Birləşmiş Krallığın müdafiə üzrə dövlət naziri Ermənistanda səfərdədir

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koaker Ermənistanda səfərdədir.
Təhlil.az İctimai TV-nin teleqram kanalına istinadla xəbər verir ki, İrəvanda müdafiə naziri Suren Papikyan ilə görüşən Lord Koaker müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib. Görüşdə iki ölkənin səfirləri və Böyük Britaniyanın Ermənistandakı ilk hərbi attaşesi mayor Tomas Şorland Bol də iştirak edib.
Nazirlər vurğulayıblar ki, rezident attaşelərin təyini iki ölkə arasında müdafiə əməkdaşlığını daha da gücləndirəcək. Görüşdə həmçinin bir sıra beynəlxalq və regional təhlükəsizlik məsələləri də müzakirə olunub.
Qeyd edək ki, Lord Vernon Koaker ötən gün Azərbaycanda da səfərdə olub və bir sıra görüşlər keçirib.