Ekspert: “Minsk qrupunun missiyası bitdi, çünki əsas məqsədi iflasa uğradı” - AÇIQLAMA

ATƏT-in Minsk qrupunun fəaliyyəti faktiki olaraq başa çatıb və qurum təkcə fiziki deyil, həm də siyasi-mənəvi baxımdan mövcudluğunu itirib.
Bu fikri təhlil.az saytına müstəqil ekspert, BMT İDP-nin Azərbaycandakı layihələrinin keçmiş rəhbəri Çingiz Məmmədov açıqlamasında bildirib.
Onun sözlərinə görə, Minsk qrupunun 28 illik fəaliyyətsizliyi bəziləri tərəfindən diplomatik uğursuzluq kimi göstərilsə də, əslində bu, Azərbaycan üçün xeyirli nəticə olub:
“Minsk qrupunun əsas məqsədi bəyan edilən vasitəçilik missiyası deyil, Ermənistanın Qarabağdakı işğalını legitimləşdirmək idi. Onlar bu çirkin məqsədlərinə çata bilmədilər və bu, Azərbaycanın siyasi iradəsi və hərbi gücü sayəsində mümkün oldu”.
Ekspert bildirib ki, hazırkı geosiyasi reallıqlar fonunda Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni dövr başlayır.
Onun fikrincə, Azərbaycan tərəfindən səslənən son açıqlamalar Avropaya ciddi siyasi mesaj idi:
“Prezidentin köməkçisi Hikmət Hacıyev açıq şəkildə bildirdi ki, Aİ öz ideoloji stereotiplərinə bağlı qalmaqla regiondakı proseslərə müsbət təsir imkanlarını itirir. Avropa reallığı görməli və qərəzsiz mövqe sərgiləməlidir”.
O qeyd edib ki, Aİ üzvü olan bəzi ölkələr – xüsusilə Fransa, Niderland, Belçika və Lüksemburq – Cənubi Qafqazdakı proseslərə yanlış prizmadadan yanaşır:
“Əgər Avropa real təsir gücünə malik olmaq istəyirsə, Zəngəzur dəhlizinin yalnız Azərbaycan və Türkiyənin deyil, Ermənistanın və hətta Aİ-nin maraqlarına xidmət etdiyini qəbul etməlidir”.
Ekspert bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın son bəyanatları da bu reallığın dərk olunması ilə bağlıdır:
“Paşinyan erməni cəmiyyətini “mifoloji Ermənistan” anlayışından uzaqlaşdırıb real geosiyasi məntiqlə hərəkət etməyə çağırır. Ermənistan blokadadan çıxmaq və iqtisadi dirçəliş üçün yeni regional imkanlara möhtacdır”.
Ç.Məmmədov hesab edir ki, Bakı Avropa İttifaqını doğru strategiyaya yönləndirsə də, qərarvermə mexanizmi Avropanın öz əlindədir:
“Azərbaycan Aİ-yə tövsiyə və çağırışlar edir, lakin yekun qərarı Brüssel verməlidir. Avropa stereotiplərdən imtina edib reallığa qayıtsa, region proseslərinə müsbət təsir göstərə bilər”.
Rasim Babayev