İrəvanda məsuliyyət savaşı: Qarabağ danışıqları kimlərin üzərinə qalır? - ŞƏRH

Ermənistanın Baş naziri Nikol Paşinyan çıxışında Ermənistanın keçmiş rəhbərliyinin Qarabağla bağlı mövqeyini tənqid edib. "Müxalifət hakimiyyətdə olduğu dövrdə Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi üzrə niyə qərarlar qəbul etmədiyini xalqa izah etməli idi". Paşinyan bu fikri hökumətin bir neçə gün əvvəl Qarabağ üzrə danışıqlara dair açıqladığı sənədləri şərh edərkən deyib. Onun bu açıqlaması ölkənin siyasi gündəminə ciddi təsir göstərdi. O, Qarabağ məsələsi ilə bağlı keçmiş erməni rəhbərliyinin uzun illər həyata keçirdiyi siyasəti tənqid edərək bildirdi ki, əvvəlki hakimiyyətlər danışıqlarda real vəziyyəti xalqdan gizlədib, xarici havadarlara arxalanıb və işğal siyasətini davam etdirməklə regionu çıxılmaz vəziyyətə salıblar. Paşinyanın bu fikirləri həm keçmişin qiymətləndirilməsi, həm də Ermənistanın yeni siyasi xəttinin əsaslandırılması baxımından mühüm məqamları üzə çıxarır.
Keçmiş Ermənistan rəhbərliyinin Qarabağ siyasətinin ən çox tənqid olunan cəhətlərindən biri danışıqlar prosesinin qapalı aparılmasıdır. Əslində bu çıxışlarla Paşinyan Serj Sarkisyan və Robert Köçəryanı hədəf alır. İllərlə ictimai rəydə “qalib mövqedə olan Ermənistan” təsviri yaradılıb, lakin əslində danışıqlarda təqdim olunan təkliflər, kompromis çağırışları və beynəlxalq vasitəçilərin tələbləri xalqdan gizlədilib. Paşinyan bildirir ki, əgər danışıqlarda “yaxşı təklif” olubsa, niyə həyata keçirilməyib, əgər olmayıbsa, niyə ictimaiyyətə doğru-dürüst izah verilməyib.
Bu yanaşma göstərirdi ki, keçmiş rəhbərlik münaqişənin real həllinə yox, daxili auditoriyaya populist mesajlar verməyə üstünlük verirdi. Nəticədə erməni cəmiyyəti faktiki vəziyyətdən uzaq salınmış, “status-kvo əbədidir” kimi yanlış təsəvvürlərlə yaşayırdı.
Paşinyanın tənqid etdiyi ikinci mühüm istiqamət keçmiş rejimin Ermənistanın xarici siyasətini müəyyən mənada xarici havadarlara bağlamasıdır. Keçmiş liderlər regiondakı real güc balansını və Azərbaycanın artan potensialını nəzərə almaqdansa, kənar dövlətlərin siyasi, hərbi və maliyyə dəstəyinə ümid edirdilər. Bu isə münaqişənin həllini daha da çətinləşdirir, Ermənistanın öz qərarvermə müstəqilliyini zəiflədir, sülh imkanlarını arxa plana keçirirdi.
Xarici havadarların öz geosiyasi maraqları naminə münaqişənin dondurulmuş vəziyyətdə saxlanılmasına maraqlı olması isə Ermənistanı illərlə müstəqil strategiya formalaşdırmaq imkanından məhrum etdi. Paşinyanın sözlərinə görə, keçmiş rəhbərlik bəzən ölkəni “başqa dövlətlərin cibinə salmış”, regional reallıqları nəzərə almaq əvəzinə, onlardan siyasi və təhlükəsizlik zolağı kimi istifadə etmişdir.
Keçmiş erməni hakimiyyətlərinin Qarabağ siyasəti uzun müddət regionun sülh perspektivini bloklayan əsas amillərdən biri olub. İşğalın davam etdirilməsi üzərində qurulan siyasət Ermənistanı regional təcridə salıb, iqtisadi inkişafı ləngidib və sonda Azərbaycanla qarşıdurmanı qaçılmaz hala gətirib.
Siyasi elita üçün status-kvonun saxlanılması daxili hakimiyyətin davamı üçün əlverişli alət idi: münaqişə “təhlükə faktoru” kimi təqdim olunur, cəmiyyətin diqqəti sosial-iqtisadi problemlərdən uzaqlaşdırılırdı. Nəticədə həm Ermənistan, həm də region onilliklər boyu dondurulmuş gərginlik vəziyyətində qaldı.
Paşinyanın bu tənqidləri yalnız keçmiş rəhbərliyə yönəlik siyasi hücum deyil, həm də yeni siyasi mərhələyə keçidin anonsu kimi görünür. O, Qarabağla bağlı danışıqlara dair sənədləri açıqlayacağını bildirərək cəmiyyətə şəffaflıq və həqiqət vədi verib.
Bu, həm iç siyasətdə legitimlik axtarışının tərkib hissəsidir, həm də Ermənistanın regiondakı yeni reallıqları qəbul etmək niyyətinin göstəricisi sayılır. Sülh və əməkdaşlıq xətti ölkənin uzun illər davam edən qarşıdurma siyasətindən uzaqlaşmasının zəruriliyini ortaya qoyur.
Paşinyanın tənqidlərinin fonunda bir həqiqət açıq şəkildə görünür: Ermənistanın əvvəlki Qarabağ siyasəti həm xalqı, həm də dövləti illər boyu yanlış istiqamətə aparıb. Gizli danışıqlar, xarici havadarlara arxalanma və işğal siyasətinin davam etdirilməsi Ermənistan üçün nə siyasi üstünlük, nə də regional güc qazandırdı — əksinə, ölkəni daha böyük təcrid və zərər içində saxladı.
İndi Ermənistan üçün tarixi seçim məqamıdır: ya keçmişin səhvlərini təkrarlamaq, ya da yeni reallıqlara uyğun strateji xətt qurmaq. Paşinyanın son açıqlamaları ikinci yolun seçildiyini göstərsə də, qarşıdakı proses həm cəmiyyətin, həm də siyasi elitanın bu dəyişikliklərə nə qədər hazır olduğunu ortaya çıxaracaq.
Hikmət Həsənov