluğu bu ölkənin enerji bazarını kövrək vəziyyətdə saxlayır. Azərbaycan isə geniş infrastrukturu və ixrac gücü ilə regionun əsas enerji tədarükçüsüdür.

Ermənistan kimi kiçik və yaxın bazara çıxış Azərbaycan üçün böyük iqtisadi üstünlüklər yaratmasa da, bu addım regionda sülh və sabitliyin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ermənistanın enerji təminatında Azərbaycanın rolunun artması Bakının strateji təsir imkanlarını daha da gücləndirəcək. Lakin bütün bu imkanlar yalnız Ermənistanın sülh müqaviləsini imzalaması, təhlükəsizlik təminatlarını möhkəmləndirməsi və kommunikasiyaların açılması istiqamətində real siyasi iradə nümayiş etdirməsi şərtilə mümkün ola bilər.

Bu şərtlər təmin olunarsa, enerji əməkdaşlığı gələcəkdə Cənubi Qafqazda davamlı sülhün və iqtisadi inteqrasiyanın əsas dayaqlarından birinə çevrilə bilər. Azərbaycan proseslərin məhz bu istiqamətdə inkişafında maraqlı tərəfdir.

MTM Analitik Qrupu 

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?