Berlin Bakının ədalətli sülh təşəbbüsünü regional sabitliyin açarı sayır - MƏQALƏ

Coğrafi və geoiqtisadi mövqeyi, zəngin təbii ehtiyatları ilə regionda seçilən respublikamız Avropanın aparıcı ölkələrinin, o cümlədən Almaniyanın strateji maraq dairəsindədir. Tərəfdaş ölkənin Kansleri Fridrix Mertsin Prezident İlham Əliyevə etdiyi telefon zəngi və aparılan müzakirələr bir daha təsdiq edir ki, Almaniya–Azərbaycan münasibətləri Cənubi Qafqazda və ümumilikdə Avropada dəyişən siyasi vəziyyət fonunda yeni məzmun qazanır.
Telefon söhbəti zamanı Kansler Fridrix Merts Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi istiqamətində aparılan danışıqlarda irəliləyiş münasibətilə dövlət başçısını təbrik edib və Almaniyanın regionda sabitliyi dəstəklədiyini vurğulayıb. Prezident İlham Əliyev öz növbəsində Azərbaycanın bölgədə sülhün əsas təşəbbüskarı kimi bundan sonra da bu istiqamətdə səylərini davam etdirəcəyini bildirib. Telefon danışığı yalnız sülh mövzusu ilə məhdudlaşmayıb – tərəflər ikitərəfli münasibətlərin gələcək inkişafı barədə də fikir mübadiləsi aparıblar.
Dövlət başçıları qarşılıqlı olaraq bir-birinin rəsmi səfərə dəvətlərini qəbul ediblər. Bu qarşılıqlı jest iki ölkənin münasibətləri daha da inkişaf etdirməyə və yüksək səviyyəli siyasi dialoqu davam etdirməyə maraqlı olduğunu göstərir. Hər iki liderin əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bəyan etməsi ikitərəfli əlaqələrin ardıcıl inkişafına yeni təkan verir.
İkitərəfli münasibətlərə təsir edən mühüm amillərdən biri də Almaniyanın Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqları birmənalı şəkildə qəbul etməsidir. Rəsmi Berlin Qarabağın Azərbaycanın ərazisi olduğunu həmişə bəyan edib və bu prinsipial mövqeyini bu gün də davam etdirir. Bu ədalətli yanaşma postmünaqişə dövründə Azərbaycana qarşı obyektiv münasibətin möhkəmlənməsində mühüm rol oynayıb. Yeni geosiyasi şəraitdə Almaniyanın sülh prosesinə dəstək verməsi Bakıda müsbət qarşılanır. Almaniya bölgədə sabitliyin uzunmüddətli olmasını Avropanın təhlükəsizliyinin bir hissəsi kimi qiymətləndirir və Azərbaycanın atdığı addımları yüksək dəyərləndirir.
Ümumiyyətlə, Almaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri kimi uzun illərdir Bakının Avropadakı mühüm strateji tərəfdaşlarından sayılır. Prezident İlham Əliyevin bu ölkəyə 15 dəfəyə yaxın səfər etməsi, habelə ötən illərdə imzalanmış 80-dək sənəd ikitərəfli əməkdaşlığın hüquqi bazasını formalaşdırıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu və imkanlarının genişlənməsi Almaniyanın bu əməkdaşlığa marağını daha da gücləndirir. Bununla belə, iki ölkə arasındakı münasibətlər təkcə enerji və iqtisadi sahələrlə məhdudlaşmır, siyasi dialoq, regional məsələlər, sülh təşəbbüsləri, təhlükəsizlik, nəqliyyat və texnologiya kimi geniş spektri əhatə edir.
Son illərdə alternativ enerji sahəsində əməkdaşlıq xüsusi önəm qazanıb. Azərbaycanın külək və günəş enerjisi potensialı, Avropanın isə yaşıl enerjiyə keçid siyasəti bu sahədə geniş əməkdaşlıq perspektivləri açır. Almaniya şirkətlərinin uzun illik təcrübəsi, Azərbaycanın isə yeni layihələrə açıq olması “yaşıl enerji” sahəsində əməkdaşlığın inkişafına əlverişli zəmin yaradır.
İkitərəfli iqtisadi münasibətlərin genişlənməsində işgüzar dairələrin fəaliyyəti də mühüm rol oynayır. Alman–Azərbaycan Ticarət Palatası, müxtəlif işçi qrupları və uzun illərdir davam edən biznes forumları iki ölkə arasında sərmayə mühitini daha da əlverişli edir. Almaniya şirkətləri Azərbaycanın sənaye, nəqliyyat, logistika və rəqəmsallaşma layihələrində fəal iştirak etməklə bu əməkdaşlığı konkret nəticələrə çevirirlər. Azərbaycanın xarici investisiyalar üçün sabit və açıq mühitə malik olması yeni layihələrin yaranmasını stimullaşdırır. Bunun nəticəsidir ki, 2025-ci ilin yanvar–oktyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 1 milyard 237 milyon dollar təşkil edib.
Siyasi əlaqələrin inkişafında beynəlxalq platformalarda aparılan dialoqlar da əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında mütəmadi iştirakı, burada Almaniya və digər Avropa liderləri ilə görüşləri ikitərəfli münasibətlərin gündəliyini daha da zənginləşdirir. Münxen Konfransı Azərbaycanın həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, yeni əməkdaşlıq münasibətləri qurmaq və mövcud əlaqələri dərinləşdirmək üçün mühüm platformadır. Bu görüşlər təkcə siyasi məsələlərin deyil, həm də iqtisadi və texnoloji əməkdaşlıq imkanlarının müzakirəsi üçün əlavə imkanlar yaradır. Azərbaycanın nəqliyyat qovşağı kimi artan rolu, yeni dəhlizlər və tranzit potensialı Almaniyanın xüsusi diqqətindədir.
Son telefon danışığında səsləndirilən qarşılıqlı səfər razılaşmaları Almaniya–Azərbaycan münasibətlərinin yaxın gələcəkdə daha aktiv və dinamik mərhələyə keçəcəyini göstərir. Hər iki ölkə münasibətlərin daha möhkəm və davamlı əsaslar üzərində inkişaf etdirilməsində maraqlıdır.
MTM Analitik Qrupu