Gürcüstan: Rusiya ilə normal münasibətlər yalnız işğal faktı başa çatdıqdan sonra mümkündür

Gürcüstan Parlamentinin Xarici İşlər Komitəsinin rəhbəri Nikoloz Samxaradze bildirib ki, Rusiya Abxaziya və Sxinvali bölgəsindən qoşunlarını çıxarana və Gürcüstanın ərazi bütövlüyünü tanıyana qədər Tbilisinin Moskva ilə diplomatik münasibətləri bərpa etməyəcək.
Təhlil.az xəbər verir ki, Nikoloz Samxaradze bildirib: “Gürcüstan hökumətinin açıq şəkildə bildirdiyi siyasəti var: Gürcüstan əraziləri işğaldan azad edilənə qədər, Rusiya işğalçı qoşunlarını Abxaziya və Sxinvali bölgəsindən çıxarana qədər Rusiya ilə heç bir diplomatik münasibət və ya siyasi dialoq olmayacaq. Rusiya Xarici İşlər Nazirliyinin bunun Saakaşvilinin siyasətinin davamı olduğu barədə açıqlamasına gəldikdə isə, bu, Saakaşvilinin, Şevardnadzenin və ya başqasının siyasəti deyil. Ölkənin işğaldan tamamilə azad edilməsi və ərazi bütövlüyünün bərpa edilməsi Gürcüstan dövlətinin marağındadır. Rusiya bu prosesə mane olur. İşğalçı tərəf - Gürcüstan ərazisini nəzarətdə saxlayan Rusiyadır. Buna görə də, əgər Rusiya Gürcüstanla normal diplomatik münasibətlər istəyirsə, qoşunlarını çıxarmalı və Gürcüstanın ərazi bütövlüyünü tanımalıdır. Bu, bizim cavabımızdır və Rusiya bunu çoxdan yaxşı bilir”.