05 dekabr

"Avropa başa düşür ki, enerji və xammal axınının açarı Bakıdır” – Rizvan Hüseynov - AÇIQLAMA

Son zamanlar Avropa İttifaqı ölkələrinin Azərbaycanla yaxınlaşması göstərir ki, Avropa öz enerji təhlükəsizliyinin gücləndirilməsində maraqlıdır.

Bu fikirləri təhlil.az saytına açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru, “Azərbaycan və Qafqazda erməni məsələsi” monoqrafiyasının müəllifi Rizvan Hüseynov deyib.

O bildirib ki, Fransa və Almaniya əvvəlki neqativ ritorikadan ya passiv mövqeyə keçib, ya da Almaniya nümunəsində müşahidə etdiyimiz kimi, hətta müəyyən pozitiv addımlar atmağa başlayıb: “Mən bunu Ukrayna və Rusiya arasında mümkün danışıqlar prosesi və Avropa dövlətlərinin anlamağa və qiymətləndirməyə çalışdığı yeni reallıqlarla əlaqələndirirəm”.

Ekspert vurğulayıb ki, “5+1” formulu, yəni Mərkəzi Asiya və ya Türküstan + Azərbaycan əsasən ABŞ-nin təşəbbüsüdür:

“Qazaxıstanlı bəzi politoloqların dediyi kimi, burada söhbət Azərbaycanın Mərkəzi Asiyaya qoşulmasından yox, Mərkəzi Asiyanın Azərbaycana qoşulmasından gedir. Yəni Bakının indi təqdim edə bildiyi tranzit imkanları fonunda belə yanaşma meydana çıxıb, xüsusən də son neqativ hadisələr fonunda bu daha aydın görünür”.

Tarixçi qeyd edib ki, Avropa İttifaqı Zəngəzur dəhlizi layihəsinin reallaşmasına sərmayə qoymalıdır.

“Bəs Avropada maliyyə imkanları olan kimdir? Almaniya. Hesab edirəm ki, Almaniya kansleri Mersin Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng etməsi təsadüfi deyil. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanı Zəngəzur dəhlizinin reallaşdırılması ilə bağlı tələskən olmağa çağırmasının səbəbi də budur. Çünki əgər İrəvan bu məsələni yenidən təxirə salsa, yenə də heç nəyə nail olmayacaq. Razılaşdırılmış məsələlərin icrasını yubandırmaq ilk növbədə Ermənistanın özünə ziyan vuracaq”, – deyə R. Hüseynov deyib.

Onun fikrincə, artıq Avropa İttifaqında da başa düşürlər ki, Mərkəzi Asiya resurslarının Avropaya tranzitində monopol mövqe Azərbaycanın əlində olacaq:

“Başqa real variant yoxdur. Artıq Avropaya da izah edildi ki, “5+1” sadəcə riyazi düstur deyil. Onlara xəritə üzərində göstərildi ki, beş Mərkəzi Asiya dövlətindən bütün yüklər qərbə məhz Azərbaycan üzərindən gedəcək. Fransa və Almaniyanın indi daha komplementar mövqe nümayiş etdirməsini də bununla əlaqələndirirəm. Fransanın uran tədarükü ilə bağlı ciddi problemləri var. Almaniyada isə nadir torpaq metallarını da əhatə edən xüsusi xammal çatışmazlığı mövcuddur. Bütün bu resurslar Türküstandan gələ bilər. Amma əvvəlki ənənəvi marşrutlarla yox, artıq Azərbaycan üzərindən. Bu da o deməkdir ki, Qərb ölkələri və Çin Türküstandan Qərbə gedən yolun Azərbaycan və Ermənistan ərazilərindən keçərək Türkiyəyə və Qara dənizə çıxmasını istəyirlər”.

Rasim Babayev

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?