02 dekabr

Sülh və inkişafa xidmət edən əməkdaşlıq formatı - TƏHLİL

Azərbaycanla Ermənistan arasında sülh prosesinin əhəmiyyətli dərəcədə irəliləməsi regionda çoxtərəfli əməkdaşlıq formalarını yenidən aktuallaşdırıb. Bu kontekstdə ən çox müzakirə edilən təşəbbüslərdən biri də “3+3” əməkdaşlıq formatıdır və bu çərçivədə növbəti görüşün Bakıda keçirilməsi gözlənilir.

İkinci Qarabağ müharibəsindən sonra bölgədə sabitlik və davamlı inkişafın təmini üçün irəli sürülən bu təklif son illərdə regional təhlükəsizlik və iqtisadi inteqrasiya baxımından xüsusi aktuallıq qazanıb. 2021-ci il dekabrın 10-da təsis olunan bu regional məsləhət mexanizmi çərçivəsində indiyə qədər Moskva, Tehran və İstanbul şəhərlərində üç görüş keçirilib. Növbəti görüşün məhz Azərbaycanda keçirilməsi isə ölkəmizin regiondakı roluna və təşəbbüslərinə tamamilə uyğundur. Bu kontekstdə vacib məsələlərdən biri tədbirin gündəliyinin düzgün formalaşdırılması, bütün iştirakçı dövlətlərin maraqlarını əhatə edən məsələləri müzakirəsi və əldə olunan razılaşmaların real əməkdaşlığa çevrilməsidir.

“3+3” əməkdaşlıq formatı yalnız Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün nəzərdə tutulmayıb. Bu format bütün iştirakçı ölkələrin ortaq əməkdaşlıq gündəliyinin formalaşdırılması məqsədi daşıyır. Təşəbbüs daha geniş miqyasda siyasi dialoq, iqtisadi əməkdaşlıq, nəqliyyat, enerji layihələri və təhlükəsizlik məsələlərinin koordinasiyasına imkan yaradır.

Eyni zamanda, altı ölkənin əməkdaşlığı onların ümumi potensialını bir araya gətirərək yeni iqtisadi imkanlar açır. Formatın iştirakçıları – Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan və Gürcüstan enerji resursları, nəqliyyat şəbəkəsi və coğrafi yerləşmə baxımından Avrasiyada strateji çəkisi olan ölkələrdir. Bu ölkələrin ümumi iqtisadi potensialı təxminən 3 trilyon dollara yaxındır ki, bu da kifayət qədər böyük göstəricidir. Hazırda dünya neft ehtiyatlarının 14,7 faizi, təbii qaz ehtiyatlarının 42,1 faizi bu ölkələrin payına düşür. Azərbaycan, Rusiya və İranın enerji resurslarının, Türkiyə, Gürcüstan və Ermənistanın filiz və mineral ehtiyatlarının birgə istifadəsi yeni sənaye və enerji layihələrinin reallaşmasına imkan yarada bilər.

Qeyd edilənlər yeni formatın yalnız siyasi və təhlükəsizlik deyil, iqtisadi cəhətdən də geniş imkanlar vəd etdiyini göstərir. Region ölkələri arasında ticarətin genişlənməsi, sərmayə axınının yüksəlməsi, yeni sənaye və enerji layihələrinin reallaşdırılması mümkün dividendlər sırasındadır.

Yeni nəqliyyat-kommunikasiya marşrutlarının reallaşdırılması baxımından da “3+3” formatı yaxşı perspektivlər vəd edir. Xüsusilə bu ilin avqust ayında Zəngəzur dəhlizinin açılması ilə bağlı Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə olunmuş mühüm razılaşmalar regionun bütün ölkələri üçün də üstünlüklər yaradır. İndiyədək Moskva, Tehran və İstanbulda aparılan müzakirələr göstərib ki, “3+3” formatının reallaşması üçün regiondakı bütün kommunikasiya və nəqliyyat xətlərinin bərpası, o cümlədən Zəngəzur dəhlizinin açılması əsas şərtlərdəndir. Bu dəhliz yalnız Azərbaycan üçün deyil, ümumilikdə, region ölkələri arasında nəqliyyat və ticarət əməkdaşlığının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Qeyd edilən marşrutun Avrasiya boyunca yükdaşımaları sürətləndirəcəyi, Rusiya-Türkiyə-İran xəttində yeni iqtisadi münasibətlərə zəmin yaradacağı, Ermənistanın Aralıq və Qara dəniz limanlarına çıxışını təmin edəcəyi, həmçinin İranla əlaqələri genişləndirəcəyi şübhəsizdir. Ermənistanın son aylardakı davranışları göstərir ki, rəsmi İrəvan bu imkanlardan mümkün qədər yararlanmağa çalışır. Qarşı tərəf regiondakı yeni geosiyasi şərtləri qəbul edərək, blokadadan çıxmağa və iqtisadiyyatını bərpa etmək üçün geniş perspektiv qazanmağa çalışır.

Cənubi Qafqazın ən güclü iqtisadiyyatına, geniş nəqliyyat infrastrukturuna malik Azərbaycan bu gün regionda həlledici aktor kimi çıxış edir. Reallaşdırılan yeni layihələr – Şərq-Qərb və Şimal-Cənub dəhlizləri Azərbaycanın tranzit qovşağı kimi əhəmiyyətini artırır. Bu imkanlar “3+3” platformasının praktik nəticələr verməsində vacib rol oynaya bilər.

Hazırkı şəraitdə “3+3” formatının aktivləşməsi Cənubi Qafqazda uzun illər davam edən qarşıdurma dövrünün başa çatmaq üzrə olması ilə şərtlənir. Təhlillər göstərir ki, bu formatda əməkdaşlıq iqtisadi perspektivlər üçün yeni qapılar açır. Azərbaycanla Ermənistan arasında sülh prosesinin irəliləməsi və kommunikasiyaların açılması bu ideyanın reallaşması üçün əlverişli şərait yaradır.

MTM Analitik Qrupu

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?