Dünən

Rusiya–NATO Şurası tarixə qovuşdu - ŞƏRH

NATO-nun baş katibi Mark Ruttenin xarici işlər nazirlərinin iclası zamanı Rusiya–NATO Şurasının ləğv olunduğunu açıqlaması Avroatlantik təhlükəsizlik sistemində mühüm siyasi siqnal kimi dəyərləndirilir. Polşanın xarici işlər naziri Radoslav Sikorskinin təsdiqlədiyi bu qərar yalnız texniki prosedur deyil, Avropada təhlükəsizlik fəlsəfəsinin köklü transformasiyasının simvolu sayılır. Sikorskinin “Rusiya-NATO Şurası artıq mövcud deyil. Rusiya–NATO Təsis Aktı da yoxdur” bəyanatı bu strukturun həm siyasi legitimliyinin, həm də funksional rolunun tam şəkildə aradan qalxdığını göstərir.

2002-ci ildə yaradılan Rusiya–NATO Şurasının məqsədi Şimali Atlantika Alyansı ilə Moskva arasında dialoqu gücləndirmək, qarşılıqlı etimadı artırmaq və regional təhlükəsizlik üzrə birgə mexanizmlər qurmaq idi. Lakin 2014-cü ildə Krımın ilhaqından sonra bu çərçivə formal xarakter aldı, Rusiya–Ukrayna müharibəsinin 2022-ci ildə genişmiqyaslı mərhələyə keçməsi ilə isə tamamilə donduruldu. Uzun illər ərzində Şuranın fəaliyyəti nə qarşılıqlı etimadı bərpa edə bildi, nə də qarşıdurmaların qarşısını almağa real təsir göstərdi. Bu baxımdan strukturun ləğvi faktiki olaraq uzun müddətdir işləməyən mexanizmin rəsmi bağlanması deməkdir.

Radoslav Sikorskinin “Bu qərarı çoxdan gözləyirdik” sözləri Polşanın təhlükəsizlik strategiyasının sərt konturlarını əks etdirir. Varşava son illərdə öz konsepsiyasını “zəif Rusiya – güclü NATO” doktrinası üzərində qurur və Moskva ilə institusional əməkdaşlığın dondurulmasını Avropanın müdafiə qabiliyyətinin əsas şərti hesab edir. Polşa üçün Rusiya yalnız hərbi təhdid deyil, həm də Ukraynanı zəiflətməklə bütün Mərkəzi və Şərqi Avropanın müdafiə dayaqlarını sarsıtmağa çalışan geopolitik aktordur. Bu mənada Şuranın ləğvi Polşanın diplomatik kursunun gerçəkləşməsi və Avropa təhlükəsizliyində “sərt xətt” tərəfdarlarının mövqeyinin güclənməsi deməkdir.

Qərarın məhz indi verilməsi də təsadüfi deyil. Son həftələrdə ABŞ administrasiyasının Rusiya–Ukrayna münaqişəsinin eskalasiyasının qarşısını almaq üçün daha aktiv diplomatik xəttə keçdiyi müşahidə olunur. Vaşinqton həm Moskva ilə təmasları genişləndirir, həm də Kiyev hökumətini kompromisə hazırlamaq istiqamətində addımlar atır. Bu konteksdə Rusiya–NATO Şurasının ləğvi bir neçə mühüm mesaj ehtiva edir.

Birincisi, Qərb Moskva ilə dialoqu çoxkanallı və institusional formatlardan çıxarır. Şuranın ləğvi Vaşinqton və Brüsselin Rusiya ilə münasibətləri artıq formal mexanizmlər vasitəsilə deyil, daha çox ikitərəfli və qapalı diplomatik kanallar vasitəsilə tənzimləmək niyyətində olduğunu göstərir. Bu, ABŞ-ın münaqişənin genişlənməsinin qarşısını almaq üçün daha çevik və nəzarətli danışıqlar xətti seçdiyinə işarədir.

İkincisi, NATO təhlükəsizlik arxitekturasını yenidən qurur. Rusiya–NATO Şurasının ləğvi alyansın “köhnə təhlükəsizlik illüziyalarından” qurtulması kimi qiymətləndirilir. NATO Avro-Atlantik məkanın təhlükəsizliyini daha real təhdidlər əsasında yenidən modelləşdirməyə çalışır.

Üçüncüsü, ABŞ Avropanı Rusiyaya qarşı daha monolit mövqeyə gətirir. Qərar Avropa daxilində zaman-zaman meydana çıxan yumşaq mövqelərin təsirini zəiflədir və “vahid təhlükəsizlik konsepti” formalaşdırmağa xidmət edir.

Qərarın Ukrayna üçün strateji nəticələri də diqqət çəkir. Qərbin Rusiya ilə müzakirə platformalarını məhdudlaşdırması Kiyevin mövqeyinə psixoloji və siyasi dəstək kimi dəyərləndirilir. Moskva artıq NATO ilə dialoq imkanı olmayan bir mühitə düşür, bu isə Kremlin diplomatik manevr imkanlarını daraldır və diqqətini ABŞ–Rusiya ikitərəfli kanallarına yönəldir.

Nəticə etibarilə, Rusiya–NATO Şurasının ləğvi sadəcə bir strukturun bağlanması deyil, beynəlxalq münasibətlər sisteminin yeni geosiyasi reallıqlara uyğunlaşmasının rəsmi təsdiqidir. Bu addım həm ABŞ-nin Rusiya–Ukrayna münaqişəsinin genişlənməsinin qarşısını almaq üçün fəallaşdığı, həm də NATO-nun Avropanın təhlükəsizlik arxitekturasını yenidən formalaşdırdığı bir dövrdə atılıb. Bütün bunlar Rusiya ilə Qərb arasında strateji rəqabətin daha açıq və daha az illüziyalı mərhələyə keçdiyini göstərir.

MTM Analitik Qrupu 

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?