Erməni kilsəsi Paşinyanla revanşa hazırlaşır?- Qareginin Avropa səfərinin pərdəarxası - TƏHLİL

II Qareginin Fransaya və ümumilikdə Avropaya səfəri Ermənistan daxilində kilsə ilə hökumət arasında artan gərginlik fonunda baş tutur və bu addım sırf dini xarakter daşımır. Səfərin əsas siyasi məğzi ondan ibarətdir ki, kilsə rəhbərliyi həm diaspor dairələrinə, həm də Avropadakı siyasi və ictimai aktorlara mesaj göndərir: kilsə tək deyil, onun həm beynəlxalq, həm də diaspor dayaqları mövcuddur. Fransada, xüsusən də Marsel kimi ermənilərin sıx yaşadığı şəhərlərdə Qareginin keçirəcəyi görüşlər onun həm dini nüfuzunu, həm də siyasi çəkisini artırmaq məqsədi daşıyır. Burada kilsənin ən real dəstək mənbələri erməni diaspor təşkilatları və onların Fransa siyasətində nüfuzlu fiqurlarıdır.
Diasporun kilsəyə açıq dəstək göstərməsi Paşinyan üçün həm daxili siyasət, həm də beynəlxalq imic baxımından risk yaradır. Çünki Qaregin bu dəstəyi hökumətə qarşı təzyiq rıçağı kimi təqdim edə bilər. Avropada keçirilən görüşlər kilsənin özünü dövlətə qarşı “milli-mənəvi dayağın” yeganə daşıyıcısı kimi göstərməsi, Paşinyanın isə ənənəvi strukturları zəiflədən və Qərbin siyasi xəttinə uyğunlaşan lider obrazının qabardılması ilə nəticələnə bilər.
Kilsə diaspor vasitəsilə beynəlxalq ictimaiyyətdə Ermənistan daxilində dini-mədəni təzyiqlərin artdığı barədə narazılıqları gücləndirərsə, Paşinyanın Qərbdəki mövqeləri müəyyən qədər zəifləyə bilər. Bu isə ölkə daxilində narazılığın artmasına, kilsəyə qarşı aparılan islahatların legitimliyinin sual altına düşməsinə səbəb ola bilər. Diaspor təşkilatlarının kilsənin xəttini dəstəkləməsi Paşinyana qarşı “yumşaq xəyanət” ritorikasını gücləndirə və siyasi parçalanmanı daha da dərinləşdirə bilər.
Bütün bu faktorlar nəzərə alındıqda, Qareginin Avropa səfərinin Paşinyanla münasibətləri daha da gərginləşdirməsi böyük ehtimalla qaçılmaz görünür. Səfərdən sonra münasibətlərin yumşalması gözlənilmir; əksinə, dövlət–kilsə qarşıdurmasının institusional və ideoloji səviyyədə daha da sərtləşməsi mümkündür. Kilsə özünü milli kimliyin əsas dayağı kimi təqdim etdikcə, hökumət isə sekulyar dövlət modelini dərinləşdirməyə çalışdıqca, tərəflər arasındakı uçurum daha da genişlənəcək.
II Qareginin Avropa səfəri Ermənistanın siyasi sistemində yeni güc balansı formalaşdırmaq cəhdinin bir hissəsi kimi görünür. Kilsə hazırda ölkədaxili nüfuzunun ciddi təzyiq altında olduğunu hiss edir və buna görə beynəlxalq dayaqlara söykənməyə çalışır. Qaregin bu səfərlə göstərmək istəyir ki, kilsə təkcə Ermənistan daxilində dövlətlə üz-üzə qalmır, həm də xaricdə geniş siyasi, ictimai və maliyyə dəstək şəbəkəsinə sahibdir. Bu, Paşinyana dolayısı ilə yönəlmiş açıq mesajdır: kilsəyə qarşı sərt xətt davam edərsə, bu, beynəlxalq reaksiyaların yaranması ilə nəticələnə bilər.
Avropa siyasi dairələrində dini institutların təsiri azalmış olsa da, erməni kilsəsi diaspora üçün milli kimliyin əsas dayağı hesab olunur və bu səbəbdən siyasi nüfuzu hələ də yüksəkdir. Buna görə də Qareginin səfəri dini, milli və diaspor yönümlü ideoloji xəttin vahid platformada birləşdirilməsi kimi qiymətləndirilir. Səfər həm də kilsənin daxili auditoriyaya ünvanladığı mesajdır: “Mübarizəmiz təkcə Yerevanla məhdudlaşmır, bizim arxamızda geniş diaspora dayanır.”
Bu, Paşinyanın kilsəyə qarşı atacağı hər addımın həm ölkə daxilində, həm də xaricdə daha sərt reaksiyalar doğurmasına səbəb ola bilər. Nəticədə dövlət–kilsə qarşıdurması daha dərin ideoloji mübarizəyə çevrilə bilər: bir tərəfdə sekulyar və Qərbyönlü siyasi kursu təmsil edən hökumət, digər tərəfdə isə milli-mənəvi ənənələri qoruma iddiası ilə çıxış edən kilsə. Qareginin Avropa səfəri kilsənin öz təsir dairəsini genişləndirmək üçün son illərdə atdığı ən ciddi addımlardan biri hesab olunmalı və bu addımın Ermənistanın siyasi gələcəyinə uzunmüddətli təsirləri ola bilər.
Hikmət Həsənov