Etibarlı tərəfdaşlıq – Yeni gömrük modeli iqtisadi rəqabətliliyi gücləndirir - ŞƏRH

Azərbaycanda sahibkarlıq subyektlərinin dinamik inkişafının davam etdirilməsi və özəl sektorun iqtisadiyyatda xüsusi çəkisinin artırılması hökumətin fəaliyyətində prioritet istiqamətlərdən biri olaraq qalır. Bu kontekstdə atılan mühüm addımlardan biri Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Etibarlı Tərəfdaş Konsepsiyası”dır. Konsepsiya, sənəddə qeyd olunduğu kimi, gömrük–biznes əməkdaşlığı çərçivəsində idarəetmənin təkmilləşdirilməsini, xarici iqtisadi fəaliyyətin beynəlxalq ticarət-təchizat zəncirinin yeni tələblərinə uyğunlaşdırılmasını və ticarətin asanlaşdırılmasını hədəfləyir. Bütün bunlar, ilk növbədə, sahibkarlığın və özəl sektorun inkişafına yeni təkan verməklə yanaşı, ölkə iqtisadiyyatı üçün də əlavə imkanlar yaradır.
Məlumdur ki, müasir qlobal ticarət sistemində gömrük orqanları ilə biznes subyektləri arasında qarşılıqlı etimadın və konstruktiv əməkdaşlığın formalaşdırılması iqtisadi inkişafın əsas şərtlərindən biridir. Qloballaşma prosesləri, ticarət dövriyyəsinin artması, logistika zəncirinin mürəkkəbləşməsi və qeyri-leqal iqtisadi fəaliyyətlə mübarizənin güclənməsi fonunda gömrük–biznes münasibətlərinin yeni mərhələsi çoxsaylı üstünlüklər təqdim edir. Etibarlı tərəfdaşlığa əsaslanan bu model həm dövlətin fiskal və təhlükəsizlik maraqlarını qoruyur, həm də biznesin rəqabət qabiliyyətini artırır.
Konsepsiyada vurğulanan mühüm məqamlardan biri beynəlxalq təcrübənin tətbiqidir. Dünyanın aparıcı ölkələrində etibarlı tərəfdaşlıq modeli biznes subyektlərinə xarici ticarətdə iqtisadi üstünlüklər qazandırmaqla yanaşı, ticarət-təchizat zəncirində gömrük prosedurlarının sadələşdirilməsinə və optimallaşdırılmasına imkan yaradır. Azərbaycanda bu yanaşmanın tətbiqi biznes subyektlərinin xarici ticarət fəaliyyətini daha çevik və əlçatan edəcək.
Bir çox ölkələrin təcrübəsində gömrük və özəl sektor arasında əməkdaşlıq risk idarəetməsinə əsaslanır. Bu yanaşma çərçivəsində etibarlılığı təsdiqlənmiş şirkətlər sadələşdirilmiş, sürətli və çevik gömrük prosedurlarından yararlana bilirlər. Bu modellər həm gömrük orqanlarının iş yükünü azaldır, həm də biznesin xərclərini optimallaşdırır. Etibarlı tərəfdaşlıq sisteminin uğurla tətbiq olunduğu ölkələrdə ticarət dövriyyəsinin artması, ixrac proseslərinin sürətlənməsi, “kölgə iqtisadiyyatı”nın azalması və şəffaflığın güclənməsi müşahidə edilir.
Prezident İlham Əliyevin təsdiq etdiyi konsepsiyada qeyd olunur ki, etibarlı tərəfdaşlıq normativ hüquqi aktların tələblərinə riayət edən və dövlət tərəfindən onlara təqdim edilən imkanlardan istifadə edən subyektlər üçün xarici ticarət sahəsində idarəetmənin optimallaşdırılmasına şərait yaradacaq. Bu yanaşma həmçinin “özünüqiymətləndirmə” institutunun inkişafına, biznes öhdəliklərinin və dəyərlərinin qarşılıqlı təhlilinə təkan verərək iqtisadi səmərəliliyin yüksəldilməsinə müsbət təsir edəcək. Ümumilikdə, konsepsiyanın məqsədi sahibkarlıq subyektlərinin maraqlarını qorumaq, gəlirliliyini artırmaq, ticarətin asanlaşdırılması üçün gömrük xidmətlərinin modernləşdirilməsi və normativ hüquqi bazanın təkmilləşdirilməsi kimi kompleks tədbirlərin reallaşdırılmasıdır.
Azərbaycanda ticarətin asanlaşdırılması, biznes mühitinin yaxşılaşdırılması, rəqəmsal gömrük sisteminin qurulması və tranzit potensialının artırılması istiqamətində modern yanaşmalar artıq uzun müddətdir tətbiq edilir. Elektron bəyannamə sistemi, rəqəmsal risk analizi, “Yaşıl dəhliz” mexanizmi gömrük–biznes əməkdaşlığını keyfiyyətcə yeni mərhələyə yüksəldir. Beynəlxalq təcrübədə effektiv sayılan “Yaşıl dəhliz” sistemi etibarlı və şəffaf fəaliyyət göstərən şirkətlərə mallarını minimal yoxlama ilə sərhəddən keçirmək imkanı verir.
Konsepsiyada “Yaşıl dəhliz”dən daimi istifadə hüququnun səlahiyyətli iqtisadi operator statusu ilə genişləndirilməsi, belə operatorların dairəsinin artırılması hədəflənir. Bununla yanaşı, gömrük anbarı və gömrük təmsilçiliyinin qlobal çağırışlara uyğunlaşdırılması, biznes mühitinin yaxşılaşdırılması, sadələşdirmə mexanizmlərinin genişləndirilməsi və “dövlət–sahibkar–istehlakçı” zəncirinin daha çevik modelə gətirilməsi nəzərdə tutulur. Beynəlxalq standartlara uyğun yeni tənzimləmə mexanizmləri, biznes dürüstlüyünün təşviqi, ticarət-təchizat zənciri boyunca təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və rəqəmsal texnologiyaların, o cümlədən “yaşıl texnologiyalar”ın tətbiqi də konsepsiyanın hədəf istiqamətləri arasındadır.
Etibarlı tərəfdaşlığın inkişafı üçün normativ hüquqi bazanın təkmilləşdirilməsi, sadələşdirmə tədbirlərinin tətbiqi mexanizmlərinin hazırlanması, gömrük ödənişlərinin hissə-hissə ödənilməsi imkanlarının genişləndirilməsi, mikro və kiçik sahibkarların likvidlik imkanlarının artırılması və etibarlı tərəfdaşlara aid “özünüqiymətləndirmə” sisteminin qurulması konsepsiyanın prioritetlərinə daxildir.
Etibarlı tərəfdaşlıq modelində qarşılıqlı məlumat mübadiləsi xüsusi rol oynayır. Gömrük orqanları ilə sahibkarlar arasında real vaxt rejimində məlumat mübadiləsi risklərin azaldılmasına, potensial problemlərin vaxtında aşkarlanmasına və ümumi sistemin təhlükəsizliyinin artırılmasına imkan verir. Bu, həm sərhəddə gecikmələrin qarşısını alır, həm də biznesin planlaşdırma qabiliyyətini gücləndirir. sahibkarların gömrük orqanlarına şəffaf məlumat təqdim etməsi isə ticarət əməliyyatlarının fasiləsizliyini və yükların təhlükəsizliyini təmin edir.
Etibarlı tərəfdaşlıq modeli yalnız güzəştlər deyil, həm də qarşılıqlı məsuliyyət tələb edir. Bu statusa malik şirkətlər üçün modelin üstünlükləri çoxşaxəlidir: ticarət dövriyyəsi sürətlənir, logistika xərcləri azalır, beynəlxalq bazarlara çıxış genişlənir, gömrük riskləri minimuma endirilir və məhsulların vaxtında çatdırılması təmin olunur. Dövlət tənzimləməsi isə daha səmərəli olur – resurslar yüksək riskli sahələrə yönəldilir və təhlükəli yüklərin aşkarlanması asanlaşır. Nəticə etibarilə model ölkənin iqtisadi imicini gücləndirir və xarici investorlar üçün cəlbediciliyini artırır.
Bütün bunlar göstərir ki, “Etibarlı Tərəfdaş Konsepsiyası” ticarət əlaqələrinin möhkəmlənməsinə, iqtisadi təhlükəsizliyin artırılmasına və ölkənin rəqabət qabiliyyətinin yüksəldilməsinə mühüm töhfə verəcək. Bu konsepsiyanın uğurlu tətbiqi Azərbaycan iqtisadiyyatı üçün yeni imkanlar açır.
MTM Analitik Qrupu