Avropanın TRİPP layihəsinə marağı Azərbaycana geosiyasi və iqtisadi dividendlər qazandırır - ŞƏRH

Avqustun 8-də Vaşinqtonda imzalanmış üçtərəfli bəyannamədə yer alan şərtlərdən biri olan TRİPP layihəsinə dünya dövlətlərinin də böyük marağının olduğu gün keçdikcə üzə çıxır. Xüsusən də, Avropa İttifaqının bu layihədə iştirakda maraqlı olduğu layihənin beynəlxalq miqyasda hansı dəyərə sahib olduğunu göstərir. Avropa İttifaqı Şərqlə Qərb arasında nəqliyyat əlaqəsinin daha yaxşı təşkil edilməsi üçün Azərbaycan, Türkiyə, Ermənistan və Avropadan ibarət xüsusi dördtərəfli qrupun yaradılmasını müzakirə edir. Marta Kosun sözlərinə görə, "Tramp marşrutu" nəqliyyat bağlantısının tərkib hissələrindən biridir, lakin onu Qərb və Şərqlə birləşdirmək lazımdır. O vurğulayıb ki, Avropa İttifaqı Cənubi Qafqazda nəqliyyat əlaqəsi sahəsində çox iş görə bilər və bütün bunlar Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması sayəsində mümkün olub. Bu isə göstərir ki, Azərbaycan son illər Avropanın Cənubi Qafqazda əsas partnyoruna çevrilir. Eyni zamanda TRİPP layihəsinin reallaşmasında kilid ölkə rolunda olduğu artıq bütün dünya tərəfindən qəbul edilib.
Mövcud geosiyasi və iqtisadi reallıqlar fonunda, yəni Avropa İttifaqının Şərq-Qərb nəqliyyat-kommunikasiya bağlantılarını genişləndirməyə dair ambisiyaları, regionda sabitliyin bərqərar olması, yeni logistik dəhlizlərə tələbatın yüksəlməsi və belə bir dördtərəfli xüsusi qrupun yaradılması ideyası Azərbaycan üçün strateji baxımdan mühüm fürsətlər və üstünlüklər gətirə bilər. Son illərdə Aİ Cənubi Qafqaz və Mərkəzi Asiyaya uzanan nəqliyyat, enerji və dijital bağlantıların genişləndirilməsini öz prioritetlərinə daxil edib. Transxəzər nəqliyyat dəhlizi çərçivəsində infrastrukturun gücləndirilməsi, logistikanın müasirləşdirilməsi və gömrük-ticarət prosedurlarının sadələşdirilməsi kimi addımlar planlaşdırılır. Belə bir dördtərəfli xüsusi format təkcə tranzit qaydalarını deyil, həm də regional inteqrasiyanı təşviq edən dayanıqlı struktur kimi işləyə bilər. Azərbaycan üçün bu strukturun faydaları çoxşaxəli ola bilər. İlk növbədə, ölkəmiz regionun geostrateji “keçid mərkəzi” kimi mövqeyini möhkəmləndirər. Hazırda planlaşdırılan və inkişaf edən infrastruktur layihələrinin, o cümlədən, Zəngəzur Dəhlizi üzərində Aİ-nin aktiv iştirakı, dövlətlərarası tranzitin artması, nəqliyyat marşrutlarının uzunmüddətli və sabit olması Azərbaycanın tranzit ölkəsi kimi rolunu gücləndirər. Buna paralel olaraq, yük dövriyyəsinin artması gömrük, logistika, nəqliyyat xidmətləri sahəsində yeni investisiyalara, iş yerlərinə və infrastruktura stimullaşdırıcı təsir göstərə bilər. Belə bir təşəbbüs yalnız yükdaşıma və logistika ilə məhdudlaşmır. Eyni zamanda bu, regional inteqrasiya və çoxsahəli əməkdaşlıq platforması ola bilər. Dördtərəfli format həm nəqliyyat, həm enerji, həm rəqəmsal kommunikasiya və ticarət sahələrini birləşdirə bilər ki, bu da regionun sabitliyini və qarşılıqlı etimadını artırar. Bundan başqa, belə bir formatın yaradılması Avropa ilə Azərbaycanın münasibətlərində yeni səviyyəyə yol açar. Aİ üçün regionda etibarlı, sülhə əsaslanan və gələcəyə yönəlik ortaq investisiya platforması qurmaq mühüm prioritetdir. Bu baxımdan Aİ Azərbaycana önəm verə bilər. Çünki Azərbaycan yerləşdiyi coğrafi mövqeyə görə, Cənubi Qafqazda “logistika və tranzit qapısı” olmaq potensialı daşıyır. Artan Aİ-Azərbaycan əməkdaşlığı nəinki nəqliyyat-kommunikasiya sektorunu, həm də ticarət, investisiya, enerji və rəqəmsal sahələri əhatə edə bilər. Belə perspektiv həm siyasi, yəni beynəlxalq arenada nüfuz, həm də iqtisadi, yəni sabitlik və artan gəlirlər demək ola bilər. Eyni zamanda, Avropanın bu formata marağı Azərbaycana beynəlxalq siyasi və iqtisadi sahədə əlavə dəyər qazandırar. Aİ-nin investisiya, texniki yardım və qanunvericilik harmonizasiyası, gömrük islahatları, nəqliyyat standartlarının tənzimlənməsi kimi sahələrdə dəstəyi, Azərbaycanın tranzit-dövlət kimi statusunu möhkəmləndirər. Bu da ölkənin regional önəmini artırar, həm də xarici investorların etibarını təmin edər. Qısacası, dördtərəfli formatın reallaşması Azərbaycan üçün geosiyasi, iqtisadi və strateji baxımdan əhəmiyyətli üstünlüklər vəd edə bilər. Bu format yalnız tranzit və nəqliyyat baxımından deyil, həm də regional inteqrasiya, sülh, sabitlik və uzunmüddətli inkişaf üçün platforma yarada bilər.
Hikmət Həsənov