Avropa İttifaqı Cənubi Qafqazda sülhün institutlaşdırılmasına dəstəyini ifadə edir - TƏHLİL

Yeni geosiyasi reallıqda Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşdırılması prosesi Avropa İttifaqının rolunun yenidən qiymətləndirilməsini zəruri edir. Azərbaycan və Ermənistan arasında bu ilin avqust ayında Vaşinqton şəhərində ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə əldə edilmiş razılaşmalar nəticəsində normallaşma prosesinin əhəmiyyətli dərəcədə irəliləməsi fonunda Avropa İttifaqının mövqeyində müşahidə olunan dönüş də diqqəti xüsusi cəlb edir.
Hazırda regionda sülhün təmin olunması bir sıra ölkələr və təşkilarlarla yanaşı, Avropa İttifaqının da maraq dairəsindədir. Belə ki, sabit və münaqişəsiz Cənubi Qafqaz regionu ümumən Avropa qitəsinin enerji təhlükəsizliyi, nəqliyyat alternativləri, ticarət marşrutları baxımından mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdə Ermənistan-Avropa İtitfaqı Tərəfdaşlıq Şurasının 6-cı iclasından sonra qəbul olunmuş ikitərəfli birgə bəyanat Avropa İttifaqının normallaşma prosesinə qərəzli və qeyri-adekvat yanaşmalardan əl çəkdiyini göstərir. Bəyanatda bir sıra məsələlərlə yanaşı, bu ilin avqustunda Vaşinqtonda “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında” Sazişin paraflanması xüsusi alqışlanır. Təşkilat, həmçinin, humanitar məsələlərin həllinin sülh və etimad quruculuğu baxımından əhəmiyyətli olduğunu və prosesə dəstəyini ifadə edib.
Bu bir daha göstərir ki, Cənubi Qafqazda təhlükəsizliyin təmini və normallaşma prosesi beynəlxalq gündəliyin ayrılmaz hissəsinə çevrilib. İkinci Qarabağ müharibəsi və lokal antiterror tədbirlərindən sonra regionda yaranmış geosiyasi reallıqlar bu il avqustun 8-də təşkil edilən Vaşinqton görüşü zamanı əldə olunan razılaşmalarla daha da möhkəmlənib. Həmin razılaşmalar yalnız tərəflərin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıması əsasında dayanıqlı sülhün mümkünlüyünü təsbit edib. Avropa İttifaqının bəyanatında bu sənədlərə istinad edilməsi təşkilatın yeni reallıqları qəbul etməsinin əyani göstəricisi kimi diqqəti çəkir.
Bu yanaşma təşkilatın əvvəlki qərəzli mövqeyindən fərqli olaraq daha konstruktiv yanaşmaya keçdiyini təsdiqləyir. Son illərdə xüsusilə Avropa Parlamentinin Fransanın siyasi manipulyasiyalarının təsiri altında ölkəmiz əleyhinə qəbul etdiyi qərəzli qətnamələr, əsassız ittihamlar, daxili işlərə kobud müdaxilə xarakterli çağırışlar Bakı tərəfindən haqlı olaraq ciddi narazılıqla qarşılanırdı. Prezident İlham Əliyev müxtəlif səviyyəli görüş və çıxışlarında Avropa İttifaqının subyektiv, qeyri-məhsuldar mövqeyinin təşkilatın vasitəçilik imkanlarını sıradan çıxardığını, prosesi dalana dirədiyini dəfələrlə açıq şəkildə bəyan etmişdi.
Vaşinqton görüşündən sonra Ermənistanla Azərbaycan arasında normallaşma istiqamətində atılan addımlar Avropa İttifaqını əvvəlki əsassız iddialardan əl çəkməyə məcbur edib. Bu dəyişiklik xüsusilə də təşkilatın aparıcı ölkələrindən olan Fransanın mövqeyində qabarıq nəzərə çarpır. Uzun illər Ermənistanın işğalçı siyasətini açıq və gizli şəkildə dəstəkləyən, Avropa İttifaqı çərçivəsində anti-Azərbaycan qətnamələrin təşəbbüskarı olan rəsmi Paris son aylarda Vaşinqton razılaşmalarını təqdir etməklə özünün əvvəlki xəttindən geri çəkildiyini göstərib. Rəsmi Paris yaxşı anlayır ki, ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş bu razılaşmalara qarşı çıxmaq nə hüquqi, nə də siyasi baxımdan məntiqli addım olar.
Bununla belə, Avropa İttifaqının Ermənistanda fəaliyyət göstərən müşahidə missiyasının fəaliyyətini dayandırmaması qeyri-müəyyənlik və haqlı suallar yaradır. Rəsmi Bakı bu “missiya”nın sərhədlərimiz yaxınlığında kəşfiyyat xarakterli fəaliyyət həyata keçirdiyini dəfələrlə bildirib, onların uzaqlaşdırılmasını tələb edib. Vaşinqtonda paraflanan sazişin 7-ci bəndində aydın şəkildə qeyd olunur ki, “Tərəflər sərhəd boyunca üçüncü tərəfin hərbi kontingentinin yerləşdirilməsinə yol verməyəcəklər”. Bu baxımdan, Ermənistan yekun sülh sazşinin imzalanmasına qədər Avropa İttifaqının hərbi kontingentinin öz ərazisindən çıxarılmasını təmin etməlidir.
Cənubi Qafqazda yaranan yeni siyasi şəraitdə Avropa İttifaqı üçün vacib məsələlərdən biri də regional əməkdaşlığın və kommunikasiyaların bərpasıdır. Zəngəzur dəhlizinin – hazırkı adı ilə “Tramp sülh və rifah yolu”nun (TRIPP) reallaşması Avropa üçün enerji, nəqliyyat və ticarət diversifikasiyası baxımından son dərəcə əhəmiyyətlidir. Bu marşrut Avropanın Orta Dəhliz vasitəsilə Asiyaya birbaşa çıxışını təmin etməklə yanaşı, qlobal tədarük zəncirlərinin şaxələnməsinə yeni impuls verəcək. Bu baxımdan, Avropa İttifaqının bu layihəni dəstəkləməkdən başqa real alternativi yoxdur. Regionda Azərbaycanın iştirakı olmadan hər hansı nəqliyyat-kommunikasiya layihəsinin uğurlu olması mümkün deyil və bunu artıq Aİ rəsmiləri də yaxşı bilirlər.
Ümumilikdə, Vaşinqton görüşü Brüsselin Bakı və İrəvanla münasibətlərinə yeni dinamika gətirib. Təşkilatın qərəzli mövqedən uzaqlaşaraq sülh prosesinə daha obyektiv, beynəlxalq hüquqa adekvat yanaşması Azərbaycanın uzunmüddətli və ardıcıl diplomatiyasının nəticəsidir. Rəsmi Bakı bir daha sübuta yetirdi ki, regionda dayanıqlı sülh yalnız formalaşan yeni reallıqlara hörmət əsasında mümkündür və bu reallığı formalaşdıran əsas aktor Azərbaycandır.
MTM Analitik Qrupu